Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8123/2025 15.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqavilələri, müqavilənin ləğvi, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, dəbbə pulunun azaldılması, lizinq obyektinə dəymiş zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-542 nömrəli daxili lizinq müqaviləsi üzrə 619,14 manat əsas məbləğ, 353,71 manat mükafat məbləği, 355,11 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün ödənilmiş 3122,8 manat olmaqla cəmi 4450,76 manat məbləğində pulun və ödənilmiş 64,51 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli AZL- 542 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 aprel 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3122,80 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-565 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 aprel 2025-ci il tarixə ümumilikdə 1327,96 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. 2.2. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesablanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pis3əşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqaviləni lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747, 748-1, 748.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi Guseinov Gasan məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, müqavilə bağlanarkən lizinq alan tərəfindən ödənilməsi razılaşdırılan 3500 manat ödəniş cavabdeh tərəfindən edilmişdir.
7. Cavabdeh məhkəmə iclasında iştirak edərək 619,14 manat əsas məbləğ, 353,71 manat mükafat məbləği hissəsində iddia ilə razı olduğunu, lakin təmir xərci və dəbbə pulu hissəsində iddianın əsassız olduğunu qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqavilələri üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli AZL-542 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətinin 25850 manat olması, həmin məbləğdən 3500 manatın əvvəlcədən iddiaçıya ödənilməsi, qalan məbləğə 60 ay müddətində illik 16 faiz həcmində lizinq mükafatının hesablanması, lizinq ödənişlərinin ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək icra edilməsi razılaşdırılmışdır. Hər iki tərəfin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin tarixdə tələb olunan keyfiyyətdə cavabdehə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli aktla iddiaçı tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1990 manat ehtiyat hissə, 1132,8 manat işçilik haqqı olmaqla ümumilikdə 3122,8 manat məbləğində zərər dəymişdir.
12. İddiaçı xx.xx.2023-cü il tarixli AZL-542 nömrəli daxili lizinq müqaviləsi üzrə 619,14 manat əsas məbləğ, 353,71 manat mükafat məbləği, 355,11 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün ödənilmiş 3122,8 manat olmaqla cəmi 4450,76 manat məbləğində pulu tələb edir.
13. Cavabdeh əsas məbləğ və mükafat məbləği həddində iddia tələbi ilə razı olduğunu, lakin lizinq obyektinə dəymiş zərər və dəbbə pulu hissəsində iddiaya etiraz edir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli AZL-542 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyektini xx.xx.2025-ci il tarixdə geri almaqla iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilə müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Belə ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. İradə müxtəlif formalarda - hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər.
16. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
17. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 421.2, 748-1.12-ci maddəsinin tələbləri və tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 9-cu bəndlərinin şərtləri baxımından qeyd olunan iradə ifadəsi qanuni olmuş, cavabdeh də iddiaçının müqavilədən birtərəfli imtina etməklə ləğv etməsini mübahisələndirməmişdir. İddiaçı hazırkı tələblə müqavilə ləğv olunan tarixədək lizinq obyektindən istifadəyə görə ödənilməli olan lizinq ödənişini tələb edir.
18. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
19. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
20. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
21. Məhkəmə aylıq lizinq ödənişinin 543,51 manat olduğunu, cavabdehin əsas və mükafat borcu ilə razı olduğunu nəzərə alaraq və təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən qeyd edir ki, xx.xx.2023-cü il tarixli AZL-542 nömrəli daxili lizinq müqaviləsi üzrə əsas borc 619,14 manat, mükafat məbləği 353,71 manat təşkil edir.
22. Digər tərəfdən, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
24. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
26. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).
27. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.
28. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
29. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
30. xx.xx.2023-cü il tarixli AZL-542 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 4.4.1 – 4.4.2-ci bəndlərinə əsasən, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməkvə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri çəkmək lizinq alanın vəzifəsidir.
31. Məhkəmə təqdim edilən qəbul aktı, qüsur aktına əsasən qeyd edir ki, cavabdeh nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, bu vəzifəsinə riayət etməmiş, nəticədə ehtiyat hissələri və işçilik haqqı daxil olmaqla ona 3122,8 manat zərər dəymişdir. Həmçinin zərər nəqliyyat vasitəsinin iddiaçı tərəfindən təhvil alınmasından sonra müəyyən edilmiş, bu isə zərərin nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən yarandığını təsdiq edir.
32. Bundan başqa, iddiaçı 355,11 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
37. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələdə həll olunmamışdır.
38. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 50 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
39. Bununla yanaşı, cavabdeh lizinq obyekti üzrə 3500 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.
40. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
41. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.
42. Əks yanaşma, Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Həmçinin iddiaçının lizinq obyektini yenidən lizinqə veridiyi iddiaçı tərəfindən təsdiq edilmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq ödənişi, dəymiş zərər və dəbbə pulunun cəmini təşkil edən 4145,65 (lizinq ödənişi 972,85 + zərər 3122,8 + dəbbə pulu məbləği 50) manat məbləğində puldan avans məbləği olan 3500 manat çıxılmalı, lizinq ödənişinin tutulması barədə iddia tələbi 645,65 manat (4145,65-3500) hissəsində təmin edilməlidir.
44. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023cü il tarixli daxili lizinq müqaviləsi üzrə 645,65 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
45. İddiaçı həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 64,51 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 64,51 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 645,65 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova