Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-821/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, ekspeditor, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ekspeditor xidmətləri haqqında” 1 mart 2023-cü il tarixli, 016.23 saylı müqavilə üzrə yaranan 11901,81 manat borc, 4189 manat cərimə və 139 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 mart 2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında “ekspeditor xidmətləri haqqında” 016.23 saylı müqavilə bağlanılmışdır. Sözügedən müqavilə üzrə Cavabdeh MMC-nin göstərilmiş daşınma xidmətləri üzrə 6625 euro pul vəsaitinin əvəzi (ödəniş edilməli gün) olan 11901,81 (on bir min doqquz yüz bir manat səksən bir qəpik) manat borcu qalmışdır və həmin məbləğ Cavabdeh MMC tərəfindən ödənilmir. Müqavilənin 3.3-cü maddəsinə əsasən, müştəri hesab fakturanı aldığı tarixdən 7 bank günü ərzində nəğd və ya bank köçürmə yolu ilə ekspeditora ödəniş etməlidir. Müqavilə üzrə daşınmalı olan mallar 27 oktyabr 2023-cü il tarixdə cavabdehə təhvil verilmiş və tərəflər araslnda 231836ALS saylı təhvil-təslim aktı imzalanmış və möhürlənmişdir. Müqavilə üzrə daşınmalı olan malların xaricdən gətirilməsi faktını təqdim edilmiş “CMR”lər və gömrük bəyannamələri (CMR ilə bir pdf file’da yüklənilmişdir) təsdiq edir. 7 iyun 2024-cü il tarixdə cavabdehin müqavilə öhdəliklərini icra etməsi üçün elektron qaydada pretenziya məktubu göndərilmiş və öhdəliklərin icrası üçün 7 gün vaxt verilmişdir. Lakin cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği və cəriməni ödəmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 016.23 nömrəli ekspeditor xidmətləri haqqında müqavilənin 1.2-ci bəndinə əsasən, ekspeditor müştərinin sifarişlərinə əsasən aşağıda qeyd olunan ekspedisiya xidmətləri (yüklərin daşınması, müvəqqəti anbar saxlama xidməti və sairə) təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 3.3-cü bəndinə görə müştəri ekspeditorun xidmətlərinin haqqını hesab fakturaları aldığı tarixdən 7 bank günü ərzində nağd və ya bank köçürmə yolu ilə ekspeditora ödəyir.
9. Müqavilənin 3.3-cü bəndinə görə əgər bu müqavilədə qeyd olunan müddətdə hesab-faktura üzrə ödənişlər aparılmazsa ekspeditor şirkəti Azərbaycan Respublikasının Mərkəzi Bankının faiz dərəcəsinə əsasən gecikdirilən hər gün üçün faiz hesablamaq hüququna malikdir. Müştəri ekspeditor şirkətinə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1%-i həcmində, lakin xidmətlərin ümumi dəyərindən artıq olmamaqla cərimə ödəməyi öhdəsinə götürür.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 23/1145 nömrəli 6625 avro məbləğində invoys təqdim olunmuşdur.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDR 475547 nömrəli 11901,81 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
12. xx.xx.2023-cü il tarixli, 231836ALS nömrəli təhvil-təslim aktına görə icraçı tərəfindən görülmüş 6625 avro məbləğində iş sifarişçi (cavabdeh) tərəfindən qəbul edilmişdir.
13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
16. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 016.23 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yük daşınmaları həyata keçirilmiş, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, daşıma ilə bağlı hər hansı irad bildirilməmiş, lakin həmin xidmətlərə görə yaranmış 11901,81 manat borc cavabdeh tərəfindən ödənilməmişdir.
18. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
19. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir.
20. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən hesablanmış 4189 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
21. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 590 manat məbləğində müəyyən edilməlidir.
25. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 127,48 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 13,58 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11901,81 manat əsas borc, 590 manat dəbbə pulu, 127,48 manat dövlət rüsumu, ümumilikdə 12619,29 (on iki min altı yüz on doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 13,58 (on üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova