Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-809/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki İddiaçı MMC; bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 11894,4 manat əsas borc, 1189,04 manat penya olmaqla ümumilikdə 13083,44 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 2023-SM/EH-032 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı müəyyən edilmiş şərtlərlə müqavilənin ayrılmaz hissəsi olaraq tərtib edilmiş protokollarda göstərilən inşaat-kimyəvi məhsulları cavabdehin mülkiyyətinə verməyi və cavabdeh isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, iddiaçı sabit limit olaraq 10000 manat məbləğində malı cavabdehə vermiş, cavabdeh isə dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 30 gün müddətində iddiaçıya köçürmə şəklində ödəməyə razılaşmışdır. Gecikmə halında hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1%-i penya ödənilməsi də şərtləşdirilmişdir. 2.2. Yuxarıda qeyd olunan müqavilə əsasında iddiaçı tərəfindən inşaat-kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə cavabdehə təhvil verilmiş, lakin sonuncu həmin malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2023-ci il tarixinə 11894,40 manat məbləğində borc cavabdeh tərəfindən etiraf və təsdiq etmişdir. 2.3. Cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş, eləcə də xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 445, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi üzrə 11894,4 manat borcu xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə də təsdiq etmiş, lakin hər hansı ödəniş etməmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, üzləşmə aktı iddiaçı tərəfindən tərtib edilmiş, təsdiq edilməsi üçün fiziki olaraq cavabdehə göndərilmişdir. Lakin cavabdeh üzləşmə aktını təsdiq edib fiziki olaraq göndərməmiş, skan edib X1 Sistemi vasitəsilə X2 göndərmişdir. Sonuncu isə xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə iddiaçıya müştərilərlə əlaqədar xidmətlər göstərən şəxsdir. Bu səbəbdən üzləşmə aktının əsli məhkəməyə təqdim edilə bilməmiş, lakin əslinin skan edilmiş forması təqdim edilmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına çatdırılmaqla, X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023-SM/EH-032 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat-kimyəvi məhsullarının müqavilə müddəti dövründə “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə vermək və “Alıcı” tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıcı”ya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir (1-ci bənd). Malın razılaşdırılmış qiyməti qaimə-fakturalarda və ya bu müqaviləyə əlavə protokollarda öz əksini tapır (3.1). Ödəmə hər dəfə malın təhvili zamanı tərtib edilən qaimə fakturalar əsasında yerinə yetirilir (3.2). “Satıcı” sabit limit olaraq 10.000 AZN məbləğində malı “Alıcı”ya verir, “Alıcı” isə malın dəyərini qaimə - faktura əsasında təhvil aldığı tarixdən etibarən 30 gün müddətində “Satıcı”ya köçürmə şəklində ödəyir (3.3).
12. Məhkəməyə təqdim edilən mal-materialın çıxış qaimələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə 960 ədəd 25 kiloqram “MasterTile 4” (boz) məhsulu 5783 nömrəli qaimə əsasında Babayev Valeh (“DAF” markalı 77EV982 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) tərəfindən, 960 ədəd 25 kiloqram “MasterTile 4” (boz) məhsulu 5784 nömrəli qaimə əsasında Qurbanov Elnur (“Reno” markalı 99SF703 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) tərəfindən, 960 ədəd 25 kiloqram “MasterTile 4” (boz) məhsulu 5786 nömrəli qaimə əsasında Mirzəliyev Qurban (“Mercedes” markalı 99DV088 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) tərəfindən qəbul edilmişdir.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDK 315787 seriya və nömrəli elektron qaimənin ƏDV daxil olmaqla 11894,4 manat dəyərində məhsulun cavabdehə təhvil verilməsi üçün tərtib edildiyi görünür.
14. X1 Sistemi vasitəsilə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə X2 ünvanlanmış məktubdan görünür ki, cavabdeh sənədləri imzalayaraq möhür vurulduğu bildirir.
15. Məhkəmə iclasında X1 Sistemi vasitəsilə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə X2 ünvanlanmış məktuba əlavə olunan sənədə baxış keçirilərkən aydın olmuşdur ki, məktuba hər iki tərəfin möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktının əsli əlavə olunmuşdur.
16. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli 01/23 nömrəli xidmət müqaviləsindən görünür ki, X3 iddiaçıya müştərilərlə bağlı xidmətləri, o cümlədən müştərilərlə üzləşdirmələrin aparılması, üzləşdirmə aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi, imzalanmış halda alınması və dosyelənməsi xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür.
17. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından (hər iki hüquqi şəxsin möhürü vurulmuş) görünür ki, xx.xx.2023-cü il tarixli 2023-SM/EH- 032 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ƏDV daxil olmaqla cavabdehin iddiaçıya olan borcu 11894,4 manat məbləğində təsdiq edilmişdir.
18. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin təqdim etdiyi dövlət qeydiyyatından çıxarışdan görünür ki, İddiaçı MMC-nin hazırkı adı "xxxx" MMC-dir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (əvvəlki adı – İddiaçı MMC) ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 2023-SM/EH-032 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərlə müqavilənin ayrılmaz hissəsi olaraq tərtib edilmiş protokollarda göstərilən inşaat-kimyəvi məhsulları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə ƏDV daxil olmaqla ümumilikdə 11894,4 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsi aparılmış, cavabdeh tərəfindən X1 Sistemi vasitəsilə iddiaçının nümayəndəsi X2 göndərilmiş xx.xx.2023-cü il tarixli aktla xx.xx.2023-cü il tarixə borc məbləği ƏDV daxil olmaqla 11894,4 manat kimi təsdiq edilmişdir.
20. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri olan ƏDV daxil olmaqla 11894,4 manat pulun ödənilməsini tələb edir.
21. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
22. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
25. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
26. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
27. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
30. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.3-cü bəndi ilə malın dəyərinin təhvil alındığı vaxtdan 30 gün müddətində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
32. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2023-cü il tarixli 2023-SM/EH-032 nömrəli alqı-satqı müqaviləsi üzrə 11894,4 manat əsas borc Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı 1189,04 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən, gecikmə halında “Alıcı” hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1%-i penya ödəməyi qəbul və təsdiq edir.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, alqı-satqı müqaviləsi üzrə mallar xx.xx.2023-cü il tarixdə təhvil verilməsinə və növbəti ay ərzində hər hansı ödəniş edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
46. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 590 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 590 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 210 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
49. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat, ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.
50. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/6-0824 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
51. İş materiallarına əlavə edilən ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən mediasiya təşkilatına 208 manat mediasiya xərci ödənilmişdir.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
54. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
55. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı (hazırkı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 11 894 (on bir min səkkiz yüz doxsan dörd) manat 40 (qırx) qəpik əsas borc, 590 (beş yüz doxsan) manat cərimə məbləği olmaqla ümumilikdə 12 484 (on iki min dörd yüz səksən dörd) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova