Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8072/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli müqavilə üzrə 2556,44 manat cərimə borcunun və hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. 2.2. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2019cu il tarixli 127-GL/19 nömrəli müqavilə üzrə 1880 manat gecikdirilmiş borcu və hesablanmış 2556,44 manat cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş məhkəmənin icraatında olduğu müddət ərzində cavabdeh tərəfindən gecikdirilmiş borc məbləği tam ödənilmişdir, ona görə də maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış cərimə məbləğlərinin tutulması tələb edilir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etmək üçün cavabdehə cari ilin oktyabr ayında mediasiya təklifi və pretenziya məktubu göndərmişdir. Məqsəd mediasiya mərhələsində qarşılıqlı razılıqla mövcud mübahisənin həlli idi. Cavabdeh də həmin təklifi qəbul etdikdən sonra iddiaçı ilə telefon əlaqəsi saxlamış, kənd təsərrüfatında çətinliklərin mövcud olması, maddi vəziyyətinin heç də yaxşı olmadığını, ancaq bütün bunlara baxmayaraq, pretenziya məktubunda göstərilən 127-GL/19 nömrəli müqavilə üzrə 1880 manat əsas, 2556,44 manat cərimə borcundan iddiaçı tərəfindən köməklik edilərsə, 1880 manat əsas borcu 1 ay ərzində tam ödəyərək bağlaya biləcəyini cavabdehə bildirmişdir. Nəticə etibarilə cavabdeh iddiaçının əməkdaşı ilə şifahi razılaşma əldə etmiş, hətta mediasiya sazişi bağlamağa da razılaşmışdır. Cavabdehin əməkdaşı onu da qeyd etmişdir ki, cavabdeh əsas borcu 1 ay ərzində tam ödəcəyi təqdirdə məhkəməyə verilməyəcək və borc sıfırlanacaqdır. Cavabdeh də əldə olunan şifahi razılığa uyğun hərəkət etmişdir. 26 noyabr 2024-cü il tarixdə qarşılıqlı razılıqda deyilən 1880 manat əsas borc məbləği tam ödənmişdir. 5.2. Lakin sonradan cavabdehə məhkəmədən bildiriş gəlmiş, bu zaman yenidən iddiaçı ilə əlaqə saxlanmış, lakin iddiaçının əməkdaşları narahat olmamasını qeyd etmişlər. Daha sonra məhkəmədən ikinci bildiriş gəlmişdir. İddiaçının qeyd etdiyi kimi onlar tərəfindən göndərilən mediasiya təklifi könüllü xarakter daşıyırdısa və həmin mərhələdə razılıq əldə olunduğu təqdirdə, məhkəməyə müraciət olunmayacaqdırsa, deyilən müddətdə ödəniş olunmağına baxmayaraq, iddiaçının məhkəməyə müraciət etməsi anlaşılan deyildir. Verilmiş iddiada iddia ərizəsinin cavabdehə çatdırılması göstərilsə də, ərizə çatdırılmamışdır. 5.3. Növbəti məqam isə odur ki, cavabdeh Şəki rayonunda yaşayır, Şəki rayonu Köbər Zəyzid kəndində pasport qeydiyyatındadır və fəaliyyət göstərdiyi ərazi də Şəki rayonu ərazisidir. İddiaçı isə Bakı şəhəri üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı burada ərazi aidiyyətini pozmuşdur.
6. İddiaya etirazda hüquqi əsas kimi hər hansı hüquq normasına istinad edilməmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə cərimə məbləğinin tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İş materiallarında olan sübutlara əsasən məhkəmə müəyyən edir ki, "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilələr ilə lizinq verən müvafiq olaraq ümumi məbləği 9600 manat (ilkin ödəniş məbləği 2880 manat olmaqla) dəyərində olan kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq 2880 manat dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aprıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə kənd təsərrüfatı texnikasının qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli müqavilə üzrə 1880 manat gecikdirilmiş borcu və hesablanmış 2556,44 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə (məhkəmə icraatının gedişində) 1880 manat ödəniş edərək lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin ümumi məbləğini tam ödəmişdir.
13. İddiaçı 2556,44 manat cərimə məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
14. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, tərəflər arasında şifahi razılıq olduğunu, həmin razılığa uyğun olaraq borcun ödənildiyini, həmçinin ərazi aidiyyəti qaydalarının pozulduğunu qeyd edir və iddianın rədd edilməsini xahiş edir.
15. Məhkəmə cavabdehin razılığın olması ilə bağlı arqumentlərinə münasibətdə göstərir ki, əvvəla, cavabdeh etirazının əsası kimi belə bir razılığın olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdehin əsas borcu ödəməsi əsas borcun gecikdirilməsi üçün dəbbə pulunun tələb edilməsinə maneə deyildir.
16. Ərazi aidiyyəti qaydalarının pozulmasına dair etirazda qeyd olunanlara münasibətdə məhkəmə əvvəla bildirir ki, cavabdeh işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmış vəsatəti ilə məhkəməyə müraciət etməmiş, etirazda ərazi aidiyyəti ilə bağlı məsələni ümumi qeyd etsə də, etirazın əsası kimi istinad etdiyi hallar iddianın rədd edilməsi istiqamətində olub məhz işə baxan məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Bu isə cavabdehin iradəsinin işin ərazi aidiyyəti üzrə göndərilməsi istiqamətində olması halını istisna etmişdir.
17. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli lizinq müqaviləsinin 8-ci hissəsinə əsasən tərəflərin lizinq müqaviləsindən irəli gələn mübahisələr üzrə Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəmə müraciət etmələrinə dair razılıq əldə etdiyi görünür.
18. xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
19. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafiklərdən aydın olur ki, cərimə məbləğləri 2020-ci ilin İ rübündən hesablanmağa başlamaqla xx.xx.2019cu il tarixli 127-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 2556,44 manat təşkil edir.
20. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
23. İş materialları əsasında müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, yalnız iş məhkəmənin icraatında olarkən əsas borcu ödəmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən məhkəmə icraatının gedişində lizinq müqaviləsi üzrə lizinq ödənişininin ümumi məbləği tam ödənilmiş, eləcə də məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən edilən ödəniş istisna olmaqla sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə olsa da, iddiaçı da uzun müddət sonra məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
24. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli müqavilə üzrə 100 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 100 manat cərimə məbləği Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
26. İddiaçı həmçinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
27. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığı və icra qeydindən görünür ki, 500 manat məbləğində pulun 5 saylı vəkil bürosuna 2022 nömrəli müqavilə üzrə ödənilmişdir.
28. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
30. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, büdcə təşkilatları məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azaddır.
31. İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi dövlət orqanı kimi büdcədən maliyyələşən təşkilat olduğundan dövlət rüsumu ödəməkdən azaddır.
32. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Hazırkı iş üzrə iddianın təmin olunan hissəsinə uyğun olaraq ödənilən dövlət rüsumu 2 manat təşkil etdiyindən məhkəmə bu qərara gəlir ki, iddiaçının ödəməkdən azad olduğu tələbin təmin olunan hissəsinə uyğun olaraq 2 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
34. Bundan başqa, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
35. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), əsas borcun məhkəmə icraatının gedişində xx.xx.2024-cü il tarixdə ödənildiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 127-GL/19 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə üzrə 100 manat cərimə məbləği Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, dövlət rüsumunun əvəzi olaraq 2 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova