Məhkəmə qərarları › İş №e-2-2(113)-818/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-818/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-818/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “nəqliyyat-ekspedisiya müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat ekspedisiyası müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “nəqliyyat-ekspedisiya müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 21397,68 manat məbləğində pulun və ödənilmiş 155 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 11 yanvar 2023-cü il tarixində ABE 005/23 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə nəqliyyat-ekspedisiya xidmətlərini göstərməyi, cavabdeh isə xidmətlərin dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı razılaşdırılmış xidmətləri icra etməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, xx.xx.2023 – xx.xx.2023cü il tarixi aralığında iddiaçı tərəfindən təqdim edilmiş 14 ədəd elektron qaimə-fakturaları qəbul etməsinə baxmayaraq, fakturalar üzrə ödənişi həyata keçirməmiş və nəticədə həmin müqavilə öhdəlikləri üzrə xeyli miqdarda borcu yaranmışdır. Məlumat üçün cavabdeh xx.xx.2023-cü il tarixinədək müqaviləyə uyğun olaraq göstərilmiş müəyyən xidmətlərin ödənişini həyata keçirməsinə və yaranmış etibarlı münasibətə əsasən iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra edəcəyinə inanaraq xidmət göstərməyə davam etmişdir. Belə ki, bu günkü tarixədək cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 21397,68 manat təşkil edir. Borc məbləği tərəflər arasında bağlanmış üzləşmə aktı ilə də təsdiq edilmişdir. Yaranmış borc məbləği ilə bağlı cavabdehə bir neçə dəfə şifahi olaraq məlumat verilmiş, ödənişləri vaxtlı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunmuşdur. Qeyd olunan xəbərdarlıqlar nəticə vermədiyi üçün daha sonra cavabdehə yönəldilmiş 25 sentyabr 2023-cü il tarixli pretenziya məktubu ilə borcun 10 iş günü müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə isə qanunvericilik və müqavilə ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin müddətin başa çatmasına baxmayaraq, hələ də cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 445.1, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 11 yanvar 2023-cü il tarixli ABE 005/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilən çeşid, qiymət və kəmiyyətə uyğun yükün haqq müqabilində olduqları yerdən təyinat yerinə daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərini həyata keçirməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiymətlə bağlı şərtlərinə əsasən yükün 1 tonunun daşınma qiymətinin malın çeşidinə uyğun olaraq "xxxx" QSC-nin X2 üzrə Tarif Siyasətindəki bazis qiymətlərinə əsasən onlara tətbiq edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilməsi, iddiaçıya ödənişi əks etdirən hesab-faktura təqdim olunması, müqavilə üzrə ödənişlərin manatla, nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilməsi, iddiaçının onun hesabına müqavilə qiymətinin 100%-i daxil olduqdan sonra nəqliyyatekspedisiya xidmətini həyata keçirməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən ümumilikdə 21397,68 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 14 elektron qaimə göndərilmiş, həmin qaimələrdən 10-nu cavabdeh tərəfindən bilavasitə, 4-ü isə sistem tərəfindən təsdiq edilmişdir. Tərəflər arasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı tərtib edilmiş və həmin aktla cavabdehin iddiaçıya olan borcu 21397,68 manat kimi müəyyən edilmişdir.

11. İddiaçı 11 yanvar 2023-cü il tarixli ABE 005/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsi üzrə xidmətlərin dəyərinin – 21397,68 manat məbləğində pulun tutulmasını tələb edir.

12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaqla imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

19. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

20. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

22. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir.

24. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 11 yanvar 2023-cü il tarixli ABE 005/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsi üzrə 21397,68 manat məbləğində muzd Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

32. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********03 nömrəli mədaxil qəbzi ilə 155 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. “X3 Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 11 yanvar 2023-cü il tarixdə bağlanmış nəqliyyat-ekspedisiya müqaviləsi üzrə 21397,68 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar