Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8075/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AGS TÜRKAZ" MMC-dən 13326 (on üç min üç yüz iyirmi altı) manat məbləğində borc pulu və ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “AGS TÜRKAZ" MMC tərəfindən İddiaçı QSC məxsus müxtəlif növ spesifikasiyalara məxsus məhsulları (Polietilen borular) almışdır. İddiaçı QSC və cavabdeh "xxxx" MMC arasında polietilen boruların alqısatqısı haqqında xx.xx.2022-ci il tarixli 42/22 saylımüqavilə bağlanmışdır. Cavabdeh "xxxx" MMC xx.xx.2022-ci il tarixli 42/22 Saylı Müqaviləyə xx.xx.2022-ci il tarixli,EBCL №: 468901 seriyalı və nömrəli elektron qaiməyə əsasən 22575 (iyirmi iki min beş yüz yetmiş beş) manat əsas (ƏDV cəlb edilməyən), 4063.5 (dörd min altmış üç münat 50 qəpik) manat ƏDV (Vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 26338.5 (iyirmi altı min altı yüz otuz səkkiz 50 qəpik) manat məbləğində borcu İddiaçı QSC-ə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf borclarının bir hissəsini qaytarsa da bir hissəsi 12575 (on iki min beş yüz yetmiş beş) manat əsas (ƏDVcəlb edilməyən), 751 (yeddi yüz əlli bir) manat ƏDV (Vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 13326 (on üç min üç yüz iyirmi altı) manat onlar tərəfdən ödənilməmişdir. Bütün edilmiş hüquqi səylərə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir və bugünədək 13326 (on üç min üç yüz iyirmi altı) manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesi keçirilməsi təklifi və borcun ödənilməsinə dair pretenziya məktubu göndərilsədə cavabdeh tərəf bu məsələyə müsbət yanaşmayaraq müraciəti cavabsız qoymuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış malların alqı-satqısına dair xx.xx.2022-ci il tarixli № 42/22 nömrəli müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifİkasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları (bundan sonra '‘Mal" adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə Malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən Qiymətin ödənişin forması və qaydası bu Müqaviləyə Spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən Malın sifariş edilməsi Tərəflərin qarşılıqlı razılaşmasına əsasən Alıcı tərəfindən yazılı və/və ya şifahi qaydada həyala keçirilir. Malın sifariş edildikdən sonra çatdırılma müddəti bu Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilir.
12. Müqavilənin 4.3-cü bəndinə əsasən Malın çatıdırılması və təhvil verilməsi şərtləri, müddəti və qaydası Spesifıkasiya(lar)da göstərilir.
13. Müqavilənin 4.5-ci bəndinə əsasən Mal təhvil verilərkən Tərəflər təhvil-təslim Aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən Satıcının aşağıdakı hüquqları vardır:
15. Müqavilənin 5.1.1-ci bəndinə əsasən Alıcıdan Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək;
16. Müqavilənin 5.3-ci bəndinə əsasən Alıcının aşağıdakı hüquqları vardır:
17. Müqavilənin 5.3.1-ci bəndinə əsasən Satıcıdan Malı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək;
18. xx.xx.2022-ci il tarixli, 42/22 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 saylı spesifikasiya və xüsusi şərtlərə əsasən müqavilə üzrə məbləğ 26638,5 manat (ƏDV daxil) müəyyən edilmişdir.
19. xx.xx.2022-ci il tarixli, 001 saylı malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1700 metr PE boru DN 160 PN10 və 700 metr PE boru DN 63 PN10 adda mal təhvil verilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
20. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 468901 saylı e-qaiməyə əsasən İddiaçı QSC tərəfindən 26638,5 manat dəyərində mal satışına dair Cavabdeh MMC-yə e-qaimə göndərilmişdir.
21. 02.05.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən iddiaçının hesabına 10.000 manat məbləğində ödəniş edilmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 42/22 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən Satıcı satmaq, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifİkasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları (bundan sonra '‘Mal" adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək malları təhvil-təslim aktına əsasən cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların ödənişini tamamlamamışdır.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və qismən ödənişlər ilə təsdiq olunduğu üçün 13326 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 13326 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 134 manat dövlət rüsumu ödənilmişdir.
31. Azərbaycan Respublikası MPM-in:
32. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
34. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 134 manat deyil, 130 manat məbləğində dölvət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 13326 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 130 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova