Məhkəmə qərarları › İş №e-2-2(113)-8185/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8185/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8185/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqısatqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 68/05/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (iddiaçı) hazırkı müqavilənin şərtlərinə uyğun olaraq alıcıya (cavabdehə) təqdim etdiyi qiymət təklifləri və sifariş sənədlərinə (PO, Əlavələr və s.) əsasən razılaşdırılmış miqdarda, növdə, çeşiddə, keyfiyyətdə, vahiddə və qiymətdə olan (malı(lları)) təchiz etməyi, Alıcı isə malların dəyərinin ödənilməsini və qəbul edilməsini öhdəsinə götürür. Müqavilənin: 1.1. 2.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr Azərbaycan manatı (AZN) ilə köçürmə yolu ilə həyata keçirilir. 1.2. 2.2-ci bəndinə əsasən, Müqavilə üzrə malların dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və Satıcının Alıcıya ünvanlandığı qiymət təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. 1.3. 2.3-cü bəndinə əsasən, ödənişlər malın təhvil-təslimini təsdiq edən və satıcı tərəfindən təqdim olunan elektron qaimə əsasında iş günü ərzində “Alıcı” tərəfindən satıcının hesabına bank köçürülməsi yolu ilə həyata keçirilir. 1.4. 4.1-ci bəndinə əsasən, Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən sifariş həyata keçirildikdən sonra 1 (bir) təqvim günü ərzində Malı alıcının göstərdiyi ünvana təhvil verməyi öhdəsinə götürür (Bazar günü və bayram günləri istisna olmaqla); 1.5. 4.2-ci bəndinə əsasən, Satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. 1.6. 5.1-ci bəndinə əsasən, alıcı malı təhvil aldıqdan sonra malın təhvil alınması haqqında sənədi məsuliyyət daşıyan şəxs imzalamalıdır. 1.7. 5.2-ci bəndinə əsasən, Ay ərzində Satıcı tərəfindən təqdim olunan malı təhvil aldıqdan sonra, malın dəyərini hesab fakturaya əsasən 30 gün ərzində Alıcı 100 % həcmində bank köçürməsi yolu ilə ödəniş etməlidir, əks halda ödəniş verilən müddət ərzində edilmədikdə 1 ay möhlət verilir və növbəti aydan başlayaraq hamin məbləğin üzərinə aylıq 5%-i həcmində əlavə olunacaqdır.

2. İş materiallarına əlavə edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cəmi 1368 manat məbləğində məhsul cavabdehə təhvil verilmiş və cavabdeh həmin malları qəbul etmişdir.

3. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə cəmi 1368 manat məbləğində MT2408 seriyalı, 10791480 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən tərəflər arasında bağlanılan 22 may, 2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən müqavilə üzrə alıcıya təslim olunan 1368 manat məbləğində pul, 752 manat dəbbə pulu, hüquqi xidmət olaraq vəkilə ödənilən 400 manat və ödənilən 46 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2566 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında 22 may, 2024-cü il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə iki dəfə meyvə püreləri və siropları satılıb. Bunlardan ilkin alqı-satqı predmeti olan 1722 manatlıq MT2405 seriyalı, 11320975 nömrəli, xx.xx.2024 tarixli qaiməni cavabdeh ödəyib, lakin ikinci alqı-satqı predmeti üzrə MT2408 seriyalı, 10791480 nömrəli xx.xx.2024 tarixli 1368 manatlıq qaiməni və müqavilə üzrə öhdəliyini cavabdeh ödəməyib. Alqı-satqı müqaviləsinin 5.2-ci hissəsinə əsasən, alıcı təqdim olunan malıaldıqdan sonra malın dəyərini fakturaya əsasən 30 gün ərzində 100%həcmində bank köçürməsi yolu ilə ödəməlidir; 30 gün ərzində müvafiq ödəniş olmadığı halda 1 ay möhlət verilir və sonra borclu olunan məbləğə əlavə olaraq aylıq 5% olmaqla dəbbə pulu hesablanır. İddiaçı tərəfindən istehsal və satışı həyata keçirilən qida məhsullarını cavabdeh təhvil almış, lakin 1368 manat məbləğində ödənişi həyata keçirməmişdir. İddiaçı ilə cavabdeh arasındamüvafiq təhvil-təslim aktları imzalanmış, qaimə fakturalar elektron vergi sistemi üzərindən göndərilmişdir, alıcı malın miqdarı və keyfiyyəti ilə bağlı hər hansı irad bildirməmişdir. İddiaçı ödənişlərin həyata keçirilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixində məktub ünvanlayaraq yuxarıda qeyd olunan ikinci qaimə üzrə ödənişləri mart ayının sonuna qədər ödəməsini xahiş etmişdir. Həmçinin, sentyabr ayından etibarən cavabdehlə əlaqə saxlanılır və cavabdehin işçiləri ödənişlərin ediləcəyini vəd etsə də, hər hansı ödəniş həyata keçirilməmişdir. xx.xx.2025 tarixində cavabdehin direktoru Elman Məmmədov tərəfindən yenidən cavabdehə məktub ünvanlanmış, borcun xx.xx.2025-ci il tarixinə qədər ödənilmədiyi halda məhkəməyə müraciət olunacağını bildirib. 1368 manatlıq borcun 11 ay üzrə hesablanan dəbbəpulu faizi 13.68x5x11 = 752 manat təşkil edir.

b) İddiaya qarşı etirazın dəlilləri

6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ:

18. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

19. Mülki Məcəllənin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanunla müəyyən edilmiş əsaslardan - əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgəsinin işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

20. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

21. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 68/05/24 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, satıcı (iddiaçı) hazırkı müqavilənin şərtlərinə uyğun olaraq alıcıya (cavabdehə) təqdim etdiyi qiymət təklifləri və sifariş sənədlərinə (PO, Əlavələr və s.) əsasən razılaşdırılmış miqdarda, növdə, çeşiddə, keyfiyyətdə, vahiddə və qiymətdə olan (malı(lları)) təchiz etməyi, Alıcı isə malların dəyərinin ödənilməsini və qəbul edilməsini öhdəsinə götürmüşdür.

22. İş materiallarına əlavə edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cəmi 1368 manat məbləğində məhsul cavabdehə təhvil verilmiş və cavabdeh həmin malları qəbul etmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə cəmi 1368 manat məbləğində MT2408 seriyalı, 10791480 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.

23. Beləliklə, iddiaçı cavabdehə cəmi 1368 manat məbləğində malları göndərməklə müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

24. Məhkəmə cərimənin tələb edilməsi ilə bağlı dəlilləri və hüquqi əsasları nəzərdən keçirərək hesab edir ki, cərimə tələbi hüquqi baxımdan əsaslı olsa da, həcmi iddiaçı tərəfindən əssassız olaraq şişirdilməklə irəli sürülmüşdür. Məhkəmə cərimənin hüquqi əsasları ilə bağlı qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun qanunda və ya müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

25. Cərimənin həcminə gəldikdə isə, məhkəmə həm öhdəliyin icra edilməməsi müddətini, həm də həcmini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cərimə məbləği həddindən artıq hesablanmışdır. Odur ki, məhkəmə şərh edilənləri nəzərə alaraq cərimənin əsas borca nisbətdə 5% məbləğində hesablanmaqla 70 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

26. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, iddiaçı hüquqi xidmətlə bağlı vəkilə 400 manat məbləğində ödəniş edildiyini bilrisdə də, bununla bağlı ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmə iddianın qismən (təqribən 68% həcmində) təmin edilməsini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 68/05/24 saylı alqı-satqı müqaviləsinə əsasən yaramış 1368 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, cəmi 1438 manat və 31 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar