Məhkəmə qərarları › İş №e-2-2(113)-800/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-800/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-800/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2023-cü il tarixli, 84/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 3391,32 AZN, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş 200 AZN, ümumilikdə 3591,32 AZN pul məbləğinin Cavabdeh MMC-dən tutularaq "xxxx" GROUP MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2023-cü il tarixli, 84/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən X2 yeşik mallarını satmalı, Alıcı isə malı qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməli idi. Müqavilənin şərtlərinə İddiaçı MMC tərəfindən əməl olunsa da qarşı tərəf icrasından yayınmışdır. Belə ki, elektron qaimə əsasında müəyyən edilmiş ödənişlər tam olaraq ödənilməmişdir. Hal-hazırda HG GROUP MMC-nin 3391,32 AZN ödənilməmiş borcu vardır. Dəfələrlə HG GROUP MMC-nin rəhbərliyinə telefon vasitəsilə pulun ödənilməsi üçün müraciətlər nəticəsiz qalmışdır. Bununla bağlı 04 avqust 2023-ci il tarixdə cavabdehə pretenziya qaydasında müraciət edilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 01 iyul 2023-cü il tarixli, 84/2023 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan 2891,32 AZN, mediasiya təşkilatında barışıq sazişinin bağlanmasına görə ödənilmiş 85 AZN, dövlət rüsumunun ödənilməsinə görə 57 AZN, ümumilikdə, 3033,32 AZN pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 iyul 2023-cü il tarixli, 84/2023 saylı alqı-satqı müqaviləsi üzrə qaimə borcu 4594,92 (dörd min beş yüz doxsan dörd manat doxsan iki qəpik) olmuşdur. Cavabdeh tərəfindən borcdan qeyd olunan tarixlərdə bir neçə ödəniş edilmişdir: xx.xx.2023-cü il tarixdə 885 manat; xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ümumi 318,60 manat; xx.xx.2024-cü il tarixdə isə 500 manat. CƏMİ: 1703.60 manat. Qeyd olunan ödənişlər çıxıldıqdan sonra qaimə üzrə borc 2891,32 manat, mediasiya təşkilatında barışıq sazişinin bağlanmasına görə 85 manat, dövlət rüsumunun ödənilməsinə görə 57 manat xərclər hesablandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 3033,32 manatdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə 2023-cü il tarixində mütəmadi olaraq yeşiklər götürülmüşdür. 3 qaimə vardır. Cüzi miqdarda qalmışdır. Cavabdehin vergi sistemində sərəncamı olduğu üçün blok vardır və bunun səbəbi ilə ödəniş edə bilmirlər. Ödəniş edilməsindən boyun qaçırmırlar. Yanvar ayında ödəniş edilmişdir. Bundan əlavə qeyd edir ki, 7-8-ci aylarda iddiaçı ilə əlaqə saxlayıb ödənişi edəcəyəcəklərini bildiriblər. Lakin tələb edilən məbləğ düzgün deyildir. Yanvar ayında 500 manat bundan əlavə 159 manat ƏDV daxil ödənişləri olmuşdur. Cavabdehin iddiaçıya 659.30 manat ödənişi olmuşdur. Bundan sonra 2005 manat əsas borc və 382 manat ƏDV vorcu qalıb. Malların təhvil verilməsinə dair heç bir etirazı yoxdur.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 84/2023 saylı alqı-satqı müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən Alıcı hər partiya üzrə Satıcıdan alınacaq mallara dair sifariş verir və satıcı ilə razılığa gəlir.

13. Müqavilənin 2.1-ci bəndinə əsasən qiymət və ödəniş şərtləri Tərəflər arasında razılaşdırılır və Alış Sifarişində əks olunur.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən Bu müqavilə üzrə malın qiyməti hər partiya üzrə tərəflər arasında əvvəlcədən razılaşdırılaraq təqdim edilmiş elektron qaimə əsasında 100 faiz əvvəlcədən həyata keçirilir.

15. Müqavilənin 2.3-cü bəndinə əsasən Malların dəyəri bank köçürmə vasitəsi ilə ödənilir. Malların Qiymətinə bütün vergilər, sığorta xərcləri və Malların çatdırılması ilə bağlı bütün xərclər daxildir. ƏDV Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq ödənilir.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri kobud şəkildə pozduqda müqavilənin icrasından birtərəfli imtina etmək.

18. Müqavilənin 4.3-cü bəndinə əsasəb Alıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək.

19. Müqavilənin 4.4-cü bəndinə əsasən satıcıdan malı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək.

20. Müqavilənin 4.5-ci bəndinə əsasən Satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından birtərəfli imtina etmək və Satıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək.

21. 11.07.2023-cü il tarixli, EBDJ617000 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 1044,30 manat dəyərində, eyni tarixli, EBDJ617372 saylı e-qaiməyə əsasən 2506,32 manat dəyərində və EBDJ617225 saylı e-qaiməyə əsasən 1044,30 manat dəyərində elektron qaimələr göndərilmişdir.

22. 11.07.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə EBDJ617225 saylı e-qaimə üzrə 1500 ədəd, EBDJ617372 saylı e-qaimə üzrə 3600 ədəd və EBDJ617000 saylı e-qaimə üzrə 1500 ədəd plastik yeşiklər təhvil verilmiş və aktlar hər iki tərəfin (cavabdehin direktorunun) imzası ilə təsdiqlənmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

31. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli, 84/2023 saylı alqısatqı müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı satmağə, “Alıcı” isə həmin Malı qəbul edib və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh MMC-nin iddiaçıya müqavilə üzrə 2891,32 manat ödənilməmiş borcu qalmışdır.

32. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktı və cavabdehin nümayəndəsinin izahatı və tərəflər arasında baş tutmuş mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi (xx.xx.2023-cü il tarixli barışıq sazişində 3391,32 manat borc məbləği müəyyən edilmiş, həmin tarixdən sonra cəmi 500 manat ödəniş edilmişdir) ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2891,32 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2891,32 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2891,32 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

34. İddiaçı həmin cavabdeh MMC-dən mediasiya təşkilatında barışıq sazişinin bağlanmasına görə ödənilmiş 85 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

35. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qanunsuz və əsassızdır.

36. Belə ki, işdən də göründüyü kimi iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 85 manat pul məbləği hazırda məhkəmədə baxılan kommersiya işi üzrə deyil, tərəflər arasında müqavilədən irəli gələn borc tələbi üzrə mübahisəyə mediasiya prosesi həyata keçirilərkən ödənilmişdir və mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmışdır.

37. Belə olan halda mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 85 manat xərcin hazırkı iş üzrə məhkəmə xərci olaraq maraqlı şəxsdən tutulması üçün əsas yoxdur.

38. Bundan başqa iddiaçı tərəfindən 57 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutulması tələb olunmuşdur.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 49 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 84/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 2891,32 manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 49 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar