Məhkəmə qərarları › İş №e-2-2(113)-800/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-800/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-800/2022 10.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏDV daxil olmaqla 7224 manat məbləğində pul, 2020 manat məbləğində faiz, 100 manat məbləğində mediasiya xərci, 100 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul vəsaiti və 13 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarasınız. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan razılaşmaya əsasən iddiaçı müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuş, satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq 28293,89 manat məbləğində satılmış malın pulu hələ də ödənilməmişdir. Uzun müddət danışıqlardan sonra cavabdeh 21069,8 manat məbləğində hissəsini ödəmişdir. Lakin qeyd edilən borcun 7224,09 manat məbləğində hissəsi hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, malların bir qismi iddiaçıya geri qaytarılmışdır və bu aktlarla təsdiqini tapır. Həmin malların qiyməti çıxdıqdan sonra əsas borc üzrə tələb olunan məbləği qəbul edir, lakin faiz borcunun hesablanması ilə razı deyildir. Bundan başqa malların qaytarılması şirkətlər arasında aparılmış e-mail yazışmalarla da təsdiqini tapır. İş materiallarında olan: - 2 oktyabr 2019-cu il tarixli malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı - İddiaçı MMC bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcı – Cavabdeh MMC-yə təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib, müqavilənin 3.2-ci bəndində göstərilən şərtlərlə dəyərini ödəməyi öz öhdəsinə götürür. - EBAD seriyalı, 735389 saylı 12 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 27016,87 manat dəyərində mal, EBAD seriyalı, 422731 saylı 05 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 59485,12 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. - HBR seriyalı, 082386 nömrəli malların qaytarılması aktına əsasən dəyəri 128 manat, 528 manat, 47 manat, 51,514 manat, 87,539 manat, 65,188 manat və 141 manat, ümumilikdə 1048,24 manat məbləğində mal Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə qaytarılmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - ƏDV daxil olmaqla əsas borc 7224 manat məbləğində pul vəsaitinin; - 2020 manat faiz borcunun ödənilməsi. İddianın əsas borca dair hissəsinə cavabdehin etirazını alınmış malların bir hissəsinin qaytarılması təşkil edir və bu xüsusatı təsdiq edən subut kimi məhkəməyə aşağıdakı aktlar təqdim olunmuşdur: - HBR seriyalı, 082386 nömrəli malların qaytarılması aktı - HBR seriyalı, 082355 nömrəli malların qaytarılması aktı - 00043513 №-li mədaxil orderi (mal giriş fişi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. HBR seriyalı, 082386 nömrəli malların qaytarılması aktına əsasən ümumilikdə 1048,24 manat məbləğində malın geri qaytarılması təsdiqini tapır. Belə ki, həmin aktın “Təhvil aldım” hissəsində malların “Bayramov Rəsul” adlı şəxs tərəfindən alınması qeyd olunmuş və həmin şəxs tərəfindən imzalanmışdır. Bu xüsusat iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 1048,24 manat məbləğində təmin edilə bilməz və həmin məbləğ iddia tələbinin əsas bora aid hissəsindən çıxılmalıdır. HBR seriyalı, 082355 nömrəli malların qaytarılması aktın “Təhvil aldım” hissəsi imzalanmadığından bu sənədə malların qaytarılmasını təsdiq edən sübut kimi qiymət verilməsi mümkün deyildir. 00043513 №-li mədaxil orderi (mal giriş fişi) isə adından göründüyü kimi malların qaytarılmasını deyil, əksinə malın mədaxil olunmasını təsdiq edir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qərarda qeyd olunan hüquqi mövqeyi və 5 ay (cavabdeh tərəfindən son ödəniş 02 iyul 2021-ci il tarixində həyata keçirilmişdir) ərzində öhdəliyin icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilməyən pul vəsaitinin (6175,76 manat) illik 5%, yəni, hər ay üçün 25,8 manat hesablanmaqla ümumilikdə 129 manat mələğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 99 manat və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 6175,76 manat məbləğində əsas borc və 129 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6304,76 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Cavabdehnə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 99 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar