Məhkəmə qərarları › İş №e-2-2(113)-819/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-819/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-819/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı müqaviləsinin etibarsız hesab edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində olan iddiaçıya məxsus ********** saylı VÖEN-ə göndərilmiş müxtəlif markalı tütün məmulatlarına dair elektron qaimələrin ləğv edilməsi öhdəliyinin həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 03 sentyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında iddiaçıya ********* saylı VÖEN-ə, 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytanlması vəzifəsinin Cavabdeh QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC tərəfindən 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə iddiaçıya məxsus VÖEN-ə elektron qaimələr göndərilmişdir. 02 avqust 2016-cı il tarixdən iddiaçı sahibkarlıq fəaliyyətini dayandırdığından ona məxsus ********** saylı VÖEN-nin fəaliyyəti dayandırılmışdır. Ona məxsus ********** saylı VÖEN-ə qanunsuz olaraq göndərilmiş elektron qaimələrin nəticəsində iddiaçının vergi borcu yaranmışdır. Həmin borcdan iddiaçının məlumatı yoxdur, qaimələrdə qeyd edilmiş müxtəlif markalı tütün məmulatlar ona təqdim edilməmiş və onun tərəfimdən həmin mallar pərakəndə satılması üçün alınmamışdır. İddiaçı fiziki şəxs kimi 2016-cı il tarixdən sahibkarlıq fəaliyyətimi dayandırmış, həmin elektron qaimələr qanunsuz olaraq göndərilmiş və həmin qaimələrə dair göstərilən tütün məmulatları tərəfimdən qəbul edilməmişdir. Cavabdeh QSC 03 sentyabr 2018-ci il tarixli müqavilə tərtib edərək iddiaçıya məxsus olmayan imza ilə hazırlanmış müqaviləni Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə təqdim etmiş və onun əsasında iddiaçıya məxsus VÖEN-ə 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələr təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinə yaranmış vergi borcunun silinməsinə dair işə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək ona məxsus ********* saylı VÖEN-ə 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə elektron qaimələrin göndərilməsinə əsas olmuş cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinə istinad edilmişdir. Lakin, həmin müqavilə onun tərəfindən imzalanmamış və cavabdeh imzanı saxtalaşdıraraq müqavilə hazırlamışdır. Buna görə də həmin müqavilə etibarsız hesab olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli, e-2-2(113)-819/2022 saylı qərardadına əsasən iş üzrə icraata “04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytanlması vəzifəsinin Cavabdeh QSCyə həvalə edilməsi” hissəsində xitam verilmişdir. İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Bakı İnzibati Məhkəməsinə yaranmış vergi borcunun silinməsinə dair işə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək ona məxsus ********* saylı VÖEN-ə 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə elektron qaimələrin göndərilməsinə əsas olmuş cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinə istinad edilmiş və onun bu müqavilənin mövcud olması ona həmin vaxt məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı tərəfindən pul ödənişi edilmiş, əvəzində cavabdeh tərəfindən razılaşdırılmış miqdarda mal vermiş, elektron vergi hesab faktura tərtib olunmuşdur. Bu xüsusatlar onu göstərir tərəflər arasında alqı-satqı prosesi baş vermişdir. Mallar ekspeditor tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi əraziyə təhvil verilmiş və ödənişlər alınmışdır. Bundan başqa, əqdlərin etibarsızlığı üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 illik kəsici müddət də ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: 03 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən satıcı - Cavabdeh QSC alıcı - İddiaçı sifariş etdiyi tütün məmulatları ilə təmin etməyi, sonuncu tərəfindən malların dəyəri ödənildikdən sonra 10 gün ərzində çatıdırlmasını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin 07 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti 02 avqust 2016-cı il tarixdən 02 avqust 2021-ci il tarixədək dayandırılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir Yuxarıda qeyd olunan plenum qərarında həmçinin qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Cavabdehin iddiaya etirazının əsasları, yəni, tərəflər arasında faktiki olaraq alqı – satqı müqaviləsi üzrə münasibətlərin olması, malların təhvil verilməsi və s. o halda araşdırıla bilərdi ki, mübahisənin predmetini müqavilə üzrə öhdəliklərin yerinə yetirilib – yetirilməməsi təşkil etsin. Lakin hazırkı mübahisənin predmetini tərəflər arasında bağlanmış 03 sentyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi təşkil edir və buna görə də əqdin etibarlı olması üçün şərtlərin mövcud olmamasına diqqət yetirilməlidir. Hazırkı tələb üzrə qeyd olunan şərtlərdən biri - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərt mübahisələndirilir və mübahisənin də əsasını o, təşkil edir ki, 03 sentyabr 2018-ci il tarixli müqavilə iddiaçı tərəfindən imzalanmamışdır, yəni, əqdin bağlanmasında onun iradə ifadəsi mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2-2(113)-819/2022 saylı qərardadına əsasən müqavilədəki imzanın iddiaçıya məxsus olub – olmamasının müəyyən etmək üçün məhkəmə – xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə – xətşünaslıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 4/1259 saylı rəyində qeyd olunmuşdur ki, 03 sentyabr 2018-ci il tarixli müqavilədə “Alıcı” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, ekspert rəyinə əsasən müəyyən olunur ki, müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi mövcud deyildir və qeyd olunan xüsusat əqdin etibarsızlığı üçün əsasdır. Cavabdehin iddiaya etirazının digər əsasını o təşkil edir ki, əqdlərin etiarsızlığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. İddiaçının əsaslandırmasına görə Bakı İnzibati Məhkəməsinə yaranmış vergi borcunun silinməsinə dair işə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək ona məxsus ********* saylı VÖEN-ə 04 sentyabr 2018-ci il tarixdən 12 mart 2019-cu il tarixədək olan dövr üzrə 30851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə elektron qaimələrin göndərilməsinə əsas olmuş cavabdeh tərəfindən təqdim edilmiş alqısatqı müqaviləsinə istinad edilmiş və onun bu müqavilənin mövcud olması ona həmin vaxt məlum olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə bu xüsusatın əksini, yəni, iddiaçının həmin vaxtdan əvvəl müqavilə barədə məlumatı olmasını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, müddətin ötürülməsi ilə bağlı cavabdehin etirazı əsassızdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 03 sentyabr 2018-ci il tarixli müqavilə İddiaçı tərəfindən imzalanmadığından həmin əqdin bağlanmasında onun iradə ifadəsi mövcud olmadığına görə müqavilə etibarsız hesab olunmalıdır. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 03 sentyabr 2018-ci il tarixli aqlı-satqı müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 manat məbləğində pul vəsaiti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar