Məhkəmə qərarları › İş №e-2-2(113)-8102/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8102/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8102/2024 20.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 018 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 4 720 manat məbləğində borcun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi və iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilən 70 manatın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 fevral 2022-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin əlavələrində göstərilən malları satmağı, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, müqavilə üzrə 5 iyul 2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1 ədəd quru tipli, 5 mm (ayaq-botlu), M-43 Dalğıc Kostyumu və 1 ədəd quru tipli, 5 mm (ayaq-botlu,), M-42 Dalğıc Kostyumu təhvil verilsə də, cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. Malların hər birinin dəyəri 2 000 manat, ümumilikdə isə ödənilməmiş malların dəyəri ƏDV ilə birlikdə 4 720 manat təşkil edir. Malların qiyməti və sifarişin digər şərtləri tərəflər arasında müqavilə şərtlərinə uyğun olaraq tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi 06 mart 2024-cü il tarixli Satınalma Sifarişi əsasında müəyyən edilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən ödəniş mallar təhvil verildikdən sonra 30 gün ərzində iddiaçının bank hesabına köçürülməlidir. İddiaçı tərəfindən qeyd edilən məsələ ilə bağlı pozulmuş hüquqlarının bərpa edilməsinin təmin edilməsi və borcun ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilməsinə,xx.xx.2024-cü il tarixli pretenziya məktubunun təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

5. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 018 saylı alqı-satqı müqaviləsinə əsasən:

6. 1.1-ci maddəyə əsasən satıcı müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavəsində göstərilən, alıcı tərəfindən sifariş edilmiş mallar ilə alıcını təmin etməyi, alıcı isə həmin malları qəbul edib onların əlavə üzrə müəyyən edilmiş dəyərini ödəməyi öz öhdəsinə götürür.

7. 1.2-ci maddəyə əsasən “Mallar” dedikdə, xüsusi olaraq istisna edilməmişdirsə, Malların yığılması, quraşdırılması və işə salınması da nəzərdə tutulur.

8. 5.1-ci maddəyə əsasən alıcı sifariş edəcəyi mallar barədə satıcıya məlumat verir və satıcı təqdim olunmuş alıcının sifarişini aldıqdan sonra 1 (bir) iş günü ərzində, sifarişdə qeyd olunmuş malların mövcudluğunu müəyyən edir və alıcıya bu barədə məlumat (təklif) təqdim edir. Alıcı təklif ilə razı olduğu təqdirdə, malların çatdırılması həyata keçirilir.

9. 6.2-ci maddəyə əsasən müqavilənin şərtlərinə uyğun olaraq, əlavələrdə digər qayda nəzərdə tutulmayıbsa, alıcı satıcıya əlavələrdə razılaşdırılmış məbləği və ya əlavələrdə razılaşdırılmış qiymətlərə əsasən hesablanmış məbləği malların təhvil verildiyindən sonra satıcı tərəfindən təqdim olunmuş elektron qaiməyə əsasən 30 (otuz) təqvim günü müddətində satıcının bu müqavilədə qeyd edilən bank hesabına ödəyir.

10. 10.1-ci maddəyə əsasən bu müqavilə 11 fevral 2022-ci il tarixdən 11 fevral 2023-cü il tarixədək qüvvədədir.

11. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış alğı-satqı müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2024-cü il tarixli əlavə razılaşmaya əsasən müqavilənin müddəti 11 fevral 2025-ci il tarixinədək uzadılmışdır.

12. Malların xx.xx.2024-cü il tarixli təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə iddia ərizəsində qeyd olunmuş 1 ədəd quru tipli, 5 mm (ayaq-botlu), M-43 Dalğıc Kostyumu və 1 ədəd quru tipli, 5 mm (ayaq-botlu,), M-42 Dalğıc Kostyumu təhvil verilmişdir.

13. MT2407 saylı xx.xx.2024-cü il tarixli e-qaiməyə əsasən 4720.0 manat, dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.

14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 018 saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı mülkiyyətində olan müxtəlif növ malları cavabdehə satmaqla onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin mahsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, satınalma sifarişi, e-qaimə, təhvil-təslim aktları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur.

24. Beləliklə, 4720 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV.Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə 28. Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 018 saylı alqı-satqı müqaviləsi üzrə 4720 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 70 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar