Məhkəmə qərarları › İş №e-2-2(113)-8189/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8189/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8189/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, əldən çıxmış fayda) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndə/vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 müqavilə üzrə toplam 27033,82 manat məbləğində ödənilməmiş borc, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7% uyğun olaraq) hesablanmış 1892.36 manat faiz borcunun, toplam 28926,18 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olaraq 177 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 bağlanılmış BTM/0160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tarixdən etibarən qarşılıqlı olaraq əməkdaşlıq edilmişdir. Həmin müqaviləyə uyğun şəkildə satıcıdan (cavabdehdən) qida məhsulları alınmış və həmin məhsulların dəyəri alıcı (iddiaçı) tərəfindən ödənilmişdir. Lakin cavabdeh sahibkar aşağıdakı əsaslara görə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 9.3-cü maddəsinə əsasən qaytarılan məhsullar “alıcı” tərəfindən bildirilən qaytarma təqviminə uyğun olaraq “satıcı” tərəfindən təslim alınacaqdır. Təslim alma müddəti “alıcının” yazılı bildirişindən sonrakı 15 günü keçməməlidir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən qaytarılan məhsullar yazılı bildirişdən sonra 15 gün ərzində təslim alınmadığı halda “alıcı” həmin məhsulların dəyəri məbləğində satıcıya faktura kəsəcəkdir. Alıcı tərəfindən 2-ci bildirişin göndərilməsindən sonrakı 15 gün ərzində satıcı geri qaytarılan məhsulları təslim almadığı halda dəyəri Satıcıya faktura edilmək şərti ilə “alıcı” tərəfindən məhv ediləcəkdir. Müqavilə şərtlərinə uyğun olaraq əməkdaşlıq etdiyi müddətdə cavabdehə rəsmi mail ilə məhsulların son istifadə müddətləri bitdiyi, yararsız olduğu üçün satıcı tərəfindən geri alınması ilə bağlı dəfələrlə məlumat verilmiş, lakin cavabdeh tərəfindən rəsmi mail yazışmalarına hər hansı cavab verilməmiş və məhsullar müqavilə ilə müəyyən edilmiş müddətdə cavabdeh (satıcı) tərəfindən geri təhvil alınmamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 9-cu maddəsinə əsasən qaytarılan məhsullar alış qiyməti üzərindən hesablanaraq satıcıya faktura edilərək, bildirilmiş və cavabdeh satıcı tərəfindən e-qaimələr qəbul edilməyərək, geri qaytarılma ilə bağlı vergi daxil 25 833.82 manat məbləğində ödəniş icra edilməmişdir. Həmçinin müqavilə şərtlərinə uyğun olaraq mağaza açılış ödənişləri üçün toplam 1200 manat məbləğində e-qaimə kəsilmişdir ki, həmin məbləğ də cavabdeh tərəfindən ödənilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin həlli olaraq bir neçə dəfə cavabdehlə görüş keçirilmiş rəsmi məktub vasitəsi ilə müraciət edilmiş, lakin cavabdehlə mövcud mübahisə həll edilməmişdir. Mübahisənin məhkəmədən qabaq nizama salınması məqsədilə cavabdehə xx.xx.2025-ci il tarixində X2 vasitəsi ilə online kargüzarlıq altsistemindən rəsmi pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən hər hansı münasibət bildirilməyərək, mövcud borc öhdəliyi icra edilməmişdir. Həmçinin cavabdehə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddia ərizəsi və pretenziya məktubları göndərilmiş, cavabdeh həmin məktublara da məhəl qoymamışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 İddiaçı MMC-yə kəsilmiş e-qaimələr üzrə toplam 1200 manat və geri qaytarılma ilə bağlı qeyd edilmiş məhsulların dəyəri olaraq hesablanmış vergi daxil 25 833.82 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.3, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, şirkət olaraq məhsullar hissəvi şəkildə sifariş edilir. Burada məsələ satılmama deyil, məhsulların keyfiyyətində problemlərin olmasıdır. 11-ci sənəddəki cədvəl hər mağaza açılanda onlara edilməli olan 400 manat ödənişi göstərir. Hər açılışda tərəf ona pul ödəməlidir. 1200 manat açılış üçün tələb edilir. Qalan hissədə isə satıcı məhsulu almalıdır. Bu halda mallar depoya göndərilir. Malın alınmasına dair ödənişlər edilmişdir. Elektron qaimələr vardır. Qarşı tərəfə fakturalar vurulmamışdır. Tərəf ödənişləri qəbul etmir. Tərəflər arasında imzalanmış müqavilənin ilkin səhifəsində qeyd edilən “mağaza açılış ödənişi” 400 manat, yeni mal çeşidi tanıtma endirimi 15 manat, əlavə cari açma ödənişi 1000 manat məbləğlər ticarət razılaşmasıdır. Mağaza açılışları məhkəməyə təqdim edilən vergidən çıxarışlarla təsdiq edilir. 3 mağaza açılıb və həmin 3 mağazaya da tərəf malı təhvil verib. Mallar yeni açılmış mağazaya deyil, birbaşa anbara gətirilirdi və daha sonra həmin mallardan yeni açılmış mağazaya göndərilirdi. Bu razılaşma şifahi qaydada olmuş, rəsmi yazışma olmamışdır. Müqavilədə əlavə qeyd olunduqda ya tərəf nəsə narazılıq etdikdə bu hal müqavilədə qeyd-şərtlə göstərilir. Onlar malları aldıqda müqavilənin əsas şərtlər hissəsində ödəmə şəklinə əsasən faktura təqdim edildikdən 45 gün ərzində ödəniş etməli idilər. Odur ki, onlar müddət çatdıqda malların satılıb-satılmamasından asılı olmayaraq ödəniş edirdilər. Bu səbəbdən artıq ödəniş etmişdilər. 25000 manat malın satışı mümkün olmadığı üçün malların geri qaytarılmasını və həmin məbləği tələb edirlər. Digər qalan hissədə mübahisə yoxdur. Ödənişini geri istədiyi malların onlara təhvil verilməsi ilə bağlı konkret müddət, təhvil-təslim aktı yoxdur. Odur ki, malların verilmə tarixi ilə bağlı onlarda məlumat yoxdur. Mallar verilir, daha sonra təxminən 1 həftə sonra e-qaimə vurulurdu, eyni gündə vurulmurdu. Bütünlükdə 1 qaimə üzrə borc yaranmamışdır. Ola bilirdi ki, 1 qaimə üzrə müəyyən ödənişlər edilib, lakin müəyyən mallarla bağlı problem olduğu üçün onu geri qaytarmışlar. Malların satılmaması ilə bağlı mail vasitəsi ilə rəsmi məlumat verilmişdir, lakin qüsuru ilə bağlı hər hansı rəsmi yazışma olmamışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən 90 gün ərzində alıcının mağazasında satılmayan məhsullar alıcı tərəfindən məhsul siyahısından çıxarılmalı idi. Lakin burada məlumatın mağazaya verilməsi, mağaza ilə ofis arasında yubanma, malların gətirilməsi müəyyən vaxt tələb edir, vaxt gedir. Bu səbəbdən 90 gün müddəti ötürmüşlər. Mallarda alıcılıq keyfiyyəti aşağı düşdüyü üçün mallar tərəfə qaytarılmışdır. İyun ayında verilmiş mallar satılmamış, lakin avqust ayında olan sifariş satılmışdır. Bunun səbəbi o ola bilər ki, qablaşdırmada cüzi qüsur olub. Lakin bunu sübut edə bilmir. Mart ayında verilmiş sifariş üzrə olan məhsul zəif satılsa da yenə də sifarişləri davam etdirməli idilər. Çünki sifariş vermədiyi təqdirdə martdakı məhsulun satılma müddətinin ötmə ehtimalı var, yararlılıq müddəti keçə bilər. Onlar məhsul satışını davam etdirməli idilər, dayandıra bilməzdilər. Yenidən sifariş təyin edilir. Bütünlükdə malların satılmamasından söhbət getmir. Hissə-hissə satılırdı, müəyyən hissəsi isə satılmırdı. Malların əsaslı olaraq qaytarılma səbəbi alıcılıq keyfiyyətinin aşağı düşməsi və satılmaması olmuşdur. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin avqust ayında verilmiş mallarla bağlı ərizəsi var. Avqust ayında verilən malların da götürülməsini qarşı tərəfdən tələb edirlər. Avqust ayında anbara verilmiş mallarla bağlı sübut olmasa da, bu hal videogörüntülərdə öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, malları sənəd imzalayaraq təhvil alırdılar. Bu zaman son istifadə tarixləri yoxlanılır və sayılır. Malların nə qədər müddətə yoxlanıldığını dəqiq bilmir. Qatılaşdırılmış süd məhsullarının hazırlanmasından sonra satışa nə zaman çıxması məsələsi iş üzrə əhəmiyyətli deyildir. Həmin 3 mağazanın açılışı üzrə ödəniş qaimələri cavabdeh tərəfindən qəbul edilmişdir. Zabrat ərazisində xx.xx.2023-cü il tarixdə, Xırdalan ərazisində xx.xx.2023-cü il tarixdə, Balakən ərazisində isə xx.xx.2023-cü il tarixdə açılış olmuşdur, bu işin mübahisəsiz halıdır. Həmin malların geri qaytarılma səbəbi malların satılmaması, kassadan keçirilməməsidir. Bunun müxtəlif səbəbi ola bilər. Bu hala malda qüsurun aşkarlanması, keyfiyyət dərəcəsi, alıcılıq qabiliyyətinın aşağı düşməsi daxil ola bilər. Malın qüsurlu olması, qüsurun aşkar olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi malların qüsurlu olması səbəbindən geri qaytarıldığını, lakin hazırkı mərhələdə malların qüsurlu olması səbəbindən deyil, alıcılıq keyfiyyətinin aşağı düşməsi səbəbindən geri qaytarıldığını bildirir. İddiaçı tərəfin verdiyi izahatlar bir-birinə ziddir. Malların qüsuru ilə bağlı sübut təqdim etmədiyini bildirir. Qanunvericiliyə əsasən də qüsur ağlabatan müddətdə görünməli və tərəfə bildirilməli idi. Tərəflər arasında bağlanılmış müqavilənin 11-ci bəndinə əsasən keyfiyyət təminatına əsasən şərtlər qeyd edilmişdir. Burada da birbaşa göstərilmişdir ki, alıcı satıcının mal qəbulu aparılmış məhsullarını 3 ayda bir dəfə olmaqla laborator şəraitdə yoxlatdıra və analiz etdirə bilər. Laborator analiz xərcləri nəticəsindən asılı olmayaraq, satıcı tərəfindən qarşılanacaqdır. Bundan əlavə, alıcı vaxtaşırı olaraq satıcının istehsal yerlərini yoxlatdıra bilər. Qarşı tərəf məhkəmənin verdiyi suala cavab olaraq 90 gün müddətin özlərinin səhvi ucbatından ötürüldüyünü etiraf etdi. Həmçinin qarşı tərəfin xx.xx.2023-cü il tarixli pretenziya məktublarına cavab olaraq bildirilmişdir ki, onlar tərəfindən ən son xx.xx.2023cü il tarixində mal onlara təhvil verilmişdir. Göründüyü kimi bu hissədə müqavilə şərtləri pozulmuşdur. Tərəfindən xx.xx.2023-cü il tarixindən əvvəl təhvil verilmiş malların geri qaytarılması üçün xx.xx.2023-cü il tarixli müraciətləri etibarsızdır, çünki artıq o mallar qarşı tərəfin mağazalarında 1 ilə yaxındır ki, qalırdı. Əgər satılmırdısa 90 gün sonra məhsullar siyahıdan çıxarılıb geri götürülməsi üçün müraciət edilməli idi. Göründüyü kimi bu hissədə də müqavilə şərtləri pozulmuşdur. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixindən əvvəl təhvil verilmiş malların satılmasında problem var idisə nəyə görə yenidən mal sifarişi və qəbulu olmuşdur. xx.xx.2024-cü il tarixdə qarşı tərəfə məlumat verilmişdir ki, əgər ən son sifariş olunan mallarla bağlı problem varsa geri götürməyə hazırdılar. Bu məsələ ilə də bağlı tərəflər arasında dəfələrlə görüşlər olmuşdur. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf dəfələrlə məhkəmə iclaslarında verdiyi izahatlarda avqust ayı ilə bağlı heç bir problemin olmadığını bildirmiş və onlar da 3 mağazanın açılışı ilə bağlı olan hissəni qəbul etmişdir. Pretenziya verildikdən sonra malları götürməyə getdikdə qarşı tərəf malları götürməklərinə maneçilik yaratmış, avqust ayında verilmiş mallar götürüldüyü təqdirdə digər mübahisə olunan malların da hamısının götürülməli olduğunu, əks təqdirdə heç bir malın təhvil verilməyəcəyini qeyd etmişlər. Bu səbəbdən avqust ayında verilmiş mallar qarşı tərəfin anbarında qalmışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müraciət vardır və daha sonra cavab yazılmışdır. Tərəflər arasında alqı-satqı olmuşdur və 6 dəfə mallar verilmişdir. Əsas məsələ odur ki, qatılaşdırılmış süd məhsullarından söhbət gedir. Burada 90 gün müddət nəzərdə tutulmuşdur. Maya dəyərindən aşağı satılmağa çalışılmışdır. Tələbat olduğu üçün də sifarişlər edilmişdir. 6-cı partiyada mallar verildikdən 3 ay sonra malların geri götürülməsi məsələsi ortaya çıxdı. Tərəfindən sadəcə sonuncu partiya malların götürüləcəyi bildirildi. 90 günə satılmayan məhsulun məhsul siyahısından çıxarılması müqavilədə qeyd edilsə də, 90 gündən artıq keçən məhsullar barəsində malların onlara geri qaytarıla bilməməsi ilə bağlı müqavilədə konkret qeyd yoxdur. Lakin işgüzar münasibətlər bu qaydada formalaşmışdır. Digər tərəfdən də ümumilikdə bu müqavilə üzrə 120000 manatlıq sifariş olunmuşdur. Mallar satılmadığı təqdirdə qarşı tərəfdən yenə də mal sifarişi həyata keçirilirdi. Faktiki olaraq düşünürdü ki, yəqin sifariş verilən mallarda problem yoxdur. Nəticə etibarilə satıcı da düşünüb ki, mallar satılır və bu səbəbdən yeni sifarişlər verilir. Ən son 7000 manat məbləğində mal sifarişi olunmuşdur. Məhsullarda istifadə, yararlılıq müddəti 9 ay, maksimum 1 il olur. Bu səbəbdən müqavilədə 90 gün qeyd edilmişdir ki, əgər mal geri qaytarılırsa daha ucuz qiymətə və ya maya dəyərinə həmin məhsul satılmağı üçün 6 ay müddət vaxtı olsun. Malın yararlılıq müddəti ötməsin. Yalnız Zabrat ərazisində xx.xx.2023-cü il tarixdə olan mağaza açılışını qəbul edir. Pretenziya məktubundan sonra rəsmi olaraq onlara cavab məktubu yazmışdır ki, təkcə xx.xx.2023-cü il tarixində təhvil verilmiş malların geri qaytarılması hissəsində geri qəbul edə bilər. Daha sonra görüşlər də olmuş və münasibətlər davam etmişdir. Görüş olan zaman həmin mallar anbarda idi. Mallar anbara yığılmışdı və bununla bağlı video-görüntülər də var. Mallarda heç bir qüsur aşkar olunmamışdır və razılaşma əsasında onlara mal geri qaytarılmamışdır. Onsuz da qarşı tərəf avqust ayında olan məhsullarda heç bir problem olmadığını bildirir. Avqust ayında göndərilmiş malların mağaza açılışında istifadə olunması barədə məlumatı yoxdur və bununla bağlı tərəflər arasında əlavə razılaşma da olmamışdır. İlkin mərhələdə iddia tələbini qismən 400 manat məbləğində qəbul edirdi. Çünki ona bildirilmişdi ki, pretenziya məktubu verildikdən sonra mağazalar açılmışdır. Lakin hazırkı mərhələdə aparılmış araşdırmalara əsasən mağaza açılışına görə iddia tələbindən 1200 manat məbləği qəbul edir. İddiaçının nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, sonuncu partiya xx.xx.2023-cü il tarixində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, İddiaçı MMC-ni satınalmadan tanıyır. Onlar 2022-ci ilin yanvar ayında İddiaçı MMC ilə müqavilə bağlamışdır. Həmin müddətə kimi onların bu şirkətlə müqavilə münasibətləri olmamışdır. Onlar bütün ölkə ərazisində məhsulu marketlərə, topdan satış mərkəzlərinə rəsmi formada satırlar. Həmin dönəmdə Rusiya-Ukrayna müharibəsi başladığı üçün bazarda məhsul qıtlığı yaranmışdı. İddiaçı MMC məhsulu olmadığı üçün satınalma şöbəsi onlara müraciət edərək onların məhsullardan 3 çeşid məhsul seçərək qarşılıqlı şəkildə razılaşdılar ki, məhsullar depoya təhvil veriləcək. Çünki onlar fiziki şəxs olaraq məhsulların mağazalara çatdırılmasını təmin edə bilməzdi. 2 məhsulun yararlılıq müddəti dəmir qabda olduğu üçün 12 ay idi, digər məhsul isə plastik qabda olduğu üçün yararlılıq müddəti daha az, 9 ay idi. Məhsulu ölkəyə gətirərkən X1 tərəfindən məhsulun tərkibi və qablaşdırılmasının insana zərər verməməsi haqqında onlara sertifikat verilirdi. İddiaçı MMC-nin deposunda anbardardan başqa məhsulun keyfiyyətinə nəzarət edən şəxs var. Bu şəxs məhsulun qablaşdırılması və ya tərkibində problem olmadığına görə onlardan sertifikatı da tələb edirdi və onlar məhsulları onların deposuna təhvil verdikdə həmin sertifikatı da qarşı tərəfə təqdim edirdilər. və məhsulun yararlılıq müddəti 20%-dən yuxarı olduqda malı depoya qəbul etmirdilər. Onlar rəsmi şəkildə 5 dəfə malları depoya təhvil vermişdir. İddiaçı MMC-nin irəli sürdüyü bütün qaydalara riayət etmişlər. 5 ay müddətində 125105,60 manat dəyərində mal vermişlər. Onlara ödənişləri satınalma şöbəsi deyil, məhz maliyyə şöbəsi vaxtında edirdi. Lakin sonuncu ödənişdən 10 gün sonra bəzi məhsulların geri götürülməsi haqqında məlumat verdilər. Vaxtı bitmədən keyfiyyətində problem olmaya-olmaya öz depolarına aparmışlar. Hər yeni dükan açılışına görə 400 manat ödənilməsi barədə razılığa gəlmişdilər və rəsmi şəkildə qaimələr üzrə 3 dükanın açılışı üzrə ödənişlərini etmişdilər. Daha sonra yenidən 3 mağazanın açılışı üzrə müraciət olunduqda bu məbləğin ödənilməsindən imtina etdilər. Ümumilikdə 125105,60 manat məbləğdə sifariş üzrə İddiaçı MMC-nin 1606,52 manat borcu qalmışdır. Ödənişi etdikdən sonra məhsulun geri qaytarılma səbəbini bildirmədən ödənişlərini tələb edirlər. Onların pretenziya məktublarına rəsmi cavab yazsalar da qarşı tərəf rəsmi olaraq geri dönüş etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, geri qaytarılması tələb edilən məhsulların çeşidi qarışıq idi. Həm dəmir qablaşdırmada olanlar, həm də plastik qablaşdırmada olan məhsullar var idi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, Cavabdeh2 əmək müqaviləsi üzrə rəsmi işçisi olmuşdur. Bütün malların anbardan onların deposuna çatdırılmasında iştirak etmişdir. Malların hamısının təhvil verilməsində özü iştirak etmişdir. Mal verilməmişdən qabaq keyfiyyətə nəzarət bütün mallara baxış keçirirdi, yoxlayırdı, sertifakat göstərilirdi, daha sonra malı təhvil alırdılar. Təhvil-təslim aktına imza çəkib gedirdilər. Onlara malların yararlılığı və ya hər hansı qüsuru barədə heç bir irad bildirilməmişdi. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, 2024cü ilin fevral ayında o özü anbara getmişdi. O, malı təhvil vermişdi deyə yalnız anbara içəriyə qoydular, başqa şəxsin ora girişi qadağan idi. Malların video-görüntüsünü çəkmişdi və heç bir malda qüsur yox idi. İddiaçının nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, onun malı götürmə səlahiyyəti də var, çünki girişə onun icazəsi var idi. Lakin heç bir məhsulu götürməmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mallar götürülməmişdən qabaq hər partiya mal təhvil verildikcə nəzarət keyfiyyət şöbəsi tərəfindən mallar yoxlanışdan keçirilirdi. Axırıncı partiyada verilən hansısa məhsulun depoda olmadığını bildirdilər. O, da depoda olan malların videoçəkilişini etdi. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında imzalanmış BTM/0160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı "Alıcı"ya təhvil verməyi, "Alıcı” isə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə Malı qəbul edib, bu müqavilənin Ticarət şərtiəri bölməsində göstərilən şərtlərlə dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən ödəniş müddəti faktura tarixindən etibarən hesablanır. 2.6cı bəndinə əsasən qəbul edilmiş məhsulların fakturası ən geci növbəti gün ərzində göndərilməlidir. 3.3-cü bəndinə əsasən "Satıcı"nın təklif etdiyi məhsullar Bazarstore Ticari Komitəsinin qərarlarına əsasən Bazarstore məhsul siyahısına əlavə ediləcəkdir. "Alıcı" məhsul siyahısına yeni əlavə edilən məhsulun satış və gəlirlilik performansını dəyərləndirərək məhsulu məhsul siyahısından xaric etmək hüququna sahibdir. "Alıcı" xaric edilən məhsullar barədə "Satıcı"nı qabaqcadan məlumatlandırır. 3.4-cü bəndinə əsasən 90 gün ərzində “Alıcı”nın mağazalarında satılmayan məhsullar “Alıcı” tərəfindən məhsul siyahısından çıxarılır. 3.5-ci bəndinə əsasən məhsul siyahısından çıxarılan məhsullar mağazalar və ya mərkəzi anbar tərəfindən "Satıcı"ya geri qaytarılır. "Satıcı" geri qaytarılan məhsulları 15 gün ərzində geri götürmək məcburiyyətindədir. 9.3-cü bəndinə əsasən qaytarılan məhsullar "Alıcı” tərəfindən bildirilən qaytarma təqviminə uyğun olaraq "Satıcı" tərəfindən təslim alınacaqdır. Təslim alma müddəti "Alıcı"nın yazılı bildirişindən sonrakı 15 günü keçməməlidir. 9.4-cü bəndinə əsasən qaytarılan məhsullar yazılı bildirişdən sonra 15 gün ərzində təslim alınmadığı halda "Alıcı" həmin məhsulların dəyəri məbləğində (alış qiyməti üzərindən hesablanacaqdır) "Satıcı”ya faktura kəsəcəkdir. 9.5-ci bəndinə əsasən Alıcı tərəfindən 2-ci bildirişin göndərilməsindən sonrakı 15 gün ərzində "Satıcı" geri qaytarılan məhsulları təslim almadığı halda dəyəri "Satıcı"ya faktura edilmək şərti ilə "Alıcı" tərəfindən məhv ediləcəkdir. 9.6-cı bəndə əsasən "Satıcı" təhvil verilən malı təhviltəslim sənədi ilə təqdim edəcək və əks təqdirdə malı geri qaytaracaqdır. 10.4-cü bəndinə əsasən yeni açılacaq mağazalara sifariş və göndərmə planı hər iki tərəfin razılığına əsasən plana əlavə ediləcəkdir. 11.1-ci bəndinə əsasən “Alıcı" "Satıcı"nm mal qəbulu aparılmış məhsullarım 3 ayda bir dəfə olmaqla laborator şərəaitdə yoxlatdıra və analiz etdirə bilər. Laborator analiz xərcləri nəticəsindən asılı olmayaraq, "Satıcı" tərəfindən qarşılanacaqdır. Bundan əlavə, "Alıcı" vaxtaşırı olaraq "Satıcı"nın istehsal yerlərini yoxlatdıra bilər. Mağaza açılış ödənişi 400 manat nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, əməkdaşlıq edilən müddətdə tərəfinizə rəsmi mail ilə məlumatlandırılan məhsulların son istifadə müddətləri bitdiyi üçün alıcı tərəfindən geri qaytarılması müəyyən edilmişdir. Lakin rəsmi mail yazışmalarına hər hansı cavab verilməmiş və məhsullar (satıcı) tərəfinizdən geri təhvil alınmamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 9.3-cü maddəsinə əsasən qaytarılan məhsullar “alıcı” tərəfindən bildirilən qaytarma təqviminə uyğun olaraq “satıcı” tərəfindən təslim alınacaqdır. Təslim alma müddəti “alıcının” yazılı bildirişindən sonrakı 15 günü küçməməlidir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən qaytarılan məhsullar yazılı bildirişdən sonra 15 gün ərzində təslim alınmadığı halda “alıcı” həmin məhsulların dəyəri məbləğində satıcıya faktura kəsəcəkdir. Alıcı tərəfindən 2-ci bildirişin göndərilməsindən sonrakı 15 gün ərzində satıcı geri qaytarılan məhsulları təslim almadığı halda dəyəri Satıcıya faktura edilmək şərti ilə “alıcı” tərəfindən məhv ediləcəkdir. Göstərilənlərə əsasən məhsulları 3 (üç) gün ərzində geri təhvil alınması və kəsilən fakturaların qəbul edilməsi xahiş olunur. Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı MMC ilə arasında olan BTM/0160/2022 nömrəli müqavilə üzrə əməkdaşlığı davam edir. Həmin müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, 90 gün ərzində Alıcının mağazalarında satılmayan məhsullar məhsul siyahısından çıxarılır. 3.5-ci bəndində isə göstərilmişdir ki, məhsul siyahısından çıxarılan məhsullar mağazalar və ya mərkəzi anbar tərəfindən Satıcıya geri qaytarılır. Satıcı geri qaytarılan məhsulları 15 gün ərzində geri götürmək məcburiyyətindədir. Tərəfinizdən məhsulların geri qaytarılması ilə bağlı rəsmi mail ünvanına müraciət xx.xx.2023-cü il tarixində bizə göndərilmişdir. Bizim tərəfimizdən ən son xx.xx.2023-cü il tarixində sizə mal təhvil verilmişdir. Həmin malların təhvil verilmə müddətindən 90 gün keçməmiş isə geri qaytarılması xahiş olunmuşdur. Göründüyü kimi bu hissədə müqavilə şərtləri pozulmuşdur. Tərəfimizdən xx.xx.2023-cü il tarixindən əvvəl təhvil verilmiş malların isə geri qayatarılması üçün xx.xx.2023-cü il tarixli müraciətiniz etibarsızdır, çünki artıq o, mallar sizin mağazalarda 1 ilə yaxındır ki, qalırdı. Əgər satılmırdısa BTM/0160/2022 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən 90 gün sonra məhsullar siyahıdan çıxarılıb geri götürülməsi üçün müraciət edilməli idi. Göründüyü kimi bu hissədə də müqavilə şərtləri pozulmuşdur. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023cü il tarixindən əvvəl təhvil verilmiş malların satılmasında problem var idisə niyə yenidən mal sifarişi və qəbulu olmuşdur. Ona görə də biz xx.xx.2023-cü il tarixindən əvvəl təhvil verilmiş malların geri qaytarılması hissəsində sizin xahişinizi icra edə bilmirik. Lakin yekunda onu bildiririk ki, təkcə xx.xx.2023-cü il tarixində təhvil verilmiş malların geri qaytarılması hissəsində razısınızsa onları geri qəbul edə bilərik. İddiaçı MMC tərəfindən Cavabdeh2 mağaza açılışı üzrə ödəniş edilməsi üçün EBDV seriyalı, 469234 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 399.99 manat, EBEA seriyalı, 247721 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 399.99 manat, EBDV seriyalı, 509463 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 399.99 manat olan elektron qaimələr göndərilmişdir. Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə məhsulların dəyərinin ödənilməsi üçün EBDC seriyalı, 216117 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 8911 manat, EBDC seriyalı, 219552 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 29442.90 manat, EBDG seriyalı, 874869 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 23516.80 manat olan elektron qaimələr göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh2 alınmış məhsulların dəyəri üzrə xx.xx.2023-cü il tarixli elektron qəbzə əsasən 21.186,44 manat, xx.xx.2023-cü il tarixdə 4.237,29 manat, xx.xx.2023-cü il tarixdə 2.542,37 manat, xx.xx.2023-cü il tarixdə 22.881,36 manat, xx.xx.2023-cü il tarixdə 12.711,86 manat, xx.xx.2023-cü il tarixdə 8.474,58 manat, xx.xx.2023-cü il tarixdə 2.966,10 manat, xx.xx.2023-cü il tarixdə 4.237,29 manat ödənişlər edilmişdir. İş materiallarına əlavə olunmuş e-mail yazışmalarından görünür ki, iddiaçı tərəfindən qrafik üzrə adı və dəyəri qeyd olunmuş malların Cavabdeh2 tərəfindən geri götürülməsi xahiş olunmuşdur. İşdə olan cədvəldən görünür ki, geri götürülməsi tələb olunan malların cəmi dəyəri 25833,82 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 584.1-ci maddəsinə əsasən qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət (yararlıq müddəti) müəyyənləşdirilə bilər. 584.2-ci maddəsinə əsasən satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. 585-ci maddəsinə əsasən əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.6-cı maddəsinə əsasən yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) müqavilə üzrə toplam 27033.82 manat məbləğində pulun; 2) Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7.00 % uyğun olaraq) hesablanmış 1892.36 manat faiz borcunun cavabdehdən tutulması. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı "Alıcı"ya təhvil verməyi, "Alıcı” isə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən iddiaçının hər yeni açılan mağazasına görə cavabdeh 400 manat ödəniş etməlidir. Həmin müqavilə üzə 5 ay müddətində 5 dəfəyə cavabdeh iddiaçıya ümumilikdə 125105,60 manat dəyərində mal vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu şəkilində hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Çünki müqavilə şərtinə uyğun olaraq cavabdehin iddiaçıya 3 yeni mağaza açılışına görə hər biri 400 manat olmaqla, 1200 manat borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalar və cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapmışdır. Odur ki, cavabdehin iddiaçıya mağaza açılışları üzrə 1200 manat borcu olması işin mübahisəsiz halıdır, ona görə də həmin hissədə iddia təmin olunmalıdır. Lakin iddia tələbinin qalan hissəsi – 25833,82 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi ilkin izahatlarında malların geri qaytarılma əsasının keyfiyyətlə əlaqədar olduğunu bildirsə də, mallardakı qüsurlar və həmin qüsurlara görə cavabdehə müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən satılmış məhsulların qablaşdırılmasında qüsur olduğu və bu qüsuru gözlə aşkar etmək mümkün olduğu halda iddiaçının ağlabatan müddətdə bu barədə cavabdehə bildiriş verməməsi, əksinə dövri olaraq yeni sifarişlər edərək məsullar alması, təhvil verilmiş malların qüsurlu olmadığını, iddiaçının nümayəndəsinin məhsulun qüsuru ilə bağlı dediklərinin həqiqətə uyğun olmadığını göstərir. Odur ki, iddiaçının nümayəndəsi məhsuların qüsurları ilə bağlı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Habelə xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubda məhsulların son istifadə müddəti bitdiyi üçün geri qaytarılmasına görə müraciət edildiyi, lakin məhsulların təhvil alınmadığı qeyd edilmişdir. Bununla bağlı məhkəmə iclasında baxış keçirilmiş video görüntüdə, cavabdehin nümayəndəsinin iddiaçının anbarında olduğu məhsulları video ilə çəkdiyi, vizual olaraq məhsullarda qüsur olmadığı, metal qablaşdırmada olan məhsulların müddətinin başa çatmadığı aydın görünür. Bundan başqa tərəflər müqavilənin 3.4 və 3.5-ci bəndləri ilə 90 gün ərzində “Alıcı”nın mağazalarında satılmayan məhsulların “Alıcı” tərəfindən məhsul siyahısından çıxarılmasını, həmçinin məhsul siyahısından çıxarılan məhsulların mağazalar və ya mərkəzi anbar tərəfindən “Satıcı”ya geri qaytarılmasını razılaşdırmışlar. İddiaçı xx.xx.2023-cü il tarixində təhvil aldığı məhsullar satılmadığı halda qaytarmaq üçün həmin ilin iyul ayında, xx.xx.2023-cü il tarixində aldığı məhsullar satılmadığı halda qaytarmaq üçün isə həmin ilin oktyabr ayında cavabdehə müraciət edə bilərdi. Lakin iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, həmin tarixə uyğun olaraq da cavabdeh avqust ayında təhvil verdiyi məhsulları götürməyə razı olduğunu bildirmişdir. Göründüyü kimi müqavilədə şərtləşdirilmiş 90 gün ərzində satılmayan məhsulların qaytarılması ilə bağlı iddiaçının vaxtında müraciət etməməsi, həmin məhsulların yararlılıq müddətinin başa çatmasına qısa müddət qaldığı halda müraciət etməsi cavabdehin haqlı olaraq geri qaytarmadan imtina etməsinə səbəb olmuşdur. Çünki iddiaçı 90 gün ərzində satılmayan məhsulların qaytarılması ilə bağlı vaxtında müraciət etdiyi halda cavabdehin həmin məhsulları yararlılıq müddətində başqa şəxslərə sataraq gəlir əldə etmək, ziyana düşməmək imkanı ola bilər. Eyni zamanda, mart və iyun aylarında təhvil alınmış məhsulların satılmaması iddiaçıya məlum olduğu halda, onun sonrakı dövrlərdə əlavə sifarişlər verməsi və sonuncu dəfə avqust ayında təhvil alınmış məhsullar üzrə hər hansı mübahisənin mövcud olmaması onu göstərir ki, iddiaçı tərəfindən geri qaytarılması tələb edilən məhsullar üzrə irəli sürülmüş pul tələbinin faktiki və hüquqi əsasları iş materialları ilə təsdiq edilmir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə məhsulların geri qaytarılması müqavilədə nəzərdə tutulmuş şərtlərə və müddətlərə riayət edilməklə həyata keçirilməli olduğu halda, iddiaçı tərəfindən həmin şərtlərə əməl edildiyi sübuta yetirilməmişdir. Bu səbəbdən geri qaytarılmayan məhsulların dəyərinin cavabdehdən tutulması üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının geri qaytarılmayan malların dəyəri üzrə 25833,82 manat tələb etməsi əsassızdır, buna görə də təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi - Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7.00 % uyğun olaraq) hesablanmış 1892.36 manat faiz borcunun cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi və pul məbləğini özündə saxlaması nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Həmçinin iddiaçının 25833,82 manat tələbi əsasssız olduğundan təmin olunmamışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 177 manat dövlət rüsumunun 32 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1200 (bir min iki yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manatının əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar