Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-815/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oglunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil oglunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi (malların alqı-satqısı haqqında)” üzrə ödənilməmiş 39019,75 manat məbləğində borcun, 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi (malların alqı-satqısı haqqında)”nin cavabdeh tərəfindən kobud şəkildə pozması səbəbindən 15000 manat məbləğində əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi (qaytarılması) barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi (malların alqı-satqısı haqqında)” üzrə ödənilməmiş 39019,75 manat məbləğində borcun, 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi (malların alqı-satqısı haqqında)”nin cavabdeh tərəfindən kobud şəkildə pozması səbəbindən 15000 manat məbləğində əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi (qaytarılması) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi (malların alqı-satqısı haqqında)” imzalanmışdır. Müqavilənin 1 və 2-ci bəndlərinin tələbləri əsasında Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən ümumilikdə 49 726,81 manat məbləğində mal verilmiş (müvafiq qaimələrlə təsdiqlənmiş) olsa da, həmin malların dəyərinin cəmi 10 707,96 manat məbləği ödənilmişdir. Yerdə qalan 39 019,75 manat vəsaiti bu günə qədər ödənilməmişdir. Bu isə müqavilənin 4-cü bəndinin və eləcə də, mülki qanunvericiliklə İddiaçı MMC-nin hüquqlarının kobud pozulmasını özündə əks etdirir. Alqı-satqı üzrə malların dəyərinin ödənilməsi üçün dəflərlə cavabdehlə aparılmış şifahi danışıqlara baxmayaraq, hər dəfə tez bir zamanda ödəniləcək deməklə kifayətlənilmiş və nəticədə artıq neçə müddətdir ki, müqavilə imzalandığı andan bu günə qədər borcun qalığı ödənilməmişdir. Cavabdehin pul vəsaitini ödəmədiyini görüb, tərəflərindən 03.06.2020-ci il tarixdə ilk dəfə xəbərdarlıq məktubu göndərilmiş və pul vəsaitinin qaytarılmaması halında hansı hüquqi nəticələrə səbəb olacağı və bunun da hansı hüquq normaları ilə tənzimlənməsi barədə qeyd edilmişdir. Xəbərdarlıq məktubu cavabdeh tərəfindən alındıqdan sonra, yenidən şifahi qaydada danışıqlara cəhd olunsa da, ancaq sonda pulu ödəməmək niyyətində olduğu dəqiqləşdirildi. Yalnız bundan sonra, iddiaçı olaraq 23.11.2020-ci il tarixli, 16 nömrəli Pretenziya məktubu ilə cavabdehə müraciət olunaraq yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubu rəsmi qaydada cavabdehin hüquqi ünvanına göndərilmiş olsa da, ancaq cavabdeh pretenziyanı almaqdan imtina etmiş və məktubu qəbul etməmişdir. Bu barədə poçt daşıma xidmətinin 24.11.2020-ci il tarixli, N 1-B nömrəli bildirişi onlara təqdim olunmuşdur. Bütün bunlar onu göstərir ki, cavabdeh İddiaçı MMC-yə olan borucunu qəsdən ödəmək istəmir, həmçinin pretenziya məktubunu da almaqdan imtina etməsi bunun bir daha sübut olunduğunun göstəricisidir. Bu barədə cavabdehlə mobil telefon vasitəsi ilə danışıqlar zamanı hər hansı bir məktubu almayacağını və pul vəsaitini də ödəməycəyini bildirmişdir. Cavabdehin müqavilə üzrə borcunu ödəməməsi qanunvericiliyin və tərəflər arasında bağlanmış Satınalma müqaviləsinin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində də, pul vəsaitinin qaytarılmaması ilə nəticələnmişdir ki, həmin pul vəsaitinə İddiaçı MMC-nin mülkiyyət hüquqları vardır. Eləcə də, pul vəsaitinin qaytarılmaması cavabdehin iddiaçı qarşısında əldən çıxmış faydanın da yaranması ilə nəticələnmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi olmasına baxmayaraq iddiaçı tərəfindən malların təhvil verilməsinə dair təhvil təslim aktı olmamışdır. İddiaçı” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında olan qaimədə imza olmalı idi. iddiaçı tərəfindən göndərilən elektron qaimələrin geri qaytarılmamasına səbəb təmsil etdiyi hüquqi şəxsin səhlənkarlıgı olmuşdur. Alqı-satqı müqaviləsinə əsasən malların müəyyən qədərini cavabdeh qəbul etmiş, buna görədə iddiaçıya 10000 manat ödəniş olunmuşdur. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı 31 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 01 oktyabr 2019-cu il tarixli Malların alqı-satqısı haqqında Satınalma müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı malı hazırki müqavilənin bir hissəsi olan əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qimətdə və müvafiq şərtlərlə alıcı Cavabdeh tərəfindən verilən sifarişlərə uygun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 03 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən 39019,75 manat məbləgində borcu tələb etmişdir. 4 ədəd Elektron qaimənin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki,iddiaçı cavabdehə müxtəlif çeşiddə mallar vermiş həmin malların ümumi dəyəri 49 726,81 manat təşkil edir. Hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının Bank of Baku ASC də olan hesabına 10 707,06 manat məbləgdə ödəniş edilmişdir. Yük taksisi.Az MMC-tərəfindən iddiaçıya ünvanlanmış 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdehndən daxil olmuş sifarişə əsasən “166 Yük Daşıma” xidməti tərəfindən 11.03.2020-ci il tarixində Binəqədi rayonu, Baksol yolu ərazisindən Qazax rayonu, İkinci Şıxlı kəndi istiqamətinə tikinti materiallarının daşınması xidməti icra edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2019-cu il tarixli “Satınalma müqaviləsi (malların alqı-satqısı haqqında)” bağlanmış və müqaviləyə əsasən iddiaçı özünə məxsus olan malları müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində cavabdehə verməyi, cavabdeh isə həmin malları qəbul etməyi, malların dəyərini ödəyəməyi öhdələrinə götürmüşlər. Cavabdeh iddiaçıya 49 726,81 manat dəyərində mal sataraq malları cavabdehə təhvil vermiş, cavabdeh aldıgı malların dəyərindən iddiaçının bank hesabına 10 707,96 manat ödəmiş və hazırda cavabdehin iddiaçıya olan borcu 39019,75 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 39019,75 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi”-nin cavabdeh tərəfindən kobud şəkildə pozması səbəbindən 15000 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 15000 manat məbləğində əldən çıxmış fayda qismində zərər dəyməsini qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 oktyabr 2019-cu il tarixli, 01.10.19 nömrəli “Satınalma müqaviləsi (malların alqısatqısı haqqında)” üzrə ödənilməmiş 39019,75 manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 21,67 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 8,33 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-815/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-815/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver