Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-821/2022 28.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1249,37 manat borc, 221,61 manat cərimə, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya rüsumu, həmçinin 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif növdə tikinti materiallarının istehsalı və satışını həyata keçirməklə məşğuldur. Şirkət özünün istehsal və satış fəaliyyətini Bakı–Sumqayıt yolu 17-ci kilometrliyində yerləşən ofisi və zavodu vasitəsi ilə həyata keçirilir. Satış təmsilçiləri məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş mağaza və ya digər satış nöqtələrinə təhvil verirlər, həmin satış nöqtələrində mallar satıldıqca onun pulu təhvil alınır və mütəmadi olaraq şirkətə münasibətdə alıcı qismində çıxış edən şəxslərin sifarişi əsasında onun dövriyyəsi və şirkət qarşısında qazandığı etimaddan aslı olaraq ona yeni partiyada mal və məhsullar təqdim edilir. Tərəflər arasında 24.05.2019-cu il tarixdə alqı-satqı müqaviləsi imzlanmışdır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2% həcmində peniya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərinin məcburi qaydada icası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh 24 may 2019-cu il tarixdən başlayaraq, iddiaçıdan tikinti materiallarının alışını və satışını həyata keçirməyə başlamışdır. 20 dekabr 2021-ci il tarixdə cavabdehin şirkətə ödənilməmiş 1249.37 manat əsas borcu qalmışdır. Bundan başqa tərəfələr arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən cavabdehin təşkilata olan borcuna 221.61 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh sonuncu dəfə 21 sentyabr 2021-ci il tarixdə 50 manat ödəniş etmiş, dəfələrlə cavabdehə borcun tam ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin o, bu günə qədər borcunu tam olaraq ödəməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, telefonla əlaqə saxlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 may 2019-cu il tarixli 113 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan alıcıya təqdim olunmuş qiymət cədvəlində öz əksini tapır. Müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 7 gündən gec olmayaraq həyata keçirilir. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 %-i həcmində peniya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş maliyyə arayışına əsasən cavabdehə verilmiş malın ümumi dəyəri 6995,37 manat, cavabdeh tərəfindən edilmiş ödənişin ümumi dəyəri 5746 manat, cavabdehin qalıq borcu 1249,37 manat, hesablanmış cərimə məbləği isə 221,61 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış satış təmsilçiləri və satış məntəqələri üzrə borcların və mal qalıqlarının üzləşdirilməsi aktından görünür ki, cavabdehin son qalıq borcu 1299,37 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 27.08.2021-ci il tarixli 20 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 08.04.2019cu il tarixli müqaviləyə əsasən yaranmış borcunu 10 gün ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24.05.2019-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1249,37 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1249,37 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləsinin 6.2-ci bəndinə əsasən hesablanmış 221,61 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1249,37 manat məbləğində əsas borc və 50 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 09.10.2021-ci il tarixli 2021-004068 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etdiyindən və tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etmədiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya, ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1249,37 (bir min iki yüz qırx doqquz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat cərimə, ümumilikdə 1299,37 (bir min iki yüz doxsan doqquz manat otuz yeddi qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-821/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-821/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver