Məhkəmə qərarları › İş №e-2-2(113)-8118/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8118/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8118/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5681,37 manat əsas borc, 971,5 manat dəbbə pulu, 60 manat palet ödənişi (üzləşmədə qeyd olunan 6 ədəd palet) olmaqla, cəmi 6625,87 manat borc və 86,26 manat dövlət rüsumu olmaqla, cəmi 6712,13 (altı min yeddi yüz on iki manat on üç qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında K2024-0032 nömrəli, xx.xx.2024-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC–dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC–yə 5681,37 manat əsas borc, 971,5 manat dəbbə pulu, 60 manat palet ödənişi (üzləşmədə qeyd olunan 6 ədəd palet) olmaqla, cəmi 6625,87 manat borcunun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC–yə ödəniş edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı–satqı münasibətləri davam etmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan K2024- 0032 nömrəli, xx.xx.2024-ci il tarixli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.”

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə verilərək, Cavabdeh MMC–dən 5681,36 manat əsas borc, 971,5 manat dəbbə pulu olmaqla, cəmi 6652,86 manat borc və 86,26 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 fevral 2024-cü il tarixli, K2024-0032 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1ci maddəsinə əsasən alıcı Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına riayət etməlidir. Müqavilənin icrası və yerinə yetirilməsi zamanı mövcud qanun və qaydaların pozulmasından yaranan və satıcıya dəyə biləcək zərərə görə satıcı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən alıcı aldığı mal/malların qiymətini satıcı ilə razılaşdırılan və müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən razılaşdırılmış müddətdə mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmək hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsinin gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 39%-dən artıq olmamaq şərtilə) məbləğində dəbbə pulu ödəyir. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilənin mətnində öz həllini tapmamış məsələlərlə əlaqədar, tərəflər arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları qüvvədə olan qanunvericilik əsasında danışıqlar yolu ilə həll edilir. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən mübahisəli məsələləri danışıqlar yolu ilə tənzimləmək mümkün olmadıqda mübahisələr qanunvericiliklə müəyən olunmuş formada Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll edilir.

7. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 244259 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2037,98 manat (ƏDV daxil) təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 385359 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 539,43 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 385361 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 291,46 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 385363 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 298,19 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 504845 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 783,18 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 578681 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1566,35 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 550981 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 164,79 manat (ƏDV daxil) təşkil edir.

14. Borcların qarşılıqlı üzləşdirilməsi haqqında aktda xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı-yə olan borcunun 5681,36 manat olduğu və qeyd olunan borcdan əlavə olaraq Cavabdeh MMC-nin İddiaçı MMC-yə 60 manat dəyərində (6 manat) palet borcunun olduğu təsdiq edilir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

19. İddia tələbininin bir hissəsini Cavabdeh MMC-dən 5681,37 manat əsas borc məbləğinin tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh MMC-dən 5681,36 manat (beş min altı yüz səksən bir manat otuz altı qəpik) əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

21. Bundan əlavə iddiaçı cavabdehdən 971,5 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin edilməməlidir.

23. Eləcə də, ödənilmiş 86,26 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə cavabdehdən tutulması xahiş edilmişdir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 77,3 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Eləcə də, iddiaçı məhkəməyə müraciət edən zaman ödəməli olduğu dövlət rüsumunun məbləği 87,13 manat olmuş, ödənilən dövlət rüsumunun məbləği isə 86,26 manat təşkil etmişdir. ona görə də ödənilməyən 0,87 manat (səksən yeddi qəpik) məbləğindən dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5681,36 (beş min altı yüz səksən bir manat otuz altı qəpik) manat əsas borc, 280 (iki yüz səksən) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,3 (yetmiş yeddi manat otuz qəpik) manat olmaqla, cəmi 6038,66 manat (altı min otuz səkkiz manat altmış altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçındən ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 0,87 manat (səksən yeddi qəpik) tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar