Məhkəmə qərarları › İş №e-2-2(113)-8266/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8266/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8266/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, yük daşınması münasibətləri, muzdun ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 244 206,35 ABŞ dolları əsas borcun və ödənilmiş 706 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 27 yanvar 2023-cü tarixli 200/2023 nömrəli xidmət göstərilməsi haqqında müqavilə bağlanmış və sözügedən müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) yazılı sifarişinə əsasən mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarının istifadəyə verilməsi, yüklərin terminalda aşırılması, ekspedisiya xidmətləri (tələb olunan marşrut və ya marşrut hissələri üzrə) və tərəflərin razılığı ilə digər əməliyyatları yerinə yetirməyi, sifarişçi isə qeyd edilən xidmətlərə görə icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra 24 yanvar 2024-cü il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilərək imzalarla rəsmiləşdirilmişdir. 2.2. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmışdır. Mövcud borcun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, kifayət qədər vaxt verilsə də, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində müqavilə üzrə cari (aylıq) ödəmələr icra edilməmişdir. Cavabdehə 15 iyul 2025-ci il tarixdə pretenziya məktubu göndərilərək bildirilmişdir ki, təqdim olunmuş pretenziya məktubunun çatdığı gündən 5 gün ərzində pul vəsaitinin ödənilməsi tələb edilir. Həmçinin elektron sənəd dövriyyəsi üzrə cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Lakin kifayət qədər vaxt verilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məktubda göstərilən qanuni tələblər yenidən icra edilməmiş, məktuba heç bir münasibət bildirilməmiş, cavabdeh tərəfindən hər hansı geri dönüş edilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 443-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 və nümayəndəsi və vəkili Vəkil2 Teymur oğlu məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki, iddiaçının keçmiş qanuni təmsilçisi Aygül Mirkan cavabdeh şirkətin də faktiki sahibi olmuş, cavabdehin maliyyə məsələlərini faktiki olaraq idarə etmiş, cavabdehin möhürü də onda olmuşdur. Üzləşmə aktını o təsdiqləməmişdir. Ümumilikdə 1 529 000 manat dəyərində daşıma xidməti həyata keçirilmiş, Aygül Mirkanın Cavabdeh MMC-nin hesabından digər şirkətin hesabına köçürdüyü 100000 ABŞ dolları da daxil olmaqla ümumilikdə ******* manat ödəniş edilmişdir. Aygül Mirkan borcu ödəyəcəyi barədə iltizam vermişdir, həmin iltizamın əsli iddiaçıdadır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, üzləşmə aktının tərtib olunduğu tarixdən sonrakı tarixlərdə ödənişləri məcburiyyət qarşısında qalıb ödəmişdir. Aygül Mirkanın Cavabdeh MMC-nin hesabından digər şirkətin hesabına köçürdüyü 100000 ABŞ dolları da daşımaya görə muzd kimi nəzərə alınmalıdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 200/2023 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin yazılı sifarişinə əsasən mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarının istifadəyə verilməsi, yüklərin terminalda aşırılması, ekspedisiya xidmətləri (tələb olunan marşrut və ya marşrut hissələri üzrə) və tərəflərin razılığı ilə digər əməliyyatları yerinə yetirməyi və ya onların cavabdeh adından yerinə yetirməsini təşkil etməyi, cavabdeh isə həmin xidmətlər müqabilində iddiaçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşd, müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlərin dəyərinin ABŞ dolları ilə müəyyən olunacağı və Mərkəzi Bankın günün məzənnəsinə uyğun olaraq manatla hesablanacağı razılaşdırılmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDE 518161 seriya və nömrəli elektron qaimə 51301,85 manat, xx.xx.2024-cü il tarixli EBED 949191 seriya və nömrəli elektron qaimə 2040 manat, xx.xx.2023-cü il tarixli EBDH 052661 seriya və nömrəli elektron qaimə 44545,19 manat, xx.xx.2023-cü il tarixli EBDH 480072 seriya və nömrəli elektron qaimə 160 037,22 manat, xx.xx.2023-cü il tarixli EBDK 849170 seriya və nömrəli elektron qaimə 204 383,96 manat, xx.xx.2023-cü il tarixli EBDL 795768 seriya və nömrəli elektron qaimə 249 437,89 manat, xx.xx.2023-cü il tarixli EBDN 927733 seriya və nömrəli elektron qaimə 176 903,45 manat, xx.xx.2023-cü il tarixli EBDQ 143491 seriya və nömrəli elektron qaimə 240 090,12 manat, xx.xx.2023-cü il tarixli EBDT 145467 seriya və nömrəli elektron qaimə 266 509,02 manat, xx.xx.2023-cü il tarixli EBDV 469419 seriya və nömrəli elektron qaimə 133 173,92 manat, xx.xx.2024-cü il tarixli EBEC 772536 seriya və nömrəli elektron qaimə 892,5 manat olmaqla ümumilikdə 1 529 315,12 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 51301,85 manat, xx.xx.2023-cü il tarixdə 55000 manat, xx.xx.2023-cü il tarixdə 25000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 100000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, xx.xx.2023cü il tarixdə 90000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, xx.xx.2023-cü il tarixdə 50000 manat, xx.xx.2023-cü il tarixdə 50000 manat, xx.xx.2023-cü il tarixdə 25000 manat, xx.xx.2023-cü il tarixdə 200 000 manat, xx.xx.2024-cü il tarixdə 43000 manat, xx.xx.2024cü il tarixdə 85000 manat, xx.xx.2024-cü il tarixdə 85000 manat, xx.xx.2024-cü il tarixdə 30000 manat, xx.xx.2024-cü il tarixdə 24853,5 manat, xx.xx.2024-cü il tarixdə 50000 manat olmaqla ümumilikdə 1 114 155,35 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya olan borcunun xx.xx.2023-cü il tarixə 430 659,26 ABŞ dolları olduğu təsdiq etmişdir.

11. İddiaçı xx.xx.2023-cü il tarixli 200/2023 nömrəli müqavilə üzrə daşımaların qalıq dəyəri olaraq 244 206,35 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

12. Cavabdeh iddiaya etiraz edərək iddiaçının keçmiş direktorunun cavabdehin maliyyə məsələlərini idarə etdiyini, 1114155,35 manat ödənişdən əlavə 100000 ABŞ dolları məbləğində pulun həmin şəxs tərəfindən cavabdehin hesabından digər hüquqi şəxsin hesabına köçürüldüyünü və həmin ödənişin də nəzərə alınmalı olduğunu, digər tərəfdən həmin şəxsin hazırkı borcu ödəyəcəyi barədə iltizam verdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. xx.xx.2023-cü il tarixli 200/2023 nömrəli müqavilə xidmət müqaviləsi adlansa da, təqdim edilən elektron qaimələrdən həmin müqavilə üzrə yük daşınması xidmətlərinin göstərildiyi, cavabdehə qarşı iddianın da məhz daşıma haqqından irəli gəldiyi aydın olur. Belə olan halda mübahisə yük daşınması ilə bağlı normalar çərçivəsində həll edilməlidir.

15. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

16. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir. Hazırkı müqavilə də mahiyyəti etibarilə yük daşınması müqaviləsidir.

17. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir.

18. Cavabdehin etirazlarına münasibətdə isə məhkəmə göstərməyi zəruri hesab edir ki, iddiaçının keçmiş direktoru Aygül Mirkanın cavabdehin maliyyə məsələlərini həll etdiyi, cavabdehin möhürünün onda olduğuna dair iş materiallarında hər hansı sübut yoxdur.

19. Digər tərəfdən, xx.xx.2024-cü il tarixli iltizam adlı sənəddən Aygül Mirkanın iddiaçıya ödənilməli olan 6 312 290,17 manat, o cümlədən cavabdehin 519 111,79 manat borcuna görə məsuliyyəti öz üzərinə götürdüyü, xx.xx.2024-cü il tarixədək ödəyəcəyini vəd etdiyi görünür.

20. Əvvəla, məhkəmə göstərir ki, qeyd edilən sənədin əsli iş materiallarında mövcud olmamış, cavabdeh də əslinin onda olmadığını bildirmişdir. Eyni zamanda həmin iltizam müqavilə üzrə cavabdehin borcunun iddiaçıya keçməsi mənasını ehtiva edə bilməz. Mülki qanunvericilikdə öhdəlikdə şəxslərin dəyişməsi imkanı – tələbin güzəşti və öhdəliyin verilməsi institutu tənzimlənmişdir. Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

21. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

22. Göründüyü kimi, öhdəliyin verilməsi üçün ya (1) kreditor və yeni borclu arasında müqavilə ya da (2) əvvəlki borclu və yeni borclu arasında razılaşma və kreditorun icazəsi tələb olunur. Lakin cavabdeh iddiaçı ilə yeni borclu – Aygül Mirkan arasında belə bir müqavilənin olduğu və ya onunla yeni borclu arasında razılaşma və iddiaçının razılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

23. Bu mənada adıçəkilən iltizam hazırkı işin halları baxımından hər hansı məna kəsb etmir.

24. Bundan başqa, cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq iş üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, üzləşmə aktında qeyd olunan və iddiada tələb olunan məbləğdə daşınmanın həyata keçirildiyi və pulun iddiaçının hesabına köçürülmədiyi işdəki digər sübutlarla təsdiq olunub cavabdeh tərəfindən inkar olunmadığından məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət təmin edilməmişdir.

25. Bundan başqa, iddiaçının əvvəlki direktoru tərəfindən cavabdehin hesabından üçüncü hüquqi şəxsin hesabına köçürülmüş 100000 ABŞ dolları məbləğində vəsaitin də daşıma haqqı kimi nəzərə alınmalı olması ilə bağlı etirazını da məhkəmə əsassız hesab edir və bildirir ki, qeyd olunan hal cavabdehin üçüncü şəxsdən pul tələbi ilə bağlı iddiası üzrə araşdırma predmetini təşkil edə bilər.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 27 yanvar 2023-cü il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə 244206,35 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

33. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 27 yanvar 2023-cü il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə borc qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

34. İddiaçı ödənilmiş 706 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

35. İş materiallarına əsasən əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı əsasında 535 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı əsasında 171 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 706 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə 244206,35 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 706 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar