Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-799/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024 tarixli BİO-xx/xx/2024 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 107355,01 AZN miqdarında borc məbləğini və ödənilmiş 411 AZN dövlət rüsumunu, hüquqi yardım üçün ödənilmiş 350 AZN məbləğin, ümumilikdə isə 108116,01 AZN onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC arasında xx.xx.2024 tarixli və BİO-xx/xx/2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini pestisidlərin, dezinfeksiya, dezinseksiya və s. kimi mallar təşkil etmişdir. Cavabdeh tərəfindən ümumilikdə 375924,50 AZN miqdarında mallar alınmışdır. Bu məbləğdən cavabdeh ümumilikdə 255274,50 AZN ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 120650 AZN təşkil edir. Öhdəliklərin icra edilməməsinə dair müddəalar AR Mülki Məcəlləsinin 22-ci fəslində öz əksini tapmışdır. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan təqdil edilmiş sənədlər əsasında baxılıb müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 12 fevral 2024-cü il tarixli Bio-xx/xx/2024 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı, müqavilə qüvvədə olduğu müddətdə, malları (pestisidlər, aqrokimyəvi maddələr, gübrələr, dezinfeksiya, deratizasiya və s.) Alıcının ona təqdim etdiyi Sifarişdə göstərilən miqdarda satmağı, Alıcı isə, həmin malları Satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edilərək almağı və qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə, mallar qaimə fakturalara əsasən göstərilən ünvanda Satıcı tərəfindən Alıcıya təhvil veriləcəkdir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən Alıcı, qaimə-fakturaya əsasən aldığı malın dəyərinin ödənilməsini əvvəlcədən köçürmə yolu ilə satıcının qeyd olunan bank hesabına və ya kassaya nağd şəkildə ödəməlidir. xx.xx.2024-xx.xx.2024 tarixlər aralığında İddiaçı MMC ilə Cavabdeh MMC arasında təsdiq olunmuş kontragent hesabatından görünür ki, dövrün sonuna borc qalığı 298213,70 manat olmuşdur. EBEH seriyalı, 663159 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 38764,62 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il MVqr5RJ1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 3385 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il MVeeJ081 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 5000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il MVHYOfn1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 28000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 24300 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 24500 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD8 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 11770 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 10000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD4 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 10000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 10000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 8000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD2 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 6000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD2 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 5000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 10000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 411 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, tərəflər arasında təsdiq edilmiş hesabat və s.) öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən məhkəmə icraatı zamanı borclu olduğu məbləğdən ödənişlər edilmiş, məhkəməyə ərizə təqdim olunaraq iddianı qəbul etdiyini bildirmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni təhvil aldığı malların dəyərindən 107355,01 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 107355,01 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 350 manat vəkil xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 411 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 12 fevral 2024-cü il tarixli BİO-xx/xx/2024 saylı alqı-satqı müqaviləsinə əsasən 107355 (bir yüz yeddi min üç yüz əlli beş) manat 1 (bir) qəpik əsas borc, hüquq xidmətinə görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 411 (dörd yüz on bir) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-799/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-799/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver