Məhkəmə qərarları › İş №e-2-2(113)-7976/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7976/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7976/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, borc tələbi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11,351.95 manat borcunun və ödənilmiş 124,10 manat dövlət rüsumunun - cəmi 11,476.05 manat məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında SO 24/713 nömrəli, xx.xx.2024-cü il tarixli “Məhsulların” alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 11,351.95 manat məbləğində olan borcu hazırkı vaxtadək cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ın Cavabdeh MMC tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” da bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəfindən cavabdehə: 1) 11533329 saylı, xx.xx.2025-ci il tarixli; 2) 10238414 saylı, xx.xx.2025-ci il tarixli; 3) 10890505 saylı, xx.xx.2025-ci il tarixli; 4) 11723809 saylı, xx.xx.2025-ci il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC (satıcı) Cavabdeh MMC (alıcı) ilə arasında bağlanmış SO 24/713 nömrəli, xx.xx.2024-cü il tarixli məhsulların alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı" “alıcı"nın sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə bu müqavilə əsasında malı qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Məhsulların siyahısı, çeşidi, adı və onların qiymətləri “Şirkət” tərəfindən “Müştəri’yə təqdim edilən qiymətlər elektron qaimə-fakturada öz əksini tapır. Məhsulların qiymətlərində dəyişiklik olduqda, “Şirkət” tərəfindən “Müştəri”yə yeni elektron qaimə faktura təqdim edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının müraciəti əsasında onun sifarişini bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları alıcıya əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında malların təhvil-qəbul aktı əsasında verir və alıcının özü və ya səlahiyyətli nümayəndəsi elektron malların təhvil-qəbul aktını imzalamaqla onları qəbul edir. 2.10-cu bəndə əsasən “alıcı” “satıcı”dan təhvil aldığı paletlərin yararlı vəziyyətdə saxlanılmasını və mühafizəsini təmin etməlidir. “atıcı”nın ilk tələbinə əsasən qarşılıqlı olaraq təsdiq edilən sayda istifadə edilməyən paletlər “satıcı”nın göndərdiyi nəqliyyat vasitəsinə geri qaytarılmalıdır. Ay ərzində göndərilən paletlər satıcının tələbinə əsasən ən geci 3 (üç) ay ərzində “alıcı” tərəfindən satıcıya geri qaytarılmalıdır. 3 (üç) ay ərzində geri qaytarılmayan paletlərin sayı barədə “satıcı” tərəfindən “alıcı”ya məlumat veriləcək və paletlərin sayı nəzərə alınmaqla onların dəyərinin ödənilməsi üçün bazar qiymətinə uyğun olaraq alıcıya hesab-faktura göndəriləcəkdir. Alıcı satıcı tərəfindən ona göndərilən həmin hesabfakturanı 3 gün müddətində satıcıya ödəməlidir. 3.1-ci bəndə əsasən satılmış məhsulun dəyəri alıcı tərəfindən satıcının hesablaşma hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin satıcının hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri satıcıya vaxtında ödənilmədikdə alıcının yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. 3.2-ci bəndə əsasən bu müqavilə üzrə “satıcı" tərəfindən “alıcı”ya təklif edilən malların ilkin (baza) qiyməti "alıcı"ya təqdim edilən qiymət cədvəlində (price list) öz əksini tapır. Tərəflər sonradan ortaya çıxan istehsal, satış, təchizat, marketinq, məhsulun həcmi, qiymət rəqabəti, çatdırılma üsulu və yerinin müxtəlifliyi nəzərə alaraq malların son satış qiymətlərini Əlavə Razılaşma ilə (1 saylı Əlavə) dəyişdirmək hüququna malikdir. 3.6cı bəndinə əsasən "satıcı” tərəfindən göndərilən elektron-qaimə fakturanın təsdiqlənməsi borcun yaranmsı üçün əsasdır. Satış qiymətlərinə şərti dəyişikliklərin razılaşdırılması barədə 01 nömrəli Əlavə razılaşmanın 2-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilə üzrə satılacaq malların yekun qiyməti X3 razılaşdırılan şərtlərin alıcı tərəfindən sahibkarlıq fəaliyyətinin gedişatı ərzində icrası vəziyyətinə uyğun olaraq Satıcı tərəfindən verilən elektron qaimə fakturalarda müəyyənləşdiriləcəkdir. X3 bəyan edilən şərtlərin dairəsi məhdud olmamaqla tərəflərin əməkdaşlıq etdiyi müddət ərzində ortaya çıxan yeni əməkdaşlıq şərtləri ilə dəyişdirilə bilər. 19 mart 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən dəyəri 11 102,96 manat olan 08 adda mal, 26 mart 2025-ci il tarixli akta əsasən dəyəri 120,55 manat olan 01 adda mal, 02 aprel 2025-ci il tarixli akta əsasən dəyəri 36,67 manat olan 01 adda mal, 08 aprel 2025-ci il tarixli akta əsasən dəyəri 91,97 manat olan 01 adda mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. MT2503 seriyalı, 11723809 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 120.5488 manat, MT2504 seriyalı, 10238414 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 36.67 manat, MT2504 seriyalı, 10890505 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 91.9692 manat olan elektron qaimə-fakturalar ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. 22 aprel 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin şirkətə xx.xx.2025-ci il tarixinə 11 223,31 manat borcu vardır. Akt İddiaçı MMC-nin nümayəndəsi Əmrahlı Vüqar və baş mühasib X2 imzaları və şirkətin möhürü ilə, Cavabdeh MMC tərəfindən Əliyev Cəmil adlı şəxs tərəfindən imza ilə təsdiq olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək 11351,95 manat məbləğində pul vəsaitinin 14 təqvim günü ərzində ödənilməsini xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********16 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 124,10 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, elektron qaimələr, təhvil-təslim aktları, üzləşmə aktı) öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh iddiaya qarşı etiraz etməmiş, heç bir münasibət bildirməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 11351,95 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 11351,95 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 124,10 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11 351 (on bir min üç yüz əlli bir) manat 95 (doxsan beş) qəpik və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat 10 (on) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar