Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8020/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” LTD-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı “X1” LTD-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X1” LTD iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı “X2” LTD-nin xeyrinə AVRO 4,500 (dörd min beş yüz) məbləğində borc, 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumunun və 300 (üç yüz) manat məbləğində vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (“Cavabdeh”) ilə "X2" LTD (“İddiaçı”) arasında 01 mart 2024-cü il tarixli 24/169 saylı “Daşıma xidmətlərinin göstərilməsinə dair” Müqavilə (“Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Cavabdeh tərəfindən ona həvalə olunmuş yükün təyinat yerinə çatdırılması və ya yükün alınması üçün səlahiyyətli şəxsə çatdırılması, həmçinin Cavabdeh ilə razılaşdırılmış digər xidmətləri icra etməyi öz üzərinə götürmüşdür. İddiaçı və Cavabdeh arasında bağlanmış Müqavilə üzrə İddiaçı tərəfindən müvafiq xidmətlər göstərilmiş və Müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. İddiaçı tərəfindən daşıma İtaliyadan Azərbaycana həyata keçirilmiş, xidmətlərin qəbulu Cavabdeh tərəfindən 08 aprel 2024-cü il tarixli Təhvil-Təslim aktı əsasında təsdiq edilmişdir. Bildiririk ki, dəfələrlə şifahi və yazılı qaydada İddiaçının müraciətlərinə baxmayaraq, bugünədək Müqavilədən irəli gələnAVRO 4,500 (dörd min beş yüz) xidmət haqqı Cavabdeh tərəfindən İddiaçıya ödənilməmişdir. 08 aprel 2024-cü il tarixli Təhvil-Təslim aktı ilə yuxarıda qeyd olunan xidmət haqqını ödəmə öhdəliyinin mövcudluğu Cavabdeh tərəfindən təsdiq edilmişdir. Tərəflər arasında bağlanılan Müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərə görə Cavabdeh tərəfindən ödəmə Cavabdehə təqdim olunmuş hesabfakturalar, görülmüş işlərin aktları və əmtəə nəqliyyat sənədlərinə əsasən edilir. Bununla yanaşı, Müqavilənin 4.2-ci bəndinə əsasən, görülmüş iş müqabilində ödəmə, yük boşaldığı tarixdən etibarən 30 (otuz) gün sonra İddiaçıya edilir. Cavabdehə təqdim olunmuş xx.xx.2024-cü il tarixli hesab-faktura üzrə xidmət haqqı Müqavilənin 4.2-ci bəndində qeyd edilən tarixdən 30 gün keçməsinə baxmayaraq, hələ də ödənilməmişdir. Qeyd edək ki, Tərəflər arasında qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı ilk öncə Cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsini nəzərə alaraq, müxtəlif tarixlərdə elektron məktub formasında nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Müqavilə üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqqının vaxtında ödənilməməsi ilə bağlı Cavabdehə müraciətlər edilmiş, xx.xx.2025-ci il tarixində pretenziya məktubu təqdim edilmişdir. Lakin Cavabdeh borcunu hələ də ödəməmişdir. İddiaçı Cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun Cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən cəmi iki dəfə 1500 avro və 1050 avro məbləğində ödənişlər edilmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
7. Hazırkı iş üzrə iddiaçı Bolqarıstan Respublikasında qeydiyyatdan keçmiş “X1” LTD, cavabdeh isə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC şirkətləridir. Və mübahisə tərəflər arasında bağlanmış daşıma müqaviləsindən irəli gəlir.
8. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
9. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
10. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
11. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
12. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
14. Tərəflər arasında bağlanmış 01 mart 2024-cü il tarixli 24/169 saylı “Yük daşıma xidmətlərinin göstərilməsinə dair” Müqaviləsinin 8.3-cü bəndinə əsasən bu Müqavilənin Tərəfləri arasında yarana biləcək mübahisələrə, bilavasitə Tərəflər arasında onların maraqları maksimum nəzərə alınmaqla baxılır, və danışıqlar yolu ilə razılıq əldə edilmədiyi halda mübahisə Bakı şəhərində yerləşən mediasiya təşkilatları/müvafıq məhkəmələr vasitəsilə həll edilir. Bu halda Azərbaycan qanunvericiliyi tətbiq edilir.
15. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
16. “X1” LTD ilə Cavabdeh MMC arasında imzalanmış 01 mart 2024-cü il tarixli 24/169 saylı “Yük daşıma xidmətlərinin göstərilməsinə dair” Müqaviləyə əsasən:
17. Müqavilənin 1.1-ci bəndinə əsasən “Daşıyıcı” bu Müqavilənin şərtlərinə əsasən “Sifarişçi” tərərfındən ona həvalə olunmuş yükün təyinat yerinə çatdırılması və yükün alınması üçün səlahiyyətli olan şəxsə çatdırılmasına, həmçinin Sifarişçi ilə razılaşdırılmış digər xidmətləri öz üzərinə götürür.
18. Müqavilənin 1.2-ci bəndinə əsasən yükün çatdırılması haqqında xidmətlər “Sifarişçi” və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yükün çatdırılması haqqında Akt imzalandıqdan sonra qəbul edilmiş sayılır.
19. Müqavilənin 1.3-cü bəndinə əsasən “Sifarişçi” göstərilən xidmətlər müqabilində ödənişi bu Müqavilənin şərtlərinə uyğun etməyi öz üzərinə götürür.
20. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklərin daşınması və digər xidmətlər “Daşıyıcı” tərəfindən “Sifarişçi”nin sifarişi əsasında həyata keçirilir. “Sifarişçi”, “Daşıyıcı”ya yükün daşınmasını nəqliyyatın başlanmasından ən az 48 saat əvvəl sifariş etməlidir.
21. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərə görə “Sifarişçi” tərəfindən ödəmə “Daşıyıcı”ya təqdim olunmuş hesab-fakturalar, görülmüş işlərin aktları və əmtəə nəqliyyat sənədlərinə uyğun edilir;
22. Müqavilənin 4.2-ci bəndinə əsasən görülmüş iş müqabilində ödəmə, yük boşaldığı tarixdən etibarən 30 (otuz) gün sonra, “Daşıyıcı”ya edilir;
23. Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi”yə malların yüklənməsi/boşaldılması üçün 48 saat (qırx səkkiz) sərbəst vaxt verilir. Yükləmə/boşaltma zamanı yük maşınının gecikməsinə görə Sifarişçi hər əlavə günə “Daşıyıcı”ya 150 avro və ya 150 USD cərimə ödəməlidir.
24. Müqavilənin 4.4-cü bəndinə əsasən hər bir Tərəf müstəqil olaraq öz xidmət bankının bank komissiyalarının ödənilməsi ilə bağlı bütün xərclərini daşıyır;
25. Müqavilənin 4.5-ci bəndinə əsasən “Daşıyıcı” bütün vergiləri müstəqil olaraq ödəyir və “Sifarişçi”ni bütün vergilərin (cərimələr daxil olmaqla), korporativ vergi, gəlir vergisi, şəxsi gəlir vergisi, sosial təminat fonduna ayırmalar və hər hansı oxşar vergilər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq ödənilməsi və “Daşıyıcı”nın vergiyə cəlb və ya tətbiq edilən və əlaqələndirilən və ya hesablanan mənfəətinə və ya təklif olunan mənfəətinə görə, və ya işçilərə, subpodratçılara, “Daşıyıcf’nm nümayəndələrinə edilən ödəmələrin bütün məbləği ilə hesablanan və bu Müqavilənin icrası nəticəsində birbaşa və ya dolayısı ilə yaranan oxşar ödənişlər ilə bağlı bütün iddia və öhdəliklərdən qoruyur.
26. Müqavilənin 8.1-ci bəndinə əsasən bu Müqavilənin icrası ilə əlaqədar Tərəflərdə yarana biləcək bütün şikayətlər, onların səbəbi müəyyənləşdirilən andan etibarən 45 (qırx beş) təqvim günündən gec olmamaqla təqdim olunmalıdır.
27. Müqavilənin 8.2-ci bəndinə əsasən şikayət alan Tərəf aldığı şikayəti yoxlamağa öhdəlidir və mahiyyəti üzrə şikayət alman tarixdən 5 (beş) iş günündən gec olmamaqla cavab verməlidir və müqavilə öhdəliklərində yol verilmiş pozuntunu şikayət aldığı andan 30 (otuz) iş günündən gec olmamaqla düzəltməlidir.
28. Müqavilənin 8.3-cü bəndinə əsasən bu Müqavilənin Tərəfləri arasında yarana biləcək mübahisələrə, bilavasitə Tərəflər arasında onların maraqları maksimum nəzərə alınmaqla baxılır, və danışıqlar yolu ilə razılıq əldə edilmədiyi halda mübahisə Bakı şəhərində yerləşən mediasiya təşkilatları/müvafıq məhkəmələr vasitəsilə həll edilir. Bu halda Azərbaycan qanunvericiliyi tətbiq edilir.
29. 08 aprel 2024-cü il tarixli təsdiq aktına əsasən “X1” LTD tərəfindən Cavabdeh MMC-yə 7050 avro məbləğində daşıma xidməti təhvil verilmişdir. Yük göndərən tərəfindən təmin edilən nəqliyyat ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və müştərinin yük göndərənə heç bir etirazı yoxdur. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
30. “X1” LTD tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində 7050 avro məbləğində invoice göndərilmişdir.
31. 05.12.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “X1” LTD-nin hesabına 1050 avro məbləğində ödəniş edilmişdir.
32. Hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən “X1” LTD-nin hesabına xx.xx.2025-ci il tarixində 1500 avro məbləğində ödəniş edilmişdir.
33. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
36. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
37. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
38. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
39. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
40. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 01 mart 2024-cü il tarixli 24/169 saylı “Yük daşıma xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən “Daşıyıcı” bu Müqavilənin şərtlərinə əsasən “Sifarişçi” tərərfındən ona həvalə olunmuş yükün təyinat yerinə çatdırılması və yükün alınması üçün səlahiyyətli olan şəxsə çatdırılmasına, həmçinin Sifarişçi ilə razılaşdırılmış digər xidmətləri öz üzərinə götürür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri icra edilsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
41. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 4500 avro məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təsdiq aktı və qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 4500 avro borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
42. Beləliklə, məhkəmə hesab edir ki, cavabdеh Cavabdeh MMC-dən daşıma müqaviləsinə əsasən 4500 avro borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 300 manat məbləğində vəkil xərci və 111 manat dövlət rüsumu ödənilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Həmin Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 111 manat və vəkil xərcinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 4500 avro borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 111 manat və vəkil xərcinin əvəzi olaraq 300 manat tutularaq iddiaçı “X1” MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova