Məhkəmə qərarları › İş №e-2-2(113)-807/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-807/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-807/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, cavabdeh “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Beer Art" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh MMC-dən ƏDV daxil 4787,26 manat borc məbləği tutulmasını, Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə borcun vaxtında qaytarılmamasına görə hesablanmış 1244 manat miqdarında cərimə tutulması, Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilmiş 82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RG118/2020 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən alqı-satqı predmeti olan texniki qaz məhsulları sifarişlərə uyğun olaraq vaxtında çatdırılmış, eləcədə balonların icarəsi ilə bağlı müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş öhdəliklər tam həcmdə yerinə yetirilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri, icarə haqqı hissəsində yerinə yetirməmiş və nəticədə "xxxx" MMC-yə ƏDV (18%) daxil 4787.26 manat borcu yaranmışdır. Bununla bağlı, cavabdehin əməkdaşlarının elektron poçt ünvanına dəfələrlə cavabsız qalan məktublar göndərilmişdir. Cavabdehə 20 iyun 2022-ci il tarixdə pretenziya məktubu kuryer vasitəsilə, 15 oktyabr 2022-ci il tarixdə isə onlayn kərgüzarlıq vasitəsilə təqdim edilmişdir. Bundan əlavə cavabdehlə mübahisənin sülh yolu ilə həll edilməsinə dair nəticəsi olmayan müzakirələr aparılmışdır. Sonradan cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmişdir. Hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak edərək əsas mediasiya sessiyasının keçirilməsindən imtina etmişdir. Cavabdeh MMC alqı-satqı predmeti olan qaz məhsullarını elektron qaimələri imza etməklə təhvil alıb dəyərini ödəmiş, lakin icarə haqqına dair hesab fakturaların və e-qaimənin gec verilməsini bəhanə edərək, dəyərini ödədiyi qazların daşınmasında istifadə olunan balonlara dair icarə haqqını ödəməkdən imtina etmişdir. Qazların alqısına dair eqaimələrdə qaz məhsullarının adı və daşınmasında istifadə olunan balonların nömrəsi və sayı açıq aydın göstərilmişdir. Cavabdehə ƏDV (18%) daxil 4142,98 manat icarə haqqı ilə bağı birinci hesab-faktura xx.xx.2021 il tarixdə (e-qaimə xx.xx.2021 il), ƏDV (18%) daxil 256,06 manat icarə haqqının ödənilməsi ilə bağı ikinci hesab-faktura xx.xx.2022 il tarixdə (e-qaimə xx.xx.2022 il), ƏDV (18%) daxil 388,22 manat icarə haqqının ödənilməsi ilə bağı üçüncü hesab-faktura xx.xx.2022 tarixdə (e-qaimə xx.xx.2022 il) təqdim edilmişdir. Qeyd olunan üç ədəd e-qaimədən birinci və ikincisi cavabdeh tərəfindən təstiq edilmiş, üçüncü e-qaimə isə təsdiq edilməyərək, xx.xx.2022 tarixdə geriyə düzəliş göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq isə izahatında bildirmişdir ki, qazların alqı-satqısına dair e-qaimələrdə qaz məhsullarının adı və daşınmasında istifadə olunan balonların nömrəsi və sayının göstərilmiş, yəni balonlar karbon qazla birlikdə “Beer Art" MMC-yə təhvil verilmiş, cavabdeh isə satılan karbon qazının pulunu ödəsə də, müqavilənin 2.5-ci bəndində göstərilən karbon qazın tarası hesab olunan balonların icarə haqqını ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Beer Art" MMC-nin nümayəndəsi, vəkil X3 iddianı qəbul etməyərək izahatında iddiaçının icarəyə verilmiş karbon qaz balonlarına görə icarə haqqını necə hesablaması və balonların icarəyə götürəndə tələb olunan vəsaitə mütənasib hansı müddətlərdə cavabdehdə qalması ilə bağlı sübutun təqdim edilmədiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəməmədən xahiş etmişdir. Bununla yanaşı izahatında “Beer Art" MMC-yə verilmiş karbon qazın tarası olan balonlarının hansı tarixlərdə "xxxx" MMC-yə geri qaytarılması və ümumiyyətlə icarəyə götürəndə hansı müddətlərdə qalması ilə bağlı sübutun olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli RG118/2020 nömrəli iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması haqqında protokolda qeyd olunan qaz məhsullarını, sifarişlərə uyğun olaraq “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malları təhvil aldıqdan sonra dəyərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci maddəsinə əsasən bu müqavilənin icrası zamanı “Beer Art" MMC-nin istəyinə uyğun olaraq "xxxx" MMC-yə, eləcə də, “Beer Art" MMC-yə aid balonlardan istifadə ediləcəkdir. Satıcıya aid balonlardan istifadə edildiyi təqdirdə, 1 günü 1 manat (ƏDV xaric) olmaqla icarə haqqı tətbiq edilir. Müqavilənin 3.2.5-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər gecikdirildiyi təqdirdə "xxxx" MMC-yə hər keçən təqvim günü üçün ödənilməyən məbləğin 0,1 faizi miqdarında cərimə ödəyir. 2020-ci ildən 2022-ci ilə kimi sistemə yüklənilmiş elektron qaimələrdən görünür ki, müqavilə üzrə nəzərdə tutulan karbon qazı “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 279148 nömrəli elektron qaimədən görünür ki, karbon balonlarının “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətində icarədə olduğu müddət ərzində 4142,98 manat həcmində "xxxx" MMC tərəfindən borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 675846 nömrəli elektron qaimədən görünür ki, karbon balonlarının “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətində icarədə olduğu müddət ərzində 256,06 manat həcmində "xxxx" MMC tərəfindən borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli 1941/21 nömrəli hesab-fakturadan görünür ki, karbon balonlarının “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətində icarədə olduğu müddət ərzində 256,06 manat həcmində "xxxx" MMC tərəfindən borc hesablanmışdır. 02 avqust 2022-ci il tarixli MŞB/6-4237 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC 60 manat məbləğində mediasiya xərci ödəmişdir. 16 dekabr 2022-ci il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiiaçı 22 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 700.1 və 700.2-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh “Beer Art" MMC arasında karbon qazının satışı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, sözügedən karbon qazı tarası hesab olunan balonlarda Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə alınan karbon qazının dəyərini iddiaçıya ödəmişdir. Göründüyü kimi, karbon qazı tarası olan balonlarda cavabdehə təhvil verilmiş, iddiaçı isə müqavilənin 2.5-ci bəndinə əsasən balonların cavabdehdə qaldığı müddət üçün icarə haqqı hesablanmış və ödəniləcək vəsaiti əks etdirən elektron qaiməni “Beer Art" MMC göndərsə də, balonların icarə haqqı ödənilməmişdir. Cavabdehin izahatında qeyd olunan balonların hansı müddətlərdə “Beer Art" MMCdə qalması ilə bağlı iddiaçı tərəfindən sübutun təqdim edilmədiyinə istinad etməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, karbon qazın tarası hesab olunan balonlarla cavabdehə təhvil verilməsi mübahisəsiz haldır, əgər “Beer Art" MMC hesab edirsə ki, balonlar onlarda daha az müddət ərzində qalıbsa, bunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh “Beer Art" MMC isə məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir (təhvil-təslim aktı və sair). Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi ƏDV daxil 4787,26 manat hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 112,74 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 81,24% təmin edildiyini, dövlət rüsumunun isə 80,32 (80,32x81,24%=65,25 manat) manat olduğunu nəzərə alaraq, hesab edir ki məhkəmə xərcləri təmin edilən tələbə mütənasib 60 manat mediasiya xərci və 5,25 manat dövlət rüsumu hissəsində təmin edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 4787,26 manat əsas borc, 112,74 manat cərimə, cəmi 4900 manat, həmçinin 60 manat mediasiya xərci və 5,25 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Beer Art" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 4787,26 manat əsas borc, 112,74 manat cərimə cəmi 4900 manat, həmçinin 60 manat mediasiya xərci və 5,25 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar