Məhkəmə qərarları › İş №e-2-2(113)-822/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-822/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-822/2022 06.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC) qarşı 17.02.2021-ci il tarixli, 01/03 saylı alqı-satqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 17.02.2021-ci il tarixli, 01/03 saylı alqı-satqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.02.2021-ci il tarixli, 01/03 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 24.472 manat (əsas borc) və 4.404,96 manat (ƏDV) borcu olmaqla ümumilikdə 28.876,96 manat borcun, 5.000 manat əldən çıxmış faydanın, mediasiya xərclərinin əvəzi olaraq 200 manat və vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 220 manat məbləğində pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X1” MMC-nin Bakı satış mərkəzi ilə Cavabdeh MMC arasında 17.02. 2021- ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qismində çıxış edən “X1” MMC "xxxx" MMC və “X1” ASC-nin istehsal etdiyi malları ( Werstond və Winplast markallı PVC profillər) alıcı qismində çıxış edən Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun olaraq malların dəyərini “X1” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC əvvəllər üzərinə götürdüyü öhdəliyə əməl etsə də, sonradan müqavilə şərtlərini pozmağa başlamış və malların dəyərini ödəməyi gecikdirmişdir. Son vaxtlar isə ümumiyyətlə ödəmə etməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən Cavabdeh MMC rəhbərliyinin adına pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, cavabdeh tərəfdən müqavilənin şərtlərinə əməl etmələri və aldıqları malların dəyərini ödəmələri tələb olunmuşdur. Müqavilə şərtlərini pozmaqda davam edəcəkləri təqdirdə qanuna uyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Ancaq pretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, tərəf iddiaçının məktubuna cavab verməmiş və müqavilə şərtlərini pozmaqda davam etmişdir. 20.09.2021-ci il tarixdə cavabdeh “X1” MMC-nin məsul əməkdaşlarının iştirakı ilə iltizam verərək bildirmişdir ki, Cavabdeh MMC 2021-ci ildə “X1” MMC-dən Werstond və Winplast markalı PVC profillər alıb. Alınmış malların bir qisminin dəyəri ödənilsə də, bu günə Cavabdeh MMC-nin “X1” MMC-yə 13690 manat borcu qalır. Bundan əlavə "xxxx" MMC-nin “X1” MMC-yə olan 5552 manat borcunu və "xxxx" MMC-nin “X1” MMC-yə olan 5230 manat borcunu da Cavabdeh MMC ödəyəcək. Beləliklə, Cavabdeh MMC-nin bu günə “X1” MMC-yə 24472 (iyirmi dörd min dörd yüz yetmiş iki) manat borcu var. Cavabdeh MMC həmin borcu bu ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu günə qədər həmin borcdan heç bir ödəniş etməmişdir. 11.03.2022-ci il tarixli məhkəmə iclasında məhkəmə öz təşəbbüsü ilə hüquq və vəzifələrinə təsir edə biləcəyindən "xxxx" MMC və "xxxx" MMC-ni iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbinin 24.472 manat məbləğində borcun tutulması hissəsində iddianı etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC Cəmiyyəti (alıcı) arasında 17.02.2021-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilə şərtlərinə uyğun olaraq profil, plastik boru, radiator mallarının çeşidləri və aksesuarları, kombi, plastik qapı-pəncərə aksesuarları,şüşə çeşidləri və güzgü alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən malın növü, çeşidi, qiyməti, miqdarı, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən satış qaiməsi ilə müəyyən olunur. 2.5-ci bəndinə əsasən sifariş qaiməsi əsasında alıcının məsuliyyətinə verilən malların ödənişi tərəflər arasında razılaşdırılmış qaydada həyata keçirilir. 3.4.1-ci bəndinə əsasən alıcı sifariş verdiyi malları müəyyən edilmiş müddətdə və qaydada qəbul etmək və malın dəyərini satıcının təqdim etdiyi satış qaiməsi əsasında müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələridir. 3.4.5-ci bəndinə əsasən razılaşdırılmış ödəməni təyin olunmuş gün nəğd şəkildə ödəmək alıcının vəzifəsidir. 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilənin bir və ya bir neçə şərtində göstərilən öhdəliklərini yerinə yetirmədikdə Azərbaycan Respublikası mövcud qanunvericiliyi və bu müqavilə şərtlərtnə uyğun məsuliyyət daşıyır. 5.3-cü bəndinə əsasən alıcı satıcının verdiyi malları qəbul edib dəyərini ödəmədikdə malların satıcıya geri qaytarılmamasına görə məsuliyyət daşıyır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Borcun etirafı haqqında Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə tərəfindən imzalanmış iltizamda göstərilmişdir ki, Cavabdeh MMC-nin İddiaçınə 20 sentyabr 2021-ci il tarixə 24.472 manat məbləğində borcu vardır. O borcu 2021-ci ilin sonunadək ödəyəcəyinə söz vermişdir. İltizam Cavabdeh MMC-nin möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq şirkətə olan borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 17.02.2021-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə 06.04.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim etmiş və ərizəsində cavabdeh Rəşid-R” MMC-nin İddiaçı MMCyə 24.472 manat məbləğində borcunun olmasını göstərərək iddianı yazılı formada etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə olan halda məhkəmə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə 24.472 manat məbləğində borcun tutulması hissəsində iddianı etiraf etməsi barədə məhkəməyə yazılı ərizə verməsini, eləcə də həmin etirafın qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının iddianı qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və cavabdehin etiraf etdiyi hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 24.472 manat məbləğinfdə borcla yanaşı 4.404,96 manat ƏDV-nin tutulması tələbini irəli sürsə də, cavabdeh tərəfindən imzalanmış 20.09.2021-ci il tarixli iltizamda təsdiq edilmiş 24.472 manat məbləğində borc məbləğinə ƏDV məbləğinin daxil olmadığını, yəni iddiaçının həmin borc məbləğinə əlavə olaraq ƏDV-nin ödənilməsini tələb etmək hüququna malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əlavə dəyər vergisinin vergitutma obyektini müəyyən edən Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddənin məzmunundan göründüyü kimi əlavə dəyər vergisi mallar təqdim edilərkən (işlər görülərkən, xidmətlər göstərilərkən) malları təqdim edən (xidmətləri göstərən, işləri görən) şəxs tərəfindən ödənilməli olan vergidir. Bu zaman malları təqdim edən (xidmətləri göstərən və ya işləri görən) şəxs ödəməli olduğu ƏDV məbləğini malların (xidmətlərin və ya işlərinin) dəyərinə əlavə etməklə malı (xidməti və ya işləri) alan (qəbul edən) şəxsin ödəməli olduğu qiyməti müəyyən edir, malı (xidməti və ya işləri) alan (qəbul edən) şəxs isə yalnız malın (xidmətin və ya işin) razılaşdırılmış qiymətini ödəmək öhdəliyi daşıyır. Göründüyü kimi əlavə dəyər vergisi malları təqdim edən (xidmətləri göstərən, işləri görə) şəxs tərəfindən ödənilməli olduğundan tərəflər arasında razılaşdırılmış qiymətə ƏDV məbləğini daxil etmək öhdəliyi də vergi ödəyici kimi malları təqdim edən, xidmətləri göstərən və işləri görən şəxsin üzərinə düşür. Bu baxımdan ƏDV məbləğinin qiymətə daxil edilmədiyi və qarşı tərəfin bu barədə məlumatlı olmadığı təqdirdə malları təqdim edən (xidmətləri göstərən və işləri görən) şəxs qarşı tərəfdən razılaşdırılmış qiymət ilə yanaşı ƏDV məbləğinə bərabər əlavə ödənişin edilməsini tələb etməkdə haqlı deyil. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 5.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı “X1” MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 191,63 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın qismən təmin edildiyini, eləcə də MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 (yüz əlli) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 24.472 (iyirmi dörd min dörd yüz yetmiş iki) manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat və vəkil xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar