Məhkəmə qərarları › İş №e-2-2(113)-814/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-814/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-814/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xavabdeh Cavabdeh MMC-dən 3.600 manat məbləğində əsas borcun, 2000 manat məbləğində dəbbə pulunun, bank uçot dərəcəsi ilə - 6,5 %-lə hesablanmaqla 234 manat məbləğində faizlərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 95/19 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 3.600 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş və cavabdeh tərəfindən təsdiqlənmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 008306, 009173, 010201, 010963 nömrəli aktlardan da aydın olur ki, 2019-cu ilin oktyabr, noyabr, dekabr; 2020-ci il yanvar aylarında Cavabdeh MMC-yə 4.760 manat xidmət göstərilmiş və sadəcə 008306 nömrəli akt üzrə qismən ödəniş həyata keçirilmiş, 1.160 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə hazırkı qalıq borcu 3.600 manat təşkil edir. AR Vergilər Nazirliyinin Elektron Vergi İdarəsindən çıxarılmış elektron qaimələr də borc məbləğini təsdiq etməklə sübut qismində iddia ərizəsinə əlavə edilmişdir. Əlavə olaraq bildirirlər ki, müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2 (sıfır onda iki) % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 2000 manat cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğinin tələb edilməsinə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin icraatı yekunlaşana qədər, cavabdehin xxxx” ASC-nin 1 saylı Binəqədi filialında yerləşən, İBAN-H\HAZ89AİİB********************; VÖEN-**********; M\H- AZ37NABZ********************; Bank Kodu-200156 olan bank hesabında olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4141/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh “xxxx” ASC-nin 1 saylı Binəqədi filialında yerləşən İBAN-H\HAZ89AİİB********************; VÖEN-**********; M\H- AZ37NABZ********************; bank kodu-200156 olan bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi, yəni 5.834 manat həcmində həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixdə 95/19 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə görə bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (Əlavə No 1 ilə) müəyyən edilir. 5.2-ci bəndinə görə ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil-təslim aktı ilə təsdiq edilir. Təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifarişçi 10 iş günü ərzində icraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0.2 %-i həcmində əlavə hesablancaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 008306 saylı, xx.xx.2019-cu il tarixli aktdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2900 manat dəyərində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 009173 saylı, xx.xx.2019-cu il tarixli aktdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1260 manat dəyərində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 010201 saylı, xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 220 manat dəyərində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 010201 saylı, xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 380 manat dəyərində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 2900 manat dəyərində xidmət göstərilməsinə dair EBAC seriyalı, 145260 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 1260 manat dəyərində xidmət göstərilməsinə dair EBAD seriyalı, 397514 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 220 manat dəyərində xidmət göstərilməsinə dair EBAE seriyalı, 695152 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 380 manat dəyərində xidmət göstərilməsinə dair EBAF seriyalı, 855678 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu 3600 manat təşkil edir. -"İddiaçı" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 3600 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "İddiaçı" MMC ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "İddiaçı" MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərmiş, Cavabdeh MMC isə göstərilmiş xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə "İddiaçı" MMC–yə 3600 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü yük daşınma xidmətinə görə haqqı ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə iddiaçı "İddiaçı" MMC-yə 3600 manat məbləğində borcunun yarandığını, iddiaçı "İddiaçı" MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 3600 manat məbləğində borc tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 8.3cü bəndinə əsasən hesablanmış 2000 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3600 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 6,5% həddində hesablanmaqla 234 manat məbləğində bank uçot dərəcəsinə müvafiq faizin tutulması tələbini də irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, faizlərin tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3.600 (üç min altı yüz) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu, cəmi 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar