Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-809/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə iqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanılmış xx xxxxxxx 2020-ci il tarixli, 415 nömrəli və xx xxxxxxx 2020-ci il tarixli, 428 nömrəli müqavilələrin ləğv edilməsi, hər bir müqavilə üzrə müvafiq olaraq 2850 manat və 2850 manat olmaqla ümumilikdə ödənilmiş 5700 manat xidmət haqqı məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx xxxxxxx 2020-ci il tarixli, 415 nömrəli xidmət müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin www.greentech.az internet saytında “email”lərin bir illik yerləşməsini təmin etməyi, İddiaçı MMC isə əvəzində 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə İddiaçı MMC və Cavabdeh MMC arasında xx xxxxxxx 2020-ci il tarixli, 428 nömrəli xidmət müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Tərəflər arasında bağlanılmış xx xxxxxxx 2020-ci il tarixli, 415 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən 415 nömrəli hesab faktura, tərəflər arasında bağlanılmış xx xxxxxxx 2020-ci il tarixli, 428 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən 428 nömrəli hesab-faktura təqdim edilmişdir. Həmin fakturalar üzrə İddiaçı MMC tərəfindən müvafiq olaraq xx.xx.2020-ci il tarixdə 2850 manat, xx.xx.2020-ci il tarixdə isə 2850 manat olmaqla ümumilikdə 5700 manat pul vəsaiti ”Cavabdeh” MMC-nin bank hesabına köçürülmüşdür. Lakin indiyədək Cavabdeh MMC tərəfindən qeyd olunan müqavilələr üzrə öhdəliklər icra edilməmiş, heç bir xidmət göstərilməmişdir. Müqavilələrin 5-ci maddəsinə əsasən, tərəflər bu müqavilədən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. Bir neçə dəfə şifahi müraciətlər edilməsinə baxmayaraq, nəticəsiz qalmışdır. Bu səylərin nəticəsiz qaldığı üçün iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli, 02 nömrəli mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində pretenziya vermişdir. Pretenziya Cavabdeh MMC-nin vergi orqanlarında qeydiyyatda olduğu hüquqi ünvana göndərilmiş, lakin həmin ünvanda belə bir hüquqi şəxs olmadığı üçün geri qayıtmışdır. Beləliklə pretenziya qaydasına əməl edilməsinə dair qanunla tələb olunan öhdəliyə riayət edilmişdir. Bu səbəbdən pretenziyanın Cavabdeh MMC-nin çatdırılmamasına görə məsuliyyət onun özünə aid edilməlidir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək məqsədilə cavabdehdə (və ya sair şəxslərdə) olan cavabdehə məxsus əmlak, yaxud pul məbləği üzərinə həbs qoyulması xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh MMC -yə məxsus əmlak üzərinə iddia tələbi, yəni 5.780 manat həcmində həbs qoyulmuşdur. Sonradan iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş 5700 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli, 415 saylı müqavilədən görünür ki, icraçı sifarişçinin www.greentech.az internet saytında bir illik yerləşməsini təmin etməyi, İddiaçı MMC isə əvəzində 2850 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Bu müddət ərzində icraçı tərəfindən qeydiyyata alınmış məlumatların yenilənməsi ilə bağlı yaranmış işlər sifarişçi üçün pulsuz görüləcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli, 428 saylı müqavilədən görünür ki, icraçı sifarişçinin www.greentech.az internet saytında “email”lərin bir illik yerləşməsini təmin etməyi, İddiaçı MMC isə əvəzində 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Bu müddət ərzində icraçı tərəfindən qeydiyyata alınmış məlumatların yenilənməsi ilə bağlı yaranmış işlər sifarişçi üçün pulsuz görüləcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx xxxxxxx 2020-ci il tarixli, 415 nömrəli hesab-faktura təqdim edilmiş, həmin faktura üzrə İddiaçı MMC tərəfindən müvafiq olaraq xx.xx.2020-ci il tarixdə 2850 manat pul vəsaiti ”Cavabdeh” MMC-nin bank hesabına köçürülmüşdür. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx xxxxxxx 2020-ci il tarixli, 428 nömrəli hesab-faktura təqdim edilmiş, həmin faktura üzrə İddiaçı MMC tərəfindən müvafiq olaraq xx.xx.2020-ci il tarixdə 2850 manat pul vəsaiti ”Cavabdeh” MMC-nin bank hesabına köçürülmüşdür. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 7 gün müddətində iki müqavilə üzrə ödənilmiş 5700 manat məbləğin geri qaytarılması tələb edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə olunacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xidmət müqavilələri bağlanmış, müqavilələrə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, göstərilən xidmətlərin dəyəri cavabdehə ödəsə da, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş xidmətləri göstəməməklə, müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Belə olan halda məhkəmə iddiaçının mübahisəli müqavilələrə əsasən göstəriləcək xidmətlərə görə cavabdehə 5.700 manat məbləğində pul ödədiyini, lakin öhdəliyin icrası müddətindən 6 aya yaxın müddət keçməsinə baxmayaraq cavab icrasını almadığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi ilə əlaqədar müqavilədən imtina etməklə yanaşı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş real zərərin əvəzi qismində 5.700 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5.700 manat (beş min yeddi yüz manat) məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-809/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-809/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver