Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8056/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı avansın geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı avansın geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıdan alınmış 5817,40 manat avansın, hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 2 il üzrə 0,01% hesablanmaqla 424 manat məbləğində cərimənin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istehsal ehtiyacları üçün xx.xx.2023cü il tarixli 164280 nömrəli alış sifarişi ilə su soyutma qülləsi üçün duş rolunu oynayan 400 ədəd 32X16 ölçüdə Tangensial nozzilərin sifarişini cavabdeh ilə razılaşdırmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 15A/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçıya 59A/23 nömrəli hesab-faktura təqdim etmişdir. İddiaçı müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən xx.xx.2023-cü il tarixli 266 nömrəli ödəniş tapşırığı ilə 4930 manat malın dəyərini və 887.40 manat ƏDV-ni xx.xx.2023-cü il tarixli 267 nömrəli ödəniş tapşırığı ilə cavabdehə ödənilməsini təmin etmişdir. Malın dəyərini aldığı gündən 15-20 təqvim günü ərzində cavabdeh malı iddiaçıya çatdırmalı idi. İki ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh nə malı təhvil vermiş, nə də aldığı maliyyə vəsaitini geri qaytarmamışdır. Özlərinin həmin malı istehsal edə bilməyəcəklərini və başda yerdən tədarük edə bilməyəcəklərini bilərək qəsdən dələduzluğa (özgənin əmlakını və əmlak hüquqlarını aldatma və ya etibardan suiistifadə yolu ilə qanunsuz əldə etmə) yol vermişlər. Əlavə olaraq xx.xx.2024-cü il tarixində elektron poçt vasitəsi ilə aralarında borcu bir daha təsdiq edən üzləşmə aktı bağlanılmış və tərəflər tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində məhkəməyəqədər mübahisəli məsələnin həlli üçün pretenziya verilməsinə baxmayaraq cavabdeh pretenziyaya cavab verməmiş, aldığı maliyyə vəsaitini geri qaytarmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 567, 568.1, 569.1, 599.3, 599.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 15A/23 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən "Satıcı" "Alıcı"ya mal satır, “Alıcı” isə həmin Malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı"ya ödəyir. 2.1-ci bəndə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. 3.2.1-ci bəndə əsasən malı müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək; 3.2.4-cü bəndə əsasən "Alıcı”ya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar vermək satıcının vəzifələridir. 4.1-ci bəndə əsasən "Satıcı" Müqaviləyə uyğun olaraq "Alıcı" tərəfindən 100% ödəniş həyata keçirildikdən sonra 15-20 iş günü ərzində Malı "Alıcı"ya təhvil verməyi öhdəsinə götürür. 4.2-ci bəndə əsasən "Satıcı" Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədlər "Alıcı"ya təqdim etməlidir. 4.3-cü bəndə əsasən malın təhvil verilməsinin və "Alıcı"ya çatdırılmasının gecikdirilməsi halında "Satıcı" “Alıcı"ya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə ödəməlidir. 5.1-ci bəndə əsasən müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin 100%-i məbləği həcmində ödənişedildikdən və "Satıcı"nın təqdim etdiyi hesabfakturanı aldıqdan sonra 5 (rəqəmlə) beş (sözlə) igünü ərzində köçürmə yolu ilə həyata keçirir. 8.2-ci bəndə əsasən müqavilə xx.xx.2023-ci il tarixindən xx.xx.2024-ci il tarixinədək qüvvədədir. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 164280 nömrəli alış sifarişinə əsasən dəyəri 2900 USD olan, 400 ədəd 32X16 ölçüdə Tangensial nozzilər (soyutma qülləsi üçün) sifariş edilmişdir. Ödəniş edilməsi üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 59A/23 nömrəli, dəyəri 4930 manat əsas, 887,40 manat ƏDV olmaqla, cəmi 5817,40 manat olan hesab-faktura göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 266 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə əsas borc üzrə 4930 manat, xx.xx.2023-cü il tarixli, 267 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV borcu üzrə 887,40 manat məbləğində pul ödənmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixinə olan dövr üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC xx.xx.2024-cü il tarixinə qalıq borcunun 5817,40 manat təşkil etdiyini aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 78.17 manat, xx.xx.2025-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 5 manat olmaqla, cəmi 83,17 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən iddiaçıdan alınmış 5817,40 manat avansın geri qaytarılması, 2) Hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 2 il üzrə 0,01% hesablanmaqla 424 manat məbləğində cərimənin ödənilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə ki, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən malın dəyəri qabaqcadan ödənilsə də, cavabdeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən qabaqcadan ödəniş edilməsi iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, hesab-faktura, ödəniş tapşırıqları) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, pulun geri qaytarılmasına dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək dəyəri ödənilmiş malları iddiaçıya təhvil vermədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi məbləği geri tələb etmək hüququna malik olmasını, iddiaçının haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 5817,40 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 424 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyin icrasını gecikdirməsi işin faktiki halları təsdiq olunur və tərəflər arasında imzalanmış müqavilədə malların təhvil verilməsinin hər gecikdirilən günü üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur (4.3-cü bənd). Ona görə də, iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun əsaslı mənafeyini, həm də əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 424 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa məhkəmə, iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 83,17 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 5817 (beş min səkkiz yüz on yeddi) manat 40 (qırx) qəpik pul vəsaiti, 424 manat cərimə məbləği və ödənilmiş 83 (səksən üç) manat 17 (on yeddi) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8056/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8056/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver