Məhkəmə qərarları › İş №e-2-2(113)-827/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-827/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-827/2023 11.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əmlaka dəymiş zərərə görə 820 (səkkiz yüz iyirmi) manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək-66 gün) hesablanmış 54,12 manat dəbbə pulu, vəkilin göstərdiyi hüquqi yardıma görə 260 (iki yüz altmış) manat xidmət haqqı və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalı olan “Toyota Prius” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Toyota Camry” (buraxılış ili-2012) minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı ASC tərəfindən müraciət edilməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən “Toyota Camry” (buraxılış ili-2012) minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. “Toyota Camry” (buraxılış ili-2012) minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 820 (səkkiz yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixində pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 40 (qırx) manat haqq iddiaçı tərəfindən ödənilmişdir. “Toyota Camry” (buraxılış ili-2012) minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təmir olunmuş və bununla əlaqədar 820 (səkkiz yüz iyirmi) manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə (xx.xx.2021-ci il tarixli PAZ********** nömrəli) "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2022-ci il tarixində X3 “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə “Toyota Camry” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Sığorta hadisəsinin baş verməsi barədə məlumat "xxxx" ASC-yə daxil olduğu gündən sığorta hadisəsinin araşdırılması məqsədi ilə müvafiq sorğular göndərilmişdir. Hadisə xx.xx.2022-ci il tarixində baş vermiş, lakin iddiaçı xx.xx.2022-ci il tarixdə M/11-9467 nömrəli məktubu ilə "xxxx" ASC-yə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Beləliklə, zərərçəkmiş tərəfindən hadisədən 5 ay sonra, yəni xx.xx.2022-ci il tarixində məlumat verilməsinə baxmayaraq, hadisə sığortaçı tərəfindən dərhal araşdırılmış və qısa müddətdə “Toyota Camry” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 820 (səkkiz yüz iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək, cavabdeh "xxxx" ASC-dən gecikdirilmiş hər günə (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək-66 gün) hesablanmış 54,12 manat dəbbə pulu, vəkilin göstərdiyi hüquqi yardıma görə 260 (iki yüz altmış) manat xidmət haqqı və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İcbari Sığorta Bürosunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Büronun İnformasiya sistemində axtarış zamanı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PAZ********** nömrəli sığorta şəhadətnaməsinin hadisə tarixində qüvvədə olduğu məlum olmuşdur. - 26 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ67HAJCHCRAZN**********9001 nömrəli hesabına 40 (qırx) manat məbləğində vəsait köçürülmüşdür. - 26 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun AZ39AİİB******************** nömrəli hesabına 260 (iki yüz altmış) manat məbləğində vəsait köçürülmüşdür. - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri DYPİ polis kapitanı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, “Toyota Prius” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ polis kapitanı X1 tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Changan Alsvin V7” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, “Toyota Camry” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzrə zəhmət haqqı 550 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, qəbzdə göstərilən 3 ehtiyat hissəsinə 270 manat məbləğində pul vəsaiti ödənilmişdir. - AC seriyalı, 689658 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Camry” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı ASC-dir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 005AZ**********7 nömrəli ödəniş tapşrığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ASC-nin AZ19MUGA**********00020AZM00 nömrəli hesabına 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC “Toyota Camry” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün xərclənmiş 820 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalı olan “Toyota Prius” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Toyota Camry” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. “Toyota Camry” minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 820 (səkkiz yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən müraciət edilməsinə baxmayaraq (2022-ci ilin oktyabr ayında pretenziya göndərilmiş, xx.xx.2022-ci il tarixində mübahisə ilə bağlı mediasiya təklifi göndərilmişdir), "xxxx" ASC tərəfindən “Toyota Camry” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı ilkin olaraq tədbir görülməmiş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, məhkəmə icraatının gedişində cavabdeh tərəfindən iddiaçıya 820 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ona görə də iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən gecikdirilmiş hər günə (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək-66 gün) hesablanmış 54,12 manat dəbbə pulu, vəkilin göstərdiyi hüquqi yardıma görə 260 (iki yüz altmış) manat xidmət haqqı və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 886.2-ci maddəsinə əsasən qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz. 886.3-cü maddəsinə əsasən sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən, icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. İddia tələbi borcun ödənilməsinin gecikdirilməsinə görə 54,12 manat dəbbə pulunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 40 (qırx) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı vəkilə ödənilmiş 260 (üç yüz) manat məbləğin və 40 (qırx) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 260 (üç yüz) manat və mediasiyaya ödənilmiş 40 (qırx) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 40 (qırx) manat cərimə, 260 (üç yüz) manat hüquqi yardım və 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar