Məhkəmə qərarları › İş №e-2-2(113)-798/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-798/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-798/2024 02.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli AS-34/2022 №-li alqı-satqı (xidmət) müqaviləsi üzrə malların qalıq dəyəri olan 29926 manat, 5386.68 manat ƏDV, pul öhdəliyinin icrasının 18 ay gecikdirilməsinə görə 2648,44 manat faiz, 200 manat mediasiya xərci, 3.89 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli AS-34/2022 №-li alqı-satqı (xidmət) müqaviləsinə görə alıcı (hazırkı iddia üzrə cavabdeh) mal-materialların (işlərin) müəyyənləşdirilmiş qiymətini ödəməyi, satıcı (hazırkı iddia üzrə iddiaçı) isə müəyyən olunmuş mal-materialları və görülmüş işləri alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (müqavilənin 1.1 bəndi). Müqavilənin 2.1-ci bəndinə görə mal-materialların (işlərin) təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlətin razılaşdırılması protokolunda göstərilir. Protokolda hər əşyanın (malın) və işlərin adı, miqdarı, qiyməti, habelə alıcı və satıcının rekvizitləri, müqaviləni imzalayan məsul şəxslərin adı, ata adı və soyadları göstərilir. Müqavilənin 3.1ci bəndinə görə bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi hesab-faktura əsasında aparılır. Alıcı müqavilə məbləğinin 100 faizini 3 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə 1 saylı Əlavəyə (xx.xx.2022-ci il tarixli Qiymətlərin razılaşdırılması protokoluna) əsasən tərəflər alqı-satqı predmeti olan malmaterialların: 1) bir ədədinin qiyməti 421 manat olan 70 ədəd LED Projector YG430(cəmi qiymət: 29470 MANAT); 2) bir ədədinin qiyməti 48,9 manat olan 40 ədəd 72 inch 16:9 HD Projector Screen(cəmi qiymət: 1956 MANAT)adlı avadanlıqların ƏDV daxil olmaqla yekun qiymətini 37082,68 MANAT razılaşdırıblar (31426 MANAT malların qiyməti və 5656.68 MANAT ƏDV). İddiaçı müqaviləyə 1 saylı Əlavəyə əsasən mallara görə 31426 MANAT, ƏDV-yə görə 5656.68 MANAT olmaqla, cəmi 37082.68 MANAT pulun ödənilməsi üçün xx.xx.2022-ci ildə cavabdehə EBBZ seriyalı 146544 №-li elektron qaimə təqdim edib. İddiaçı alqı-satqı predmeti olan malları xx.xx.2022-ci ildə cavabdehə təhvil verib və bu bardə həmin tarixdə tərəflər arasında təhvil-təslim aktı tərtib olunub. Cavabdeh ona təqdim olunmuş elektron qaimə üzrə malların yekun qiymətini 3 bank günü ərzində, yəni ən geci xx.xx.2022-ci ildə iddiaçının bank hesabına ödəməli olduğu halda (müqavilənin 3.1 bəndi), bu öhdəliyini vaxtında və lazımi qaydada icra etməyib, yalnız xx.xx.2023-cü ildə malın qiymətindən 1500 manat və 270 manat ƏDV ödəyib. Qalan 35312,68 MANAT borc (29926 MANAT əsas borc + 5386.68 MANAT ƏDV) 18 aydan artıq vaxt keçməsinə baxmayaraq tam ödənilməyib.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 26 may 2022-ci il tarixli AS- 34/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı mal materialların (işlərin) müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi, satıcı isə müəyyən olunmuş malmaterialların və görülmüş işlərin alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanır. Satıcı bu müqavilə qüvvədə olduğu müddət ərzində mal-materialları və görülmüş işlərin (xidmətlərin) alıcıya təhvil verməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən mal-materialların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan X2 göstərilir. Protokolda hər əşyanın və işlərin adı, miqdarı, qiyməti, habelə alıcı və satıcının rekvizitləri və bu müqaviləni imzalayan məsul şəxslərin adları, atalarının adları və soyadları göstərilir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən ödənişlər satıcının təqdim etdiyi hesabfaktura əsasında aparılır. Alıcı müqavilə məbləğinin 100 faizini (pulun ödəniş günü valyuta kurs fərqi 5 %-dən artıq olarsa, ödəniş yeni kursa görə yenidən hesablanacaq) 3 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Satıcı öz növbəsində ödənişi qəbul etdikdən 10 iş günü ərzində bu müqavilənin şərtlərinə əsasən malmaterialların (işlərin) müvafiq qaimə-faktura əsasında alıcıya təhvil verilməsini öz öhdəsinə götürür.

11. Müqaviləyə 1 saylı Əlavə 26 may 2022-ci il tarixli X1 görünür ki, bağlanmış müqaviləyə əsasən mal-materialların dəyəri tərəflər arasında ümumilikdə ƏDV daxil olmaqla 37082,68 manat dəyərində razılaşdırılmışdır.

12. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 08 iyul 2022-ci il tarixli A-163 nömrəli avadanlıqların təhvil-təslimi haqqında aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 37082,68 manat dəyərində mal-material təhvil verilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBBZ 146544 nömrəli xx.xx.2022-ci il tarixli 37082,68 manat məbləğində elektron qaimə göndərilmişdir.

14. İddiaçının ƏDV sub-uçot hesabından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına xx.xx.2023-cü il tarixli EBBZ 146544 nömrəli elektron qaimə əsasında 270 manat pul köçürülmüşdür.

15. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixli EBBZ 146544 nömrəli elektron qaimə əsasında 1500 manat pul ödənilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 26 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 29926 manat əsas borc, 5386.68 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.

28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 2648,44 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

32. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

33. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

34. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

35. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

38. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

39. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.

40. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə 500 manat pul ödənilmişdir.

41. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş ümumilikdə 203,89 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 29926 manat məbləğində əsas borc, 5386,68 manat ƏDV borcu, 2648,44 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, ödənilmiş 203,89 manat dövlət rüsumu, ümumilikdə 38665,01 (otuz səkkiz min altı yüz altmış beş manat bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar