Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8267/2025 30.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilə üzrə 22.143,66 manat borc, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə 5% cərimə - 1.107,18 manat, avadanlıqların icarəsi üzrə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.062 manat borc, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə 20% cərimə - 212,40 manat, həmçinin vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 160 manat, cəmi 24.985,24 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında malların alqı-satqısı üzrə xx.xx.2023-cü il tarixli və avadanlıqların icarəsi üzrə xx.xx.2023cü il tarixli müqavilələr bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyini icra etməmiş və malların razılaşdırılmış dəyərini iddiaçıya ödəməmişdir. Həmçinin cavabdeh avadanlıqların icarəsi üzrə xx.xx.2023-cü il tarixli müqavilənin 4.1.1-ci yarımbəndi üzrə öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin həmin müqavilələr üzrə İddiaçı MMCyə ümumilikdə 23.205,66 manat məbləğində borcu olduğu təsdiq edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC "X1" MMC arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, sifarişçi isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barədə öhdəlik götürür. .
12. Bundan başqa "xxxx" MMC (icarəyə verən) "X1" MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı İcarə xidmətlərinin razılaşdırma protokolu ilə tərəflər icarə işlərinin qiymətini razılaşdırmışdır.
13. Müqavilələr və ona Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən tərəflər xx.xx.2024-cü il tarixinə "X1" MMC-nin İddiaçı MMC-yə borc məbləğinin 19.665,81 AZN+ 3.539,85 ƏDV (23.205,66 manat) təşkil etdiyini öz imza və möhürü ilə təsdiq etmişlər.
16. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 22143,66 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.062 manat olmaqla, ümumilikdə 23.205,56 manat məbləğində borcunun olduğunu bildirərək, iddiaçının xeyrinə tutulmasını xahiş edir.
17. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
18. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 22143,66 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1062 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.107,18 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 212,40 manat manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2023-cü il tarixli müqavilənin 2.2-ci və xx.xx.2023cü il tarixli müqavilənin 5.3-cü bəndindən irəli gəlir.
21. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, icraçı 1 həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0.1%-i həcmində cərimə ödənilməsini sifarişçidən tələb edə bilər.
22. xx.xx.2023-cü il tarixli müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi bu müqavilə üzrə edəcəyi ödənişləri üzrsüz olaraq gecikdirdiyi hər bank günü üçün müvafiq ödəniş məbləğinin 0,5% faizi miqdarında icarəyə verənə cərimə ödəyir.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırkı işin hallarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcuna münasibətdə 1.100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcuna münasibətdə 50 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. Məhkəmə hesab edir ki, iddia 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
26. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində vəsait ödənilmişdir.
27. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 22.143 (iyirmi iki min yüz qırx üç) manat 66 (altmış altı) qəpik, cərimə borcu üzrə 1.100 (bir min yüz) manat omaqla, ümumilikdə 23.243 (iyirmi üç min iki yüz qırx üç) manat 66 (altmış altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.062 (bir min altmış iki) manat, cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, ümumilikdə 1.112 (bir min yüz on iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov