Məhkəmə qərarları › İş №e-2-2(113)-8251/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8251/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8251/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Tibb X1rşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Tibb X1rşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, Təchizatçı (iddiaçı) dərman (qeyri-dərman) vasitələri ilə (bundan sonra-“mal”) alıcını (cavabdehi) təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur. 1.2. 1.2-ci bəndinə əsasən, Mallar alıcının sifarişi əsasında malın adı, kəmiyyəti, çeşidi və qiyməti göstərilən, tərəflərin hər birinin təsdiqlədiyi və imzaladığı mal fakturası ilə müəyyən edilir. Təchiz edilən mal öz keyfiyyətinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir. 1.3. 1.3-cü bəndinə əsasən, Sifariş alıcı tərəfindən faks, e-mail və ya tərəflər arasında razılaşdırılmış digər vasitə ilə göndərilir. Sifariş alıcının sifariş verdiyi tarixdən ən gec 2 (iki) gün müddətinə çatdırılmalıdır. 1.4. 2.1 və 2.2-ci bəndlərinə əsasən, Mal təchizatçının anbarından alıcının ticarət nöqtəsinə çatdırılması məqsədilə göndərilir. Mal alıcının səlahiyyətli nümayəndəsi tərəfindən kəmiyyət, keyfiyyət və çeşid üzrə faktiki təhvil alınıb müvafiq faktura imzalandıqdan sonra təchizatçı öz müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir. 1.5. 2.4-cü bəndinə əsasən, Mal təhvil verilərkən təchizatçı malı müşayiət edən aşağıdakı sənədləri alıcıya təqdim edir: 1) qaimə, 2) Yeni mal təqdim olunarkən onun sertifikatı ( daha öncədən olan mallar yeni seriyada təqdim olunarkən də sertifikat verilməlidir), 3) Təhvil-təslim aktı 1.6. 4.1 və 4.2-ci bəndlərinə əsasən, Alıcı tərəfindən ödəmə təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya təchizatçının kassasma nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər. Alıcı malları elektron qaimə fakturaya əsasən qəbul etdikdən sonra, malların dəyərinin ödənişi Satıcıya 5 (beş) iş günü ərzində tam olaraq həyata keçiriləcəkdir.

2. Müqaviləyə 1 saylı Əlavə olan Qiymət Razılaşdırma protokolu ilə tərəflər ümumilikdə 5416 manat dəyərində malların satılması barədə razılıq əldə etmiş, öz imzaları ilə təsdiq etmişlər.

3. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə sonuncusu xx.xx.2025-ci il tarixdə 1999,99 manat məbləğində olmaqla (MT2510 seriyalı, 12280521 nömrəli), ümumilikdə 48374,58 manat məbləğində elektron-qaimələr göndərilmişdir.

4. xx.xx.2025-ci il tarixdə aralarında tərtib edilmiş Üzləşmə aktında tərəflər xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə cavabdehin iddiaçıya 52375,54 manat borcunun qalmasını təsdiq etmişlər. Üzləşmə aktı tərəflərin imzaları və hüquqi şəxslərin möhürləri ilə təsdiq etmişlər.

5. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus bank hesabından və ƏDV hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 1694,91 manat əsas, 305,08 manat ƏDV; xx.xx.2025-ci il tarixdə 1694,91 manat əsas, 305,08 manat ƏDV; xx.xx.2025-ci il tarixdə 1694,91 manat əsas, 305,08 manat ƏDV, xx.xx.2025ci il tarixdə 3389,82 manat əsas, 610,17 manat ƏDV; xx.xx.2025-ci il tarixdə 6779,64 manat əsas, 1220,34 manat ƏDV; xx.xx.2025-ci il tarixdə 6779,64 manat əsas, 1220,34 manat ƏDV, xx.xx.2026-cı il tarixdə 5084,73 manat əsas, 915,25 manat ƏDV, xx.xx.2026cı il tarixdə 3389,82 manat əsas, 610,17 manat ƏDV olmaqla, ümumilikdə 30508,38 manat məbləğində pul iddiaçının bank hesabına, ümumilikdə 5491,51 manat məbləğində pul ƏDV hesabına köçürülmüşdür.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı cavabdehdən 18375 manat pulun tutularaq ona ödənilməsi barədə sonradan dəqiqləşdirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tərəfllər arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən təchizatçı – iddiaçı dərman (qeyridərman) vasitələri ilə alıcını - cavabdehi təchiz etməyə alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur. Tərəflər arasında müvafiq qaimələr və üzləşmə aktı mövcuddur. Üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə cavabdehin iddiaçıya 52375,54 manat borcu vardır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini tam icra etməmişdir. İş üzrə müvafiq pretenziya və şikayət məktubları tərəfə göndərilmişdir. Lakin daha sonradan cavabdeh tərəfdən 6000 manat ödəniş edilmişdir. Cari günə cavabdehin iddiaçıya 46375,54 manat borcu qalmışdır. Daha sonra, iddia tələbini dəqiqləşdirərək 18375 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, borc məbləği ilə razıdır, borcu qəbul edir və ödəniş etmək niyyətindədir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

22. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı dərman (qeyri-dərman) vasitələri ilə cavabdehi təchiz etməyi, cavabdeh isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyi və dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

24. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

25. İddiaçı tərəflər arasında bağlanılmış müqavilənin 1.3 və 2.4-cü bəndlərinə əsasən, sifarişləri alıcının sifariş verdiyi tarixdən ən gec 2 gün müddətində çatdırmağı, Mal təhvil verilərkən təchizatçı malı müşayiət edən sənədləri - qaimə, yeni mal təqdim olunarkən onun sertifikatı (daha öncədən olan mallar yeni seriyada təqdim olunarkən də sertifikat verilməlidir) və Təhvil-təslim aktını cavabdehə təqdim etməyi öz öhdəsinə götürmüşdür.

26. İş materiallarından görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə Üzləşmə aktı imzalayaraq sözügedən müqavilə üzrə cavabdehin xx.xx.2025-ci il tarixinə iddiaçıya 52375,54 manat borcunun qalmasını öz imzaları və hüquqi şəxslərin möhürləri ilə aktı təsdiq etmişlər. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə sonuncusu xx.xx.2025-ci il tarixdə 1999,99 manat məbləğində olmaqla (MT2510 seriyalı, 12280521 nömrəli), ümumilikdə 48374,58 manat məbləğində elektron-qaimələr göndərilmişdir.

27. Şərh edilənlər əsasında məhəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə malları cavabdehə təhvil verərək öz öhdəliyini yerinə yetirmişdir. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış üzləşmə aktını öz imzası və möhürü ilə təsdiq edərək iddiaçıya xx.xx.2025-ci il tarixinə, cəmi 52375,54 manat borcu qaldığını və razılaşdırılmış növdə və miqdarda malların həqiqətən ona təhvil verildiyini etiraf etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmiş MT2510 seriyalı, 12280521 nömrəli 1999,99 manat məbləğində olan elektronqaiməyə münasibətdə isə məhkəmə qeyd edir ki, "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, tərəflər elektron-qaiməyə aralarında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən, mal verilərkən malı müşayiət edən sənəd qismində müəyyən etdiklərindən, iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulunu nəzərə alınaraq elektron-qaimə malların cavabdehə təhvil verilməsini təsdiq edən sənəd qismində qiymətləndirilməlidir. Odur ki, iddiaçı öz öhdəliyini lazımınca icra etmişdir.

28. Lakin mal təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar.

29. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malı almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini lazımınca yerinə yetirməmiş, müəyyən ödənişlər etsə də malların dəyərini tam ödəməyərək öhdəliyini pozmuşdur. Belə ki, İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus bank hesabından və ƏDV hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 30508,38 manat məbləğində pul iddiaçının bank hesabına, ümumilikdə 5491,51 manat məbləğində pul onun ƏDV hesabına köçürülmüşdür.

30. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, cavabdehin xx.xx.2026-cı il tarixə ona olan borcu 18375,54 manat təşkil edir.

31. Odur ki, şərh edilənlər nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cəmi 18375 manat ((52375,54+1999,99) – (30508,38 + 5491,51) = 18375,64 manat) məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından 18375 manat məbləğində pul və ödənilmiş 230 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar