Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-816/2021 26.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə 112 320 (yüz on iki min üç yüz iyirmi) manat əsas borc və 3.325 (üç min üç yüz iyirmi beş) manat dəbbə pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə şirkət arasında 1 mart 2016-cı il tarixində hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Daha sonra eyni predmet barəsində, eyni mətnli müqavilə 5 yanvar 2017-ci il tarixində bağlanılmışdır. Müqavilələr eyni tərkibli olduğuna görə və daha sonra imzalanmış - 5 yanvar 2017-ci il tarixli müqavilə daha öncəki 1 mart 2016-cı il tarixli müqaviləni əvəz etmədiyi, onu ləğv etmədiyi və onunla ziddiyyət təşkil etmədiyi üçün hər iki müqavilə bu iddia ilə qaldırılan məsələlərə şamil olunmalıdır. Həmin müqavilələrin 5.2-ci bəndinə əsasən onlar qeyri-müəyyən müddətə bağlanılmışdır və onların xitamı bir tərəfin digər tərəfi 30 (otuz) gün öncədən yazılı xəbərdarlıq etməklə mümkün idi. Lakin, cavabdeh müqavilə üzrə son ödənişi 2017-ci ilin dekabr ayında etdikdən sonra digər aylarda hər hansı bir ödənişləri etməkdən yayınmışdır. Müqavilələrin 3.1.2.-ci bəndinə əsasən ödənişlər hər ayın axırında ödənilməli idi, lakin 2018-ci ilin yanvar ayından başlayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi haqqında heç bir yazılı xəbərdarlıq daxil olmamış və onlar müqavilə üzrə işləri davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Bu müqavilələr abunə müqavilələri hesab olunur ki, bu müqavilələrə əsasən xidmətlərin göstərilib göstərilməməsindən asılı olmayaraq müqavilə üzrə xidmət haqqı ödənilməlidir. 2018-ci ildən etirbarən iddia qaldırılan tarixə yəni, 2020-ci ilin dekabr ayına qədər olan müddət ərzində cavabdeh tərəfindən aylıq ödənilməli olan 3.120 manat məbləğində ödəniş aparılmamış və nəticədə İddiaçı MMC-yə 36 ay müddətinə 112.320 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara və iddia ərizəsinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək məhkəməyə izahatında qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən verilmiş “Müqavilədən yaranan öhdəliklərə dair” iddia ərizəsi tamamilə əsassız və qanuna ziddir. Həqiqətən 01.03.2016-cı ildə Novruzov Elvin sahibkar olaraq İddiaçı MMC ilə hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamışdır və müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş 05.01.2017-ci il tarixli müqaviləni iddiaçı ilə bağlamamış, müqavilədə imza onun imzası deyildir. Həmçinin 2016-cı ilin müqaviləsində imza müqavilənin hər səhifəsində çəkilmiş, lakin, 05.01.2017-ci il tarixli müqavilədə imza yalnız axırıncı səhifədə çəkilib. Həmçinin ortalığa sual çıxır, əgər müqavilələrin mətnlərində heç bir dəyişiklikər olmayıb, müqavilənin müddəti bitməyibsə, hansı səbəbdən İddiaçı MMC eyni müqaviləni (yeganə fərq müqavilənin tarixində) bağlayır? 01.03.2016-ci ildə bağlanılan müqavilənin 1.5-ci bəndinə əsasən müştəri məsləhətçiyə ayrılmaz hissəsi olan tapşırığı yazılı surətdə suallar şəklində verir və məsləhətçi tapşırığı alan andan 3-10 (üç-on) iş günü müddətində yazılı surətdə cavablar hazırlayıb müştəriyə təqdim edir. Lakin iddiaçı nədənsə iddia ərizəsinə nə onun tapşırığını nə də özünün yazılı cavablarını təqdim etməmişdir. İddiaçı iddia ərizəsinə Novruzov Elvinin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətini əlavə edib. İddiaçının iddiasına əsasən o uzun illər ərzində, 2020-ci ilin dekabr ayına qədər hüquqi xidmət göstərib. Sual çıxır ki, əgər iddiaçı hüquqi xidmət göstəribsə, necə bilməyib ki, 06.02.2018-ci il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmışdır və fəaliyyəti dayandırılmış sahibkara hansı hüquqi yardım göstərilə bilər? İddiaçı iddiasında qeyd edir ki, ona 2018-ci ilin yanvar ayından heç bir ödəniş edilməməmişdir. Əgər həqiqətən iddiaçı hüquqi yardım göstəribsə və ona heç nə ödənilməmişdirsə, o zaman niyə göstərdiyi xidməti dayandırmayıb? Niyə məhz 3 il gözləyir? Niyə 3 il ərzində bir dənə xəbərdarlıq məktubunu göndərməyib? Hamıdan öz hüquqlarını yaxşı bilən hüquq şirkəti 3 il ərzində necə ona xidmət haqqı ödənilmədən xidmət edə bilər? İddiaçının iddia ərizəsinə əlavə edilən 11.12.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən X6 İddiaçı MMC-yə noyabr ayında göstərdiyi xidmətə görə 3.120 manat ödəniş etmişdir. Bakı Kommersiya Məhkəməsinə isə iddia ərizəsi ilə iddiaçı 25.12.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir, iddiaçının cavabdehlə bağlandığı müqavilənin tarixi 01.03.2016-ci ildir. Cavabdehin sonuncu ödənişi 2017-ci ilin noyabr ayı üçün olub. Qeyd olunanları rəhbər tutaraq aydın olur ki, iddiaçının iddiasında iddia müddəti də keçib. X5 hüquqi savadı yoxdur, məhz bu səbəbdən İddiaçı MMC ilə müqavilə bağlamışdır. Lakin indi digər hüquqşünasların köməkliyi ilə Novruzov Elvinə aydın olur ki, İddiaçı MMC etimad və vicdanlıq prinsiplərinə zidd olan müqavilənin şərtlərini zərərli formada tərtib etmişdir. İddiaçı MMC 01.03.2016-ci il tarixli müqaviləsində qərəzli olaraq özünə daha üstün və sərfəli şərtlərlə bağlanması, 05.01.2017-ci il tarixli müqaviləsində imzamın saxtalaşdırılması, heç bir xidmət göstərmədən külli miqdarda pulu tələb etməsi Azərbaycan Respublikası Cinayət qanunvericiliyinin cinayət əlamətləri ola bildiyindən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 1-ci bəndində qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili sonda İddiaçı MMC tərəfindən verilən iddia ərizəsinin təmin edilmədən rədd olunması və İddiaçı MMC-nin rəhbərliyinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olan cinayətlərin əlamətlərini aşkar edib Xüsusi Qərardad çıxararaq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 məhkəməyə izahatında qeyd etdi ki, Novruzov Elvini şəxsən tanımır. 2018-ci il də hüquq şirkətində işləyən zaman İddiaçı MMC-nin vəkil axtarışı ilə bağlı elanını görmüş və həmin şirkətə müraciət etmişdir. Daha sonra İddiaçı MMC-nin rəhbəri Aynur xanım və Zahidə xanımın iştirakı ilə görüş keçirmiş, görüləcək işlər ödəniləcək qonorarları müzakirə etmiş və bu barədə razılıq əldə etmişlər. Daha sonra “Karaca” və səhv xatırlamırsa “Efemia” adlı şirkətlərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Novruzov Elvinə müqavilələr üzrə hüquqi xidmətlər göstərmişdir. Müqavilələrin məzmunu məhkəmələrdə təmsilçilik, hüquqi məsləhətlərin verilməsi, işlərin araşdırılması və s. bu kimi işlərlə bağlı olmuşdur. Göstərdiyi xidmətlərin qarşılığında qonorar ona Aynur və ya Zahidə xanım tərəfindən ödənilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC-yə məxsus 11 dekabr 2017-ci il tarixli kassa mədaxil orderinə əsasən 05 yanvar 2017-ci il tarixli 17 nömrəli müqavilə əsasında 2017-ci ilin noyabr ayı üzrə “Karaca” (X6) tərəfindən 3.120 (üç min yüz iyirmi manat) manat məbləğində ödəniş olmuşdur. “Müştəri” X6 “məsləhətçi” İddiaçı MMC olmaqla imzalanmış 01 mart 2016-cı il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən məsləhətçi hüquq xidmətlərini bu müqavilənin müddəalarına və müştərinin fəaliyyətinə uyğun olaraq göstərir. 2.1-ci bəndə əsasən müştərinin məsləhətçiyə verdiyi tapşırıq yazılı olmalıdır. Qısa müddət ərzində müştəri verdiyi tapşırıq, sorğu etdiyi məsələlər üzrə məsləhətçinin üzərinə düşənləri yerinə yetirilməsi üçün zəruri bütün sənədləri və məlumatları məsləhətçiyə təqdim edir. 3.1.1-ci bəndə əsasən hər ay 3 120 (üç min yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir. Bu xidmət haqqına bu Müqavilənin 2.6.-cı bəndində sadalanan xərclər və bu müqavilənin 1.2.2., 1.2.5, 1.2.6., 1.2.8.. 1.2.9., 1.2.10 bəndlərində sadalanan xidmətlərə görə haqq daxil deyil. 3.1.2-ci bəndə əsasən bu müqavilənin 3.1.1 bəndində göstərilmiş xidmət haqqı hər ayın axırında müştəri tərəfindən məsləhətçinin hesabına köçürmə yolu ilə ödənilir. 3.1.3-cı bəndə əsasən müqavilənin 1.2.2., 1.2.5, 1.2.6., 1.2.8., 1.2.9., 1.2.10 və 2.6. bəndlərində göstərilən xidmətlərə və xərclərə görə ödəniş qaydası məsləhətçi tərəfindən təqdim edildiyi hesab-faktura və təhvil-təslim aktına əsasən ödənilir. 4.2-ci bəndə əsasən ödənişin icrası gecikdikdə məsləhətçi müştəriyə hər gecikmə günü üçün göstərdiyi xidmətin qiymətinin 0.1% miqdarında dəbbə pulu tətbiq edə bilər. “Müştəri” X6 “məsləhətçi” İddiaçı MMC olmaqla imzalanmış 05 yanvar 2017-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən məsləhətçi hüquq xidmətlərini bu müqavilənin müddəalarına və müştərinin fəaliyyətinə uyğun olaraq göstərir. 2.1-ci bəndə əsasən müştərinin məsləhətçiyə verdiyi tapşırıq yazılı olmalıdır. Qısa müddət ərzində müştəri verdiyi tapşırıq, sorğu etdiyi məsələlər üzrə məsləhətçinin üzərinə düşənləri yerinə yetirilməsi üçün zəruri bütün sənədləri və məlumatları məsləhətçiyə təqdim edir. 3.1.1-ci bəndə əsasən hər ay 3 120 (üç min yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir. Bu xidmət haqqına bu Müqavilənin 2.6.-cı bəndində sadalanan xərclər və bu müqavilənin 1.2.2., 1.2.5, 1.2.6., 1.2.8.. 1.2.9., 1.2.10 bəndlərində sadalanan xidmətlərə görə haqq daxil deyil. 3.1.2-ci bəndə əsasən bu müqavilənin 3.1.1 bəndində göstərilmiş xidmət haqqı hər ayın axırında müştəri tərəfindən məsləhətçinin hesabına köçürmə yolu ilə ödənilir. 3.1.3-cı bəndə əsasən müqavilənin 1.2.2., 1.2.5, 1.2.6., 1.2.8., 1.2.9., 1.2.10 və 2.6. bəndlərində göstərilən xidmətlərə və xərclərə görə ödəniş qaydası məsləhətçi tərəfindən təqdim edildiyi hesab-faktura və təhvil-təslim aktına əsasən ödənilir. 4.2-ci bəndə əsasən ödənişin icrası gecikdikdə məsləhətçi müştəriyə hər gecikmə günü üçün göstərdiyi xidmətin qiymətinin 0.1% miqdarında dəbbə pulu tətbiq edə bilər. “Sifarişçi” İddiaçı MMC, “icraçı” X1 olmaqla imzalanmış 01 iyun 2018-ci il tarixli müqaləyə əsasən icraçı sifarişçi tərəfindən sifraiş verilmiş və bu müqavilənin 1.2-ci maddəsində göstərilən hüquqi xidmətləri (bundan sonra “xidmət”), “sifarişçi” isə bu müqavilənin 3-cü maddəsində müəyyən edilmiş xidmət haqqını “icraçı”ya ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi mübahisəli müddət ərzində cəmi 6 aylıq müddətdə təsdiqini tapdığından iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq 18.720 manat məbləğində əsas borc X2 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Əlavə olaraq iddia ərizəsindən məlum olur ki, iddiaçı həm də 3.325 (üç min üç yüz iyirmi beş) manat məbləğində dəbbə pulunu da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə X2 187 manat məbləğində dəbbə pulunun tutulmasını ədalətli hesab edir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2 18.720 manat əsas borc və 187 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 18.720 manat və 187 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-816/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-816/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver