Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8245/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Açar sözlər: daşıma müqaviləsi, daşıma haqqı Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AZ01 135-01.24 saylı ekspeditor müqaviləsi (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqavilənin predmetinə əsasən, müştəri (cavabdeh) sifariş verir və ekspeditor (iddiaçı) ödənişli olaraq ekspeditora tapşırıqda ( sifariş, nəqliyyat sifarişi və s.) göstərilən bir və ya bir neçə nəqliyyat növü, o cümlədən onların kombinasiyası (avtomobil, dəniz, dəmir yolu, hava) vasitəsilə daşıma və/və ya ekspedisiya xidmətlərini təşkil etməyi öhdəsinə götürür. Müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəlikləri yerinə yetirmək məqsədi ilə Ekspeditor malların daşınması ilə əlaqədar üçüncü şəxslərlə yük, ekspeditorluq və digər xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr bağlayır. 1.2. 3.1-ci bəndinə əsasən, Ekspeditor yazılı şəkildə faks və ya elektron rabitə vasitəsi ilə göndərilən Tapşırığına/Sifarişinə uyğun olaraq Müştərinin yükünün xüsusi daşınmasını təşkil edir və xidmətlər göstərir. Hər bir sifariş bu Müqavilənin ayrılmaz hissəsidir; o, Müştərinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. 1.3. 3.2-ci bəndinə əsasən, sifarişin ekspeditor tərəfindən qıbul edilməsi təsdiq edildikdə, sifariş sonuncunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməli və yazılı şəkildə faks və ya elektron poçtla göndərilməlidir. Sifariş Müştəri ekspeditor tərəfindən imzalanmış tapşırığı/sifarişi aldığı andan və ya ərizənin ayrıca sənəd şəklində məcburi olması barədə Müştəriyə təsdiq göndərildikdən dərhal sonra Ekspeditor tərəfindən icraya qəbul edilmiş hesab olunur. 1.4. 4.2-ci bəndinə əsasən, Müştərinin göstərişi ilə yüklərin daşınmasının təşkili üçün Ekspeditor tərəfindən göstərilən xidmətlərin dəyəri hər bir göndərmə üçün ayrıayrılıqda Tərəflər tərəfindən razılaşdırılır və ya Tapşırıqda/Sifarişdə, ya da Tərəflərin imzaladığı tariflərlə müvafiq Əlavədə müəyyən edilir. 1.5. 4.3-cü bəndinə əsasən, Ekspeditorun xidmətlərinin razılaşdırılmış dəyərinin Müştəri tərəfindən ödənilməsi mallar çatdırıldıqdan sonra Ekspeditorun faks və ya elektron poçtla göndərilmiş hesab-fakturası əsasında 15 təqvim günü ərzində xidmətlərin razılaşdırılmış dəyərinin 100%-i məbləğində ödənişi köçürmə yolu ilə həyata keçirilir.
2. Görülmüş işlər haqqında - xx.xx.2025-ci il tarixli aktda göstərilən xidmətlərin dəyərinin 2040 manat, xx.xx.2025-ci il tarixli aktda göstərilən xidmətlərin dəyərinin 14747,5 manat; xx.xx.2025-ci il tarixli aktda göstərilən xidmətlərin dəyərinin 1496 manat təşkil etməsi əks olunmuşdur. Bundan başqa, xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akta əsasən sığorta ödənişi 382,5 manat; xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akta əsasən gömrük rəsmiləşdirilməsinə görə çəkilən xərc 3485 manat təşkil etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə eyni tarixli və eyni məbləğdə, ümumilikdə 22151 manat məbləğində invoys göndərilmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, ərizəçi tərəfindən cavabdehə ödəniş üçün, cəmi 22151 manat dəyərində elektron qaimə-faktura göndərilmişdir.
4. İş materiallarına əlavə edilmiş xx.xx.2024-xx.xx.2025-ci il dövrünə dair qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixinə olan borcu 22151 manat təşkil edir. Akt yalnız iddiaçı tərəfdən imzalanmış və möhürlə təsdiq edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı 27 sentyabr 2024-cü il tarixli, AZ01135-01.24 nömrəli Ekspeditor müqaviləsi üzrə İddiaçı tərəfindən həyata keçirilən ekspedisiya xidmətləri nəticəsində Cavabdeh "xxxx" MMC-nin ödəməli olduğu qalıq 22 151 manat xidmət haqqının; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən qaydada iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7,25 faizlik bank uçot dərəcəsi əsasında 924,9 manat faiz məbləğinin və ödənilmiş 190 manat dövlət rüsumunun, eləcə də 3200 manat hüquqi xidmətlərin göstərilməsinə dair xərclərin, ümumi 26465.9 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2024-cü il tarixində AZ01135-01.24 nömrəli Ekspeditor müqaviləsi (bundan sonra “Müqavilə”) imzalamışlar. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdehin sifarişi əsasında iddiaçı razılaşdırılmış ödəniş qarşılığında bir neçə nəqliyyat növü, o cümlədən onların kombinasiyası (avtomobil, dəniz, dəmir yolu, hava) vasitəsilə daşıma və/və ya ekspedisiya xidmətlərini təşkil etməyi öhdəsinə götürmüşdür. Müvafiq olaraq, Müqavilənin imzalandığı tarixdən etibarən iddiaçı cavabdehin sifarişləri əsasında çoxsaylı daşıma və/və ya ekspedisiya xidmətlərini həyata keçirmiş, cavabdehin tapşırığı əsasında malların təyinat nöqtəsinə lazımı qaydada çatdırılmasını təmin etmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü maddəsində göstərilir ki, cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulan xidmət haqqı iddiaçının faks və ya elektron poçtla göndərilmiş hesab-fakturası əsasında mallar son alıcıya çatdırıldıqdan 15 (on beş) təqvim günü ərzində dəyərinin 100%-i məbləğində həyata keçirilir. İddiaçının müqavilə üzrə bütün öhdəliklərini vaxtında və lazımı qaydada icra etməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozmağa davam etməkdədir. Belə ki, 27 sentyabr 2024-cü il tarixindən etibarən iddiaçı tərəfindən həyata keçirilən daşıma və/və ya ekspedisiya xidmətləri nəticəsində cavabdehin ümumi ödəməli olduğu xidmət haqqı22 151 manat təşkil etsə də, o sözügedən məbləği ödəməkdən boyun qaçırmışdır. Nəzərə alsaq ki, müqavilə ilə daşıma və/və ya ekspedisiya xidmətləri üçün razılaşdırılmış xidmət haqqının ödənilməsi üçün maksimum 15 gün müəyyən edilmişdir, cavabdehin ödəniş öhdəliklərini hazırkı vaxta qədər icra etməməsi Müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu hesab olunmalıdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
9. Cavabdehin qanuni nümayəndəsi öz izahatında bildirdi ki, razılaşdırılmış məbləğdə malların daşınması həyata keçirilmişdir, həmin daşınmaya görə yaranmış borcu və daşınma ilə əlaqədar yaranmış digər xərcləri (gömrük rəsmiləşdirməsi, sığorta ödənişi və s.) qəbul edir. Həmin daşınmaya görə aktlar üzrə yaranmış 1496 manat, 14747,5 manat və 2040 manat məbləğində borcu və daşınma ilə əlaqədar yaranmış digər xərcləri (3485 manat məbləğində gömrük rəsmiləşdirməsinə çəkilmiş xərc və 382,5 manat sığorta ödənişi) qəbul edir. Lakin mallar qüsurlu şəkildə daşınmış, buna görə də o, malların satışını həyata keçirə bilməmiş, nəticədə ona 16000 manat ziyan dəymişdir. Ödəniş etməkdən yayınmır, ödənişlərin edilməmə səbəbi ona ziyan dəyməsidir
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
16. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
17. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
18. Maddə 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
19. Maddə 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
26. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
27. MM-nin 386.1-ci maddəsindən də, göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
28. İşin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZ01 135-01.24 nömrəli ekspedisiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında ödənişli olaraq ona tapşırıqda ( sifariş, nəqliyyat sifarişi və s.) göstərilən bir və ya bir neçə nəqliyyat növü, o cümlədən onların kombinasiyası (avtomobil, dəniz, dəmir yolu, hava) vasitəsilə daşıma və/və ya ekspedisiya xidmətlərini təşkil etməyi, cavabdeh isə həmin daşınma haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
29. Tərəflər arasındakı mövcud mübahisə isə daşınma haqqının ödənilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığının yoxlanılması üçün daşınmanın iddiaçı tərəfindən həyata keçirilb-keçirilməməsinin müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır.
30. Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
31. Qeyd edilən müddəanın mənasından görünür ki, tərəflər arasında müqavilə olduğu halda, daşıyıcıya münasibətdə daşıma haqqının tələb edilməsi hüququnun yaranması özündə üç elementi – daşıma üçün daşıyıcıya sifarişin verilməsini, daşıyıcı tərəfindən daşımanı icra etməsini və yükün razılaşdırlmış təyinat məntəqəsinə çatdıraraq, əvvəlcədən müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verilməsini ehtiva edir. Sifarişçinin (yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs) daşınma haqqını ödəməklə bağlı öhdəliyinin əmələ gəlməsi isə yükün ona əvvəlcədən razılaşdırılmış təyinat yerində təhvil verilməsi və razılaşdırılmış qaydada qəbul edilməsi ilə şərtləndirilir.
32. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən yüklərin sifariş verilməsi ilə bağlı mübahisənin olmaması müəyyən edilmişdir. Bundan sonra iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akt üzrə göstərilən xidmətlərin dəyəri 2040 manat, xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akt üzrə göstərilən xidmətlərin dəyəri 14747,5 manat; xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akt üzrə göstərilən xidmətlərin dəyəri 1496 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akta əsasən, sığorta ödənişi 382,5 manat; xx.xx.2025-ci il tarixli görülmüş işlər haqqında akta əsasən, gömrük rəsmiləşdirilməsinə görə çəkilən xərc 3485 manat təşkil etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə eyni tarixli və eyni məbləğdə, ümumilikdə cəmi 22151 manat məbləğində invoys sənədləri göndərilmişdir.
33. Həmçinin, iş materiallarından görünür ki, ərizəçi tərəfindən cavabdehə cəmi 22151 manat dəyərində elektron qaimələr göndərilmişdir.
34. Məhkəmə iş materiallarına və işin məhkəmədə araşıdırılması nəticələrinə əsasən qeyd edir ki, yükün əvvəlcədən müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılması ilə bağlı da tərəflər arasında mübahisə yoxdur. Həmçinin, bu fakt xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi tərəfindən də etiraf edilmişdir. Belə ki, cavabdehin qanuni nümayəndəsi öz izahatında bildirmişdir ki, razılaşdırılmış məbləğdə malların daşınması həyata keçirilmişdir, həmin daşınmaya görə aktlar üzrə yaranmış 1496 manat, 14747,5 manat və 2040 manat məbləğində borcu və daşınma ilə əlaqədar yaranmış digər xərcləri (3485 manat məbləğində gömrük rəsmiləşdirməsinə çəkilmiş xərc və 382,5 manat sığorta ödənişi) qəbul edir. Lakin mallar qüsurlu şəkildə daşınmış, buna görə də o, malların satışını həyata keçirə bilməmiş, nəticədə ona 16000 manat ziyan dəymişdir. Ödəniş etməkdən yayınmır, ödənişlərin edilməmə səbəbi ona ziyan dəyməsidir.
35. Beləliklə, yükün fiziki olaraq təhvil verilməsini cavabdeh qəbul etsə də, onun vaxtında təhvil verilməməsini və daşımanının qüsurlu icra edilməsini bildirərək, qarşılığında ona dəymiş zərərin daşıma haqqına görə yaranmış borcdan çıxılmalı olmasını iddia edir.
36. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə (yükün vaxtında təhvil verilməməsi və daşımanının qüsurlu icra edilməsi nəticəsində ona dəymiş zərər görə daşıma haqqının ödənilməsindən imtina etmək) razılaşmır, belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsindən də görünür ki, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs daşımanın dəyərini ödəmək öhdəliyi daşıyırlar. Mülki Məcəllənin 859.5-ci maddəsində də daşıyıcının yükü çatdırması, zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Həmçinin, Mülki Məcəllənin 859.2ci maddəsində qeyd edilir ki, daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.
37. Göstərilən müddəaların mənasından da görünür ki, daşıma haqqının ödənilməsi ilə yükün vaxtında daşınmaması və ya daşıma zamanı qismən zədələnməsinə görə dəymiş zərərin tələb edilməsi bir-birindən asılı olmayan müstəqil hüquqi hərəkətlərdir və qanunda sifarişçiyə qeyd edilən əsaslarla zərər dəydiyi halda, həmin zərərin daşıma haqqı ilə əvəzləşdirilməsi kimi (kompensasiya edilməsi) bir hüquqi əsas qanunla nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən, Ekspeditorun xidmətlərinin razılaşdırılmış dəyərinin Müştəri tərəfindən ödənilməsi mallar çatdırıldıqdan sonra Ekspeditorun faks və ya elektron poçtla göndərilmiş hesab-fakturası əsasında 15 təqvim günü ərzində xidmətlərin razılaşdırılmış dəyərinin 100%-i məbləğində ödənişi köçürmə yolu ilə həyata keçirilir.
38. Beləliklə, məhkəmə şərh edilənləri əsasən belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz öhdəliyini yerinə yetirərək cavabdeh tərəfindən sifariş edilmiş yükləri daşıyaraq ona təhvil versə də, cavabdeh daşıma haqqını tam ödəməməklə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 425.1-ci maddəsi tələb edir ki, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, daşınma haqqı üzrə yaranmış iddiaçı 22151 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır.
39. Məhkəmə hesab edir ki, iddia tələbi bank uçot dərəcəsinə görə tələb edilən pul vəsaitinə münasibətdə qismən əsaslıdır. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Normanın dispozitiv şərtinə görə kreditorun həmin maddədə nəzərdə tutulmuş faizləri tələb etməsi üçün hüquqi əsaslar o halda yaranır ki, borclu pul vəsaitini özündə saxlamaqla və digər üsulla qaytarmamaqla ondan faydalanmış olsun. “Faydalanmaq” sözünün leksik mənası fayda götürmək, xeyir götürmək, istifadə etmək, bəhrə götürmək deməkdir. Əşyadan faydalanmağın hüquqi baxımdan müəyyən mənada izahı Mülki Məcəllənin 135.12-ci maddəsində göstərilmişdir. Həmin müddəaya əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
41. Şərh edilənlər və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşma o nəticəyə gəlməyə əsas verir ki, kreditor Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitini qaytarmamağa görə əldən çıxmış fayda formasında pul tələb etməsi o zaman əsaslı ola bilər ki, borclunun həmin pul vəsaitindən faydalandığını sübuta yetirilmiş olsun. İddiaçı isə həmin tələbinin əsaslılığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
42. Lakin məhkəmə hesab edir ki, cavabdeh tərəfindən daşıma haqqının vaxtında ödənilməməsinə görə digər qanuni əsasla, yəni həmin pul vəsaitinin gecikməsinə görə illik 5% məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş görülmüş işlər haqqında aktlar, invoys sənədləri və cavabdehin qanuni təmsilçisinin məhkəmə iclasında verdiyi izahatına əsasən, razılaşdırılmış daşınma xidmətlərinin cavabdehə göstərilməsi təsdiq olunur. Lakin buna baxmayaraq hazırkı dövrə qədər onun dəyəri cavabdeh tərəfindən şəkildə ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən, Ekspeditorun xidmətlərinin razılaşdırılmış dəyərinin Müştəri tərəfindən ödənilməsi mallar çatdırıldıqdan sonra Ekspeditorun faks və ya elektron poçtla göndərilmiş hesab-fakturası əsasında 15 təqvim günü ərzində xidmətlərin razılaşdırılmış dəyərinin 100%-i məbləğində ödənişi köçürmə yolu ilə həyata keçirilir. Belə olan halda AR Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% məbləğində hesablanmaqla – 2040 manat məbləğində xx.xx.2025-ci il tarixli akta əsasən 9 ay üzrə hesablanmaqla 76,5 manat; 14747,5 manat məbləğində xx.xx.2025-ci il tarixli akta əsasən 6 ay üzrə hesablanmaqla 368,68 manat; 1496 manat məbləğində xx.xx.2025-ci il tarixli akta əsasən 6 ay üzrə hesablanmaqla 37,4 manat, ümumilikdə 492 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli invoys sənədindən görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 3200 manat, işə məhkəmədə baxılması üçün dövlət rüsumu ödənilmişdir.
45. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə MPM-in 121.1ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını daha ağlabatan hesab edir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 27 sentyabr 2024-cü il tarixli, AZ01135-01.24 nömrəli ekspeditor müqaviləsi üzrə 22151 manat xidmət haqqı, illik 5% nisbətində hesablanmış 618,22 manat faiz borcu, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 1000 manat xidmət haqqı və ödənilmiş 190 manat dövlət rüsumu olmaqla, ümumilikdə 23959,22 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı