Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8190/2025 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı iddia ərizəi ilə məhkəməyə müraciət edərək, avtomobilin istifadədə olduğu müddətdə 6.932,84 manat əsas, 4.511,22 manat faiz borcu, 1.895,79 manat dəbbə pulu olmaqla, ümumilikdə 13.339,85 manat məbləğindəki borcun, “AUDİ S6” minik markalı, 90PN051 dövlət qeydiyyat nişanlı, WAUZZZ4GXDN147151 ban nömrəli, göy metallik rəngli avtomobilin bərpası üçün tələb olunan 42.624,8 manat məbləğindəki dəymiş zərərin, ödənilmiş 258 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış22 iyul 2019-cu il tarixli 227 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2013-cü il buraxılışlı, “AUDİ S6” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, WAUZZZ4GXDN147151 ban nömrəli, göy metallik rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-227-6/22 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 22 iyul 2019-cu il tarixli 227 nömrəli “Daxili lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh2 ötürülmüşdür. 2 sentyabr 2022-ci il tarixli, L/M-227-6/22 nömrəli “Daxili lizinq müqaviləsi”nin lizinq ödənişləri cədvəlinə (22 iyul 2019-cu il tarixli 227 nömrəli Əlavə 7) əsasən, lizinq alan illik 18% hesablanmaqla 35 aylıq müddətə hər ay 2812,92 manat sabit pul məbləği olmaqla, ümumilikdə 76161,24 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh1 arasında 2 sentyabr 2022-ci il tarixli, 227-6/22 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ASC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2022ci il tarixli, “Təhvil-təslim akt”na əsasən, təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqların müəyyən olunmadığı və lizinq predmetinin tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğunluğu lizinq alan tərəfindən təsdiq edilmişdir. Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan, “AUDİ S”6minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, WAUZZZ4GXDN147151 ban nömrəli, göy metallik rəngli avtomobilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli "xxxx" MMC tərəfindən tərtib olunmuş təmir aktına əsasən 42624,8 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. 11 iyun 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 6932.84 manat əsas borc, 4511.22 manat faiz borcu, 1895.79 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin 11 iyun 2024-cü il tarixinə ümumi borcu 13339.85 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı BTB Leasing” ASC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: 747.1-ci maddəsinin Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 748-1.12. və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X2 arasında 22 iyul 2019-cu il tarixli lizinq müqaviləsi bağlanmış və sonuncuya 2013-cü il buraxılışlı, “AUDİ S6” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə verilmişdir. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, “Öhdəliyin icrası ilə bağlı saziş” bağlanmış və yuxarıda qeyd edilmiş müqavilə üzrə öhdəliklər Cavabdeh2 ötürülmüşdür.
10. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən “AUDİ S6” minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təhvil verilmişdir.
11. xx.xx.2022-ci il tarixində İddiaçı ASC ilə Cavabdeh2 arasında ödəmə cədvəli tərtib edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Qeyd edilmiş ödəniş cədvəlindən görünür ki, lizinq məbləği 76.161,24 manat, müddəti isə 35 ay müəyyən edilmişdir.
12. Bundan başqa Cavabdeh2 öhdəliyinin icrasının təmini olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 2 sentyabr 2022-ci il tarixli, 227-6/22 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır.
13. İddiaçı tərəf, Cavabdeh2 tərəfindən ümumiyyətlə hər hansı bir ödəniş edilmədiyini bildirərək, pulun tutulmasını xahiş edir.
14. Bundan başqa iddiaçı tərəf nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixində artıq qaytarılmış olduğunu və borcun həmin tarixədək hesablandığını bildirir.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və ödəniş qrafikinin müqayisəli təhlilindən görünür ki, Cavabdeh2 tərəfindən hər hansı bir ödəniş olmamış və xx.xx.2023-cü il tarixinə (nəqliyyat vasitəsinin qaytarıldığı tarix) əsas məbləğ üzrə 6.932,84 manat, mükafat məbləği üzrə 4.511,22 manat, dəbbə pulu üzrə 1.895,79 manat borcu vardır.
16. Göründüyü kimi, lizinq obyekti olan nəqliyyat vasitəsi Cavabdeh2 xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktına əsasən verilmiş olsa da, sonuncu müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
17. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında və xx.xx.2026-cı il tarixli baxış iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək, aldadıldığını, müqavilənin və təhvil-ttəslim aktının onun tərəfindən imzalandığını, ancaq nəqliyyat vasitəsinin faktiki başqa şəxs tərəfindən götürüldüyünü bildirərək, iddianın rədd edilməsini xahiş etdi.
18. Məhkəmə, bu xüsusda qeyd edir ki, lizinq müqaviləsinin tərəfi Cavabdeh2 olduğundan, müqavilə (saziş) və qeyd edilmiş lizinq obyektinin təhvil-təslim aktının onun tərəfindən imzalanması halı nəzərə alınaraq Məhkəmə hesab edir ki, qeyd
19. , etirazını əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Ona görə də, Məhkəmə hesab edir ki, əsas borc üzrə 6.932,84, mükafat borcu üzrə 4.511,22, manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
23. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən əsas borca münasibətdə 350 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
24. Məhkəmə qeyd edir ki, iddia zamin Cavabdeh1 münasibətdə isə, iddia təmin edilə bilməz. Belə ki, lizinq obyekti olan nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixində qaytarıldığını və müqavilə münasibətlərinin həmin tarixdə xitam edildiyindən qanunda nəzərdə tutulmuş 1 illik müddət keçmişdir.
25. Bundan başqa iddiaçı tərəf, nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsində olduğu müddətdə 42.624,8 manat dəyərində zərər dəydiyini bildirərək, pulun cavabdehlərdən tutulmasını xahiş edir.
26. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təmir aktından görünür ki, 2013-cü il buraxılışlı, “AUDİ S6” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 42.624,8 manat təşkil edir.
27. Məhkəmə qeyd edir ki, iddaçı avtomobilə dəymiş zərərin əvəzini tələb etsə də, bu zərərin məhz avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə dəydiyini sübut edə bilməmişdir.
28. Belə ki, iddiaçının özü nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixində qaytarıldığını bildirmiş, təmir kartı isə xx.xx.2024-cü il tarixinə yəni, 14 ay sonraya aiddir.
29. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, əgər həqiqətən də, nəqliyyat vasitəsinə onun qaytarıldığı xx.xx.2023-cü il tarixindək zərər dəymiş olsa idi, lizinq təşkilatı nəqliyyat vasitəsini dərhal avtotəmir müəssələrinə göstərmiş və müvafiq qiymət çıxarmış olardı. İndiki halda isə, nəqliyyat vasitəsi qaytarıldıqdan 14 ay sonra təmir aktında qeyd edilmiş qeyri-müəyyən şəraitdə vurulmuş zərərlərin məhz Cavabdeh2 istifadəsində olduğu zaman vurulduğuna dair iddiaçı tərəf hər hansı bir sübut təqdim etməmişdir.
30. Ona görə də məhkəmə hesab edir ki, iddia dəymiş zərərin əvəzi olaraq 42.624,8 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.
31. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 124,33 manat və xidmət haqqı olaraq 0,40 manat məbləğində pul da, Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Əsas borc üzrə 6.932 (altı min doqquz yüz otuz iki) manat 84 (səksən dörd) qəpik, mükafat borcu üzrə 4.511 (dörd min beş yüz on bir) manat 22 (iyirmi iki) qəpik, cərimə borcu üzrə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 11.794 (on bir min yeddi yüz doxsan dörd) manat 06 (sıfır altı) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 (bir yüz iyirmi dörd) manat 33 (otuz üç) məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş bank xidməti haqqının əvəzi olaraq 0,40 (qırx qəpik) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov