Məhkəmə qərarları › İş №e-2-2(113)-805/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-805/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-805/2025 17.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndələri X3, X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı müqavilənin ləğv edilməsi, cavabdehin öhdəliyi pozduğuna görə dəymiş ziyan kimi qabaqcadan ödənilmiş avans məbləğin 26544 manat pulun və 169,63 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 dekabr 2023-cü il tarixdə, cavabdeh fərdi sahibkar Cavabdeh2 ilə İddiaçı MMC arasında EYM-2023-0013 saylı müqavilə imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq, İddiaçı MMC cavabdeh fərdi sahibkar Cavabdeh2 1 saylı Əlavədə göstərilən mebel malları (bundan sonra “Mallar”) sifariş etmişdir. Həmin Müqavilənin 6-cı maddəsinin 6.1-ci bəndinin əsasən cavabdeh malların istehsalı zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunacağına və hazırki müqaviləyə uyğun malları təhvil verəcəyinə təminat vermişdir. Həmin Müqavilənin 6-ci maddəsinin 6.2-ci bəndinə əsasən cavabdeh təminat verir ki, çatdırılacaq malların hazırlanması və texniki sənədləşməsi hazırki Müqaviləyə uyğun şəkildə yerinə yetiriləcək. Həmin Müqavilənin 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən cavabdeh Müqavilə ilə müəyyən edilmiş vaxtda Malı iddiaçıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, iddiaçı cavabdehdən hər gecikdirilmiş gün üçün Müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Həmin Müqavilənin 8-ci maddəsinin 8.3-cü bəndinə əsasən cavabdeh bu Müqavilə ilə müəyyən olunmuş vaxtda Malı iddiaçıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, iddiaçının hüququ yaranır ki, malı üçüncü şəxsdən alsın və cavabdehdən mala görə ödənilmiş pulu geri alsın. Həmin Müqavilənin 9-cu maddəsinin 9.2-ci bəndinə əsasən mal uyğun gəlməsə iddiaçı maldan imtina edə bilər, bu halda cavabdeh .....iddiaçının tələbi ilə ödənilmiş məbləği vurulmuş zərərlə birgə dərhal iddiaçıya ödəməlidir. Tərəflər arasında imzalanmış Müqavilənin dəyəri 59 640 (əlli doqquz min altı yüz qırx) ƏDV daxil AZN təşkil edir. İmzalanmış Müqavilənin əlavələrinə əsasən Malların çatdırılma şərti 45 gün müəyyən edilmişdir. Müqavilənin 1 Saylı Əlavəsinə əsasən mallar aşağıdakılardan ibarətdir və cavabdeh tərəfindən təmin edilməli idi: “Vaterfall (Şəlalə)” – 1 ədəd; “Shoe box and Arc (ayaqqabı dolabı)” - 1 ədəd; “Reception furniture (qəbul otağın mebeli)” – 1 ədəd; “Snack bar furniture (bar mebeli)” – 1 ədəd; “İnteractive slope (interaktiv eniş yeri)” – 1 ədəd; “Locker (əşya saxlama şkafı)” – 1 ədəd. İmzalanmış Müqavilənin əlavələrinə əsasən cavabdeh işçi heyətin adlarını, əlaqə nömrələrini və digər zəruri məlumtları iddiaçıya bildirmişdir. Tenderin qalibi kimi iddiaçı cavabdehi seçmişdir. Hörmətli Məhkəmə! Nəzərinizə çatdırırıq ki, cavabdehə mallara görə xx.xx.2023-cü il tarixli, OD1 saylı ödəniş tapşırığına görə 29 820 (iyirmi doqquz min səkkiz yüz iyirmi) AZN və xx.xx.2024-cü il tarixdə isə 5964 (beş min doqquz yüzaltmış dörd) AZN pul şəklində cavabdehə ödənilmişdir. Cavabdehin nümayəndəsi Özgür bəylə aparılmış elektron yazışmalardan görünür ki, malları təhvil verməkdən boyun qaçırdırlar. Müqavilənin şərtinə görə Mallar 45 gün ərzində təhvil verilməli idi, lakin cavabdeh öz öhdəliklərini icra etməmişdir və mallar təhvil verilməmişdir. Qeyd olunan Mallar “Crescent Mall” ticarət mərkəzində yerləşən və iddiaçı tərəfindən idarə olunan “Hello Park” uşaq əyləncə mərkəzində yerləşdirilməli idi. Hello Park - sadə bir oyun meydançasından fərqli olaraq, hadisələrin insan təsəvvürünün qaydalarına uyğun inkişaf etdiyi bir məkandır. Park multimedia oyunları, fiziki qurğular və müxtəlif səhnələrdə təcəssüm olunmuş rəngarəng proyeksiyaları özündə birləşdirir. Burada bütün ailə əyləncəli vaxt keçirərək, multimedia oyunları ilə doğum gününü qeyd edə bilər – bu həm uşaqlara, həm də böyüklərə maraqlı olan bir yerdir. X5 və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak edəcəklərini və cavabdehin Malları təhvil vermədiyini nəzərə alaraq təcili olaraq ayrı Müqavilələrimizin olduğu iki şirkətlə razılığa gəldik. Cavabdehin öhdəlikləri ciddi şəkildə pozduğu üçün məcburiyyət qarşısında qalaraq İddiaçı MMC xx.xx.2022-ci il tarixli müqavilə əsasında çatışmayan Mallar üçün 6006.04 (altı min altı manat 04 qəpik) AZN-lik və 3800 (üç min səkkiz yüz) AZN-lik işi "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən isə 40600 (qırx min altı yüz) AZN-lik işi isə “X4” MMC-yə tapşıraraq qeyd olunan pul məbləğlərini ödəmişdir. Beləliklə iddiaçının ilkin müəyyən etdiyi 59 640 (əlli doqquz min altı yüz qırx) AZN-lik büdcənin qiyməti qalxaraq 110040 (bir yüz on min qırx) AZN-ə çatmışdır. Nəzərə alınsa ki, cavabdehə 35 784 (otuz beş min yeddi yüz səksən dörd) manat avans şəklində pul, "xxxx" MMC-yə 9 806.04 (doqquz min səkkiz yüz altı manat 04 qəp) pul və “X4” MMC-yə isə 40 600 (qırx min altı yüz) AZN pul ödənildiyi üçün iddiaçımın ümumi xərci 86 184.04 (səksən altı min yüz səksən dörd manat 04 qəpik) AZN-ə qədər artmışdır. Bu da öz növbəsində yuxarıda qeyd olunduğu kimi iddiaçının büdcəsi 59 640 (əlli doqquz min altı yüz qırx) manat nəzərdə tutulduğu halda, 26 544 (iyirmi altı min beş yüz qırx dörd min) manat əlavə ödəniş edilərək ümumi məbləğ artaraq 86 184.04 (səksən altımin yüz səksən dörd manat 04 qəpik) AZN-ə qədər çatmışdır. Bundan sonra tərəflər arasında dəfələrlə görüş keçirilmiş, ona borcla bağlı güzəştlər təklif edilmiş, lakin cavabdehin imkanı və ödəmə etmək niyyətində olmadığını bildirmişdir. Hal-hazırda cavabdehdən 26 544 (iyirmi altı min beş yüz qırx dörd min) manat pul şəklində ziyan dəydiyi üçün geri tələb edilir. xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu poçt vasitəsi ilə və 21.06.24-cü il tarixdə isə elektron kabinet vasitəsi ilə göndərilmişdir. Hazırki iddia ərizəsi tərtib edilnə qədər cavabdeh imzalanmış müqavilə üzrə öhdəliyi pozduğuna görə, ödənilmiş məbləğin bir hissəsini iddiaçıya dəymiş ziyan kimi qaytarmaq istəmir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı müqaviləsi üzrə öhdəliyi pozduğuna görə dəymiş ziyan kimi qabaqcadan ödənilmiş avans məbləğin 12845 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən pozulduğuna görə ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 63 (altmış üç) manat və 37 (otuz yeddi) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Əliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, rəylə razıdırlar, “locker” – 1 ədəd tam hazır vəziyyətdə iddiaçıya təhvil verilmiş, “Vaterfall (Şəlalə)” – 1 ədəd; - “Shoe box and Arc (ayaqqabı dolabı)” – 1 ədəd; - “Reception furniture (qəbul otağın mebeli)” – 1 ədəd hissədə işlər natamam icra edilmiş, “Snack bar furniture (bar mebeli)” – 1 ədəd ümumiyyətlə hazır edilməmiş, onlara təhvil verilməmişdir. Belə ki, hazır olan malların hamısı iddiaçı tərəfindən cavabdehdən alınmış, lakin həmin malların içərisində “Snack bar furniture (bar mebeli)” olmamışdır.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.Ələkbərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilənin ləğv edilməsini istəmir. Bundan əlavə, “Vaterfall (Şəlalə)” – 1 ədəd; - “Shoe box and Arc (ayaqqabı dolabı)” – 1 ədəd; - “Reception furniture (qəbul otağın mebeli)” – 1 ədəd hissədə işlərin əksər hissəsini icra etmiş, yalnız boya işi qalmış, “Snack bar furniture (bar mebeli)” – 1 ədəd hissədə tərəfindən əksər hissədə icra edilmiş, “İnteractive slope (interaktiv eniş yeri)” – 1 ədəd əksər hissəsi hazır edilmiş, lakin iddiaçı tərəfindən ona tamamlanması üçün vaxt verilməmiş, işi qəbul etməkdən imtina etmiş, hazırda həmin mal natamam halda özündədir, “locker” – 1 ədəd tam hazır vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Materiallarda olan rəylə razıdır. İş müqavilə üzrə 2024-cü ilin mart ayında yekunlaşmalı idi, lakin bir qədər gecikmələr olmuş (səbəbi isə onların başqa sifarişləri icra etməsi olmuşdur), 7 apreldə malların təhvil verilməsi ondan tələb edilmiş, hazır olan mallar iddiaçıya təhvil verilmiş (maşınla özü iddiaçı onları emalatxanadan gəlib aparmışdır), “İnteractive slope (interaktiv eniş yeri)” – 1 ədəd əksər hissəsi hazır edilsə də, iddiaçı tərəfindən qəbul edilməmişdir. Əlavə 10 gün möhlət istəsə də, ona vaxt verilməmiş, iddiaçı işin qalan hissəsini başqasına gördürmüşdür. Yeni icraçı da həmin işləri 25 günə bitirmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı alqı-satqı müqaviləsinə görə, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satır, alıcı isə onları alır.

9. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin ümumi dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilmişdir.

10. 05.12.2023-cü il tarixli əlavəyə görə müqavilə üzrə təhvil verilməsi razılaşdırlan malların ümumi məbləği 59640 manat təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə iddiaçı tərəfindən 29820 manat məbləğində pul (bağlanmış 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı alqı-satqı müqaviləsinə əsasən) cavabdehə ödənilmişdir.

12. xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə iddiaçı tərəfindən 5964 manat məbləğində pul (bağlanmış 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı alqı-satqı müqaviləsinə əsasən) cavabdehə ödənilmişdir.

13. İddiaçı (alıcı) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 08/22/01 nömrəli alqı-satqı müqaviləsinə görə, satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrindəki malları alıcının mülkiyyətinə verməyi, alıcı isə onları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

14. 27.05.2024-cü il tarixli, 08/22-09 nömrəli hesab fakturaya görə təhvil verilən malların ümumi məbləği 7087,13 manat (1081,09 manat ƏDV daxil olmaqla) təşkil edir.

15. 27.05.2024-cü il tarixli, 09 nömrəli malların təhvil-təslim olunması barədə akta görə təhvil verilən malların ümumi məbləği 7087,13 manat (1081,09 manat ƏDV daxil olmaqla) təşkil edir.

16. "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, MT2406 10086310 nömrəli 7087,13 manat məbləğində elektron qaimə təqdim olumuşdur.

17. İddiaçı (sifarişçi) ilə “X4” MMC (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 012/23 nömrəli alqı-satqı müqaviləsinə görə icraçı tərəfindən göstərilən xidmətlərin və işlərin növü, miqdarı, qiyməti, işlərin icra və təhvil müddəti bu müqaviləyə qoşulan və onun ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolları ilə rəsmiləşdirilir.

18. Müqavilənin 2.1-ci bəndinə görə icraçı sifarişçinin sifarişi əsasında və müqavilə çərçivəsində sifariş edilən malları vaxtında və əksiksiz olaraq təhvil verir.

19. Müqavilənin 3.2-ci bəndinə görə sifarişçi sifariş etdiyi malların vaxtında təhvil verilməsini icraçıdan tələb etmək hüququna malikdir.

20. “X4” MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2406 10176787 nömrəli 47908 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

21. 15.05.2024-cü il tarixli, SD012 nömrəli invosya görə müqavilə üzrə təhvil verilmiş malların cəmi məbləği 47908 manat (7308 manat ƏDV daxil olmaqla) təşkil edir.

22. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə müqavilə üzrə: 1 ədəd “waterfall” məhsulu yarımçıq təqdim edilmiş, 70%-3896 manatlıq iş görülmüş, 1 ədəd “shoe box and arc” məhsulu yarımçıq təqdim edilmiş, 90%-6993 manatlıq iş görülmüş, 1 ədəd “reception furniture” məhsulu yarımçıq təqdim edilmiş, 90%- 4515 manatlıq iş görülmüş, 1 ədəd “snack bar furniture” məhsulu yarımçıq təqdim edilmiş, 50%-2730 manatlıq iş görülmüş, 1 ədəd “interactive slope” məhsulu ümumiyyətlə təqdim edilməmiş (qiymət 29295 manat), 1 ədəd “locker” məhsulu tam təqdim edilmişdir (qiymət 7035 manat). Cavabdeh2 ödənilmiş 35784 AZN avansdan 11066 AZN tamamlanmamış işə və digər şirkətlərə ödədiyi məbləğlərə görə 15478 AZN dəmiş zərər kimi, ümumilikdə 26544 AZN pul tələb olunur.

23. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə müqavilə üzrə: 1 ədəd “waterfall” məhsulu yarımçıq təqdim edilmiş, 70%-3896 manatlıq iş görülmüş, 1 ədəd “shoe box and arc” məhsulu yarımçıq təqdim edilmiş, 90%-6993 manatlıq iş görülmüş, 1 ədəd “reception furniture” məhsulu yarımçıq təqdim edilmiş, 90%- 4515 manatlıq iş görülmüş, 1 ədəd “snack bar furniture” məhsulu yarımçıq təqdim edilmiş, 50%-2730 manatlıq iş görülmüş, 1 ədəd “interactive slope” məhsulu ümumiyyətlə təqdim edilməmiş (qiymət 29295 manat), 1 ədəd “locker” məhsulu tam təqdim edilmişdir (qiymət 7035 manat). Cavabdeh2 ödənilmiş 35784 AZN avansdan cavabdeh tərəfindən görülmüş 24718 AZN məbləği çıxdıqdan sonra ödədiyimiz avansdan 11066 AZN tamamlanmamış işə görə pul tələb olunur.

24. "xxxx" MMC tərəfindən verilmiş 27 iyul 2025-ci il tarixli, CVN/İ 41-246/25 nömrəli mütəxəssis rəyinə əsasən tərəflər arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, EYM- 2023-0013 saylı müqavilə və onun əlavələri üzrə cavabdeh tərəfindən icra edilmiş işlərin bazar dəyəri “Vaterfall (şəlalə) 1 ədəd 5400 manat, “shoe box and arc (ayaqqabı dolabı) 1 ədəd 4800 manat, “reception furniture (qəbul otağın mebeli) 1 ədəd olmaqla 4500 manat, “snack bar furniture (bar mebeli)” 1 ədəd olmaqla 5000 manat, “interactive slope (interaktiv eniş yeri) 1 ədəd olmaqla 24500 manat olmaqla ümumilikdə 44200 manat təşkil edir. “Vaterfall (şəlalə) üzrə tamamlanma faizi 80%, tamamlanan işin dəyəri 4320 AZN, qalan işin dəyəri 1,080 AZN, “shoe box and arc (ayaqqabı dolabı) tamamlanma faizi 95%, tamamlanan iş dəyəri 4275 AZN, qalan iş dəyəri 225 AZN, “snack bar furniture (bar mebeli)” tamamlanma faizi 70%, tamamlanan iş dəyəri 3500 AZN, qalan iş dəyəri 1500 AZN, “interactive slope (interaktiv eniş yeri) tamamlanma faizi 60%, tamamlanan iş dəyəri 14700 AZN, qalan iş dəyəri 9800 AZN təşkil edir. Ümumilikdə icra edilməyən işçilik və materialların dəyəri 12845 manat təşkil edir.

25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

26. Belə ki, məhkəmə tərəfindən işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında 04 dekabr 2023-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 35784 manat vəsait ödənilmiş, müqavilə üzrə hazırlanmalı olan mallardan: “Vaterfall (Şəlalə)” – 1 ədəd; “Shoe box and Arc (ayaqqabı dolabı)” – 1 ədəd; “Reception furniture (qəbul otağın mebeli)” – 1 ədəd; “Snack bar furniture (bar mebeli)” – 1 ədəd natamam hazır vəziyyətdə, “locker” – 1 ədəd tam hazır vəziyyətdə iddiaçıya təhvil verilmiş, müqavilə üzrə hazır edilib iddiaçıya təhvil verilməli olan “İnteractive slope (interaktiv eniş yeri)” – 1 ədəd iddiaçıya təhvil verilməmiş, natamam hazır vəziyyətdə hazırda cavabdehdədir.

27. Məhkəmə tərəfindən hazırkı iş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirici ekspertizasının rəyi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

28. Belə ki, həmin rəyə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya natamam vəziyyətdə təhvil verilmiş mallardan “Vaterfall (Şəlalə)” – 80 faiz hissədə; “Shoe box and Arc (ayaqqabı dolabı)” – 95 faiz hissədə; “Reception furniture (qəbul otağın mebeli)” – 95 faiz hissədə; “Snack bar furniture (bar mebeli)” – 70 faiz hissədə icra edilmişdir.

29. Rəydə göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə müqavilədə razılaşdırılmış qiymətlər əsas götürülməklə “Vaterfall (Şəlalə)” ilə bağlı 4240 manat; “Shoe box and Arc (ayaqqabı dolabı)” ilə bağlı 7030 manat; “Reception furniture (qəbul otağın mebeli)” ilə bağlı 4085 manat; “Snack bar furniture (bar mebeli)” ilə bağlı 3640 manat, “locker” ilə bağlı 6700 manat, ümumilikdə 25695 manat ödənilməli olduğu halda, 35784 manat ödənilmişdir.

30. Cavabdeh tərəfindən ona qabaqcadan ödənilmiş 5463,90 manat (35784 manat – 25695 manat) vəsait müqabilində hər hansı iş icra edilməmişdir.

31. Bu səbəbdən göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. İddiaçı “İnteractive slope (interaktiv eniş yeri)” – 1 ədəd işin cavabdeh tərəfindən ona təhvil verilmədiyini, cavabdeh isə həmin natamam vəziyyətdə olan malın iddiaçının qəbul etməkdən imtina etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

33. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin iş icraçısı olan (müqavilənin əlavəsinə əsasən istehsalat müdiri) Özgür Akınla olan vatsap yazışmalarından görünür ki, adı çəkilən malın ən önəmli olduğu, təcili həmin malın hazır karkasının təhvil verilməsi tələb edilmiş, hazır olduğu halda yük maşının göndərilməsi təklif edilmişdir.

34. Göründüyü kimi, iddiaçı həmin malı qəbul etməkdən imtina etməmişdir.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin iş iddiaçı tərəfindən başqasına - xx.xx.2023-cü il tarixli 012/13 saylı müqavilə əsasında icraçı “X4” MMC-yə gördürülmüşdür (i.v. 57-64).

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

38. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

39. Bundan əlavə, iddia ərizəsində tərəflər arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, EYM-2023-0013 saylı müqavilənin ləğv edilməsi tələbi də irəli sürülmüşdür.

40. Materiallarda olan həmin müqavilənin 13.5-ci bəndinə əsasən müqavilə bir il müddətinə qüvvədədir.

41. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və müqavilə hazırda qüvvədə olmadığı üçün məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5463,90 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 74,64 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 25,36 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçıdan 69,63 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

45. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir.

46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 200 manat ekspertiza xərci cavabdehdən, 200 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 5463,90 manat məbləğində pul, 74,64 manat dövlət rüsumu, ümumilikdə 5538,54 (beş min beş yüz otuz səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı MMC-dən 69,63 (altmış doqquz manat altmış üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı MMC-dən 200 (iki yüz) manat və Cavabdeh2 200 (iki yüz) manat ekspertiza xərci tutularaq tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar