Məhkəmə qərarları › İş №e-2-2(113)-822/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-822/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-822/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMM-ə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh MMM-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/700 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış obyekt (avadanlıq) üzrə 24.709,18 avro əsas məbləğ, 4.447,66 avro ƏDV məbləği və 11.634,84 avro cərimə məbləği olmaqla, ümumilikdə 40.794,66 avro məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMM-dən alınaraq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər “xxxx” LTD MMC ilə Cavabdeh MMM arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş 1 ədəd Betonqarışdıran DİECİ L4700 adlı avadanlığı bu müqavilədən irəli gələn bütün vəzifə və öhdəlikləri öz üzərinə götürərək alıcıya satır, öz növbəsində alıcı həmin avadanlıqları alır, onun dəyərini tərəflərin razılaşdırdıqları qaydada satıcının hesabına ödəyir və bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan şərtlərə əməl edir. Beləliklə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə alıcının təhvil aldığı avadanlığa görə, göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər alıcı tərəfindən tam ödənilməmişdir. Belə ki, pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, xx.xx.2019-cu il tarixdə 701 saylı e-qaimə alıcıya göndərilmişdir. Qeyd olunan müqavilə üzrə texnikanın dəyəri 50.000 avro əsas məbləğ və 9.000.00 avro ƏDV məbləği təşkil edir. Alıcı tərəfindən satıcının hesabına ümumilikdə 25.290,82 avro əsas məbləğ və 4.552,34 avro ƏDV məbləği ödənilmişdir. Hazırda alıcının satıcıya 24.709,18 avro əsas məbləğ və 4.447,66 avro ƏDV məbləği borcu mövcuddur. Tərəflər arasında bağlanan AZTX/700 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərədə tutulmuş ödəmə şərtləri pozulduqda, satıcı 10 günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödənişin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi xx.xx.2019-cu il tarixdən 10 gün nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən hər gecikdirilmiş gün üçün 0,1% həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 29.156,82 x 0,1%= 29,16 avro cərimə təşkil edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 günlük müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh MMM-dən ödəməli olduğu 29.156,82 avro məbləğində əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,1% (cərimənin hesablanmağa başladığı xx.xx.2019-cu il tarixdən iddia ərizəsinin verildiyi xx.xx.2020-ci il tarixədək 399 günün keçdiyi nəzərə alınmaqla), yəni 399 x 29.16=11.634,84 avro cərimə məbləğinin, ümumilikdə 29.156,82 + 11.634,84=40,.794,66 avro məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında əsas borcdan xx.xx.2021-ci il tarixdə 3.000 manat məbləğində ödəniş etdiklərini, həmin məbləğin ƏDV-ni ödəmədiklərini bildirdi. Eyni zamanda dəbbə pulu borcunun tutulması tələbinə dair hissədə iddianı qəbul etmədiklərini göstərərək dəbbə pulu tələbinə dair hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - “xxxx” MMC (satıcı) ilə “Cavabdeh MMM (alıcı) arasında xx xxxxxxxx 2019-cu il tarixdə AZTX/700 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı 1 ədəd Betonqarışdıran DİECİ L4700 avadanlığı bu müqavilədən irəli gələn bütün vəzifə və öhdəlikləri öz üzərinə götürərək alıcıya satır, öz növbəsində alıcı həmin avadanlıqları alır, onun dəyərini tərəflərin razılaşdırdıqları qaydada satıcının hesabına ödəyir və bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan şərtlərə əməl edir. Avadanlığın texniki spesifikasiyası müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavədə göstərilmişdir. 2.1.1-ci bəndinə görə alıcı 1 ədəd betonqarışdıran DİECİL4700 üçün 29.000 avro məbləğini satıcının hesabına ödəniş gününə əsasən Mərkəzi Bankın qəbul etdiyi rəsmi kurs məzənnəsinə əsasən manatla ödədikdən sonra satıcı 3 iş günü ərzində avadanlığı alıcıya təhvil verir. 3.1.2-ci bəndinə əsasən alınmış avadanlıqların dəyərini bu müqavilədə tərəflərin razılaşdırılmış müddətdə və vaxtında tam şəkildə ödəmək alıcının vəzifəsidir. 4.1-ci bəndinə görə avadanlığın adı markası və sayı – betonqarışdıran DİECİ L4700, 1 ədəd, 18 % ƏDV daxil 59.000 avro təşkil edir. 4.1.2-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra alıcı 5 gün ərzində avadanlıqların ümumi dəyərinin 29.000 avro məbləğini ilkin olaraq satıcının hesablaşma hesabına ödəyir, qalıq 30.000 avronu isə avadanlığı təhvil aldıqdan sonra 6 ay müddətində əlavə 1-də göstərilmiş cədvələ uyğun bərabər hissələrə bölünməklə satıcının hesablaşma hesabına ödəyir. X4 ödəniş gününə təyin etdiyi rəsmi kurs məzənnəsinə əsasən manatla ödənilir. Avadanlığın dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə keçir. 5.1-ci bəndinə görə satıcı avadanlığı qabaqcadan 29000 avro məbləğini satıcının hesabına ödənildikdən sonra texniki cəhətdən istismara yararlı vəziyyətdə 3 iş günü ərzində alıcıya təhvil verir. 6.2-ci maddəsinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda satıcı 10 günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1 %-i həcmində, lakin gecikdirilmiş ödənişin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Belə tələb olduqda, alıcı satıcıdan müvafiq iddia və/və ya hesab-fakturanın alınmasından sonra 5 gün müddətində həmin məbləği ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən betonqarışdıran DİECİ L4700 adlı avadanlığın dəyəri 50.000,00 avro, 18% ƏDV 9.000,00 avro, cəmi 59.000,00 avro müəyyən edilmişdir. Əlavədə ödəniş cədvəli göstərilmişdir. X4 ödəniş gününə təyin etdiyi rəsmi kurs məzənnəsinə əsasən manatla ödənilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC tərəfindən Cavabdeh MMM-ə 1 ədəd betonqarışdıran DİECİ L4700 adlı avadanlığa görə xx.xx.2019-cu il tarixli, 701 saylı hesab verilmişdir. Həmin hesabda avadanlığın dəyəri 50.000 avro, ƏDV 9000 avro məbləğində olduğu göstərilmişdir. -xx.xx.2019-cu il tarixli, 701 saylı hesab əsasında xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 153689 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMM-ə göndərilmişdir. -Maliyyə arayışına əsasən müəyyən edilir ki, “xxxx” MMC ilə Cavabdeh MMM arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satıcı tərəfindən alıcıya betonqarışdıran avadanlıq satılmışdır. Həmin müqavilə üzrə texnikanın dəyəri 101.355,00 manat əsas məbləğ, 18.243,90 manat ƏDV məbləği təşkil edir.Alıcı tərəfindən satıcının hesabına ümumilikdə 52.528,00 manat əsas məbləğ, 9.455,04 manat ƏDV məbləği ödənilmişdir. Hazırda alıcının satıcıya 48.827,00 manat əsas borc və 8.788,86 manat ƏDV borcu vardır. Muüqavilənin 6.2-ci bəndinə əsasən gecikdirilən gün üçün 4.822,70 manat əsas məbləğ, 878,89 manat ƏDV məbləği cərimə hesablanmışdır. - xx.xx.2019 - xx.xx.2021-ci il dövrü üçün hesabdan çıxarışla müəyyən edilir ki, Cavabdeh MMM tərəfindən “xxxx” MMC-nin HCRAZN**********8001 saylı hesabına 55.528,00 manat məbləğində ödəniş edilmişdir. - “xxxx” MMC tərəfindən Cavabdeh MMM-ə pretenziya ilə müraciət edilərək, alqısatqı müqaviləsi üzrə yaranmış 24.709,18 avro məbləğində əsas borc, 4.447,66 avro cərimə borcu və 9.768,6 avro cərimə məbləği olmaqla, ümumilikdə 38.925,42 avro məbləğində borcun 14 gün ərzində “xxxx” MMC-nin hesabına ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edlməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh MMM arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə iddiaçının cavabdehə həmin müqavilə üzrə borcu yaranmışdır. Cavabdehin mübahisəli alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsində və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında həmin borcun məbləğinin 24.709,18 avro, ödənilməli ƏDV məbləğinin isə 4447,66 avro olması göstərilmişdir. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş hesabdan çıxarışdan isə müəyyən edilmişdir ki, işə məhkəmədə baxılarkən xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən 3000 manat (AR Mərkəzi Bankının həmin tarixə olan rəsmi məzənnəsinə əsasən 1.488,24 avro) məbləğində ödəniş edilmiş, həmin məbləğin ƏDV-si isə ödənilməmişdir. Belə olan halda isə qətnamənin qəbul edildiyi tarixə cavabdehin iddiaçıya olan əsas borcu 23.220,94 (24.709,18-1488,24) avro, ödənilməli olan ƏDV məbləği 4447,66 avro təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malın dəyərini – 23.220,94 avro məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMM-dən 23.220,94 avro məbləğində əsas borc və 4447,66 avro məbləğində ƏDV borcu ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq Cavabdeh MMM-ə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 11.634,84 avro məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh” MMM-in ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 avro məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMM-dən 23.220,94 avro (iyirmi üç min iki yüz iyirmi avro doxsan dörd sent) məbləğində əsas borc, 4447,66 avro (dörd min dörd yüz qırx yeddi avro altmış altı sent) ƏDV məbləği və 1.000 (bir min) avro məbləğində dəbbə pulu, cəmi 28.668,6 avro (iyirmi səkkiz min altı yüz altmış səkkiz avro altmış avrosent) məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar