Məhkəmə qərarları › İş №e-2-2(113)-829/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-829/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-829/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.850 ABŞ dollar pulun, Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.25 % olmasını əsas götürməklə 207 ABŞ dolları pul məbləğinin, iddianın qaldırılması üçün ödənilmiş 71,97 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdə yük daşınması ilə bağlı müraciət etmişdir. Həmin müraciətə əsasən xx.xx.2023-cü il tarixli, ********** saylı invoys əsasında 2850 ABŞ dolları dəyərində daşıma Daşıyıcı tərəfindən tam şəkildə həyata keçirilmişdir (invoys qoşma olaraq əlavə edilir). Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 4845 manat (2850 ABŞ dolları) məbləğində təşkil etmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, 248667 saylı Elektron Qaimə“Sifarişçi” yə göndərilmişdir. Müqavilənin 10.3-cü bəndinə əsasən malların dəyərinin 100%-i elektron qaimənin təqdim edilməsindən sonra 30 iş günü ərzində Sifarişçi tərəfindən Daşıyıcıya ödənilməli idi. Lakin, daşıma haqqının ödənilməsi gecikdirilmiş və hələ də icra edilməmişdir. Qeyd edilənlərlə bağlı invoys, ödənişlərin siyahısı, gömrük bəyannaməsi məhkəməyə təqdim edilir. Belə ki, Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumi borc məbləği 2850 (iki min səkkiz yüz əlli) dollar – 4845 (dörd min səkkiz yüz qırx beş) manat təşkil etmişdir. “Daşıyıcı” tərəfindən Müqavilələrdən yaranan bütün öhdəliklər tam şəkildə, vaxtı-vaxtında icra edilmiş və göstərilən xidmətlərin dəyəri 2850 dollar (4845 manat) təşkil etmişdir. “Sifarişçi” tərəfindən isə müvafiq ödənişlər yerinə yetirilməmiş, daşıma haqqının ödənilməsi gecikdirilmiş və “Daşıyıcı” ya ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh tərəfə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh tərəf məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında yükdaşıma müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətlərinin göstərilibgöstərilməməsidir.

11. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDM 248667 saylı dəyəri 4.845 manat olan elektron qaimə göndərilmişdir.

12. İş materiallarına əlavə edilmiş hesab fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Bursa-Bakı marşrutu üzrə ** JG ***, ** YC *** dövlət qeydiyyat nişanlı yük maşınları ilə yükdaşıma xidmətlərinin dəyəri 2.850 ABŞ dolları təşkil etmişdir.

13. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, ** JG ***, ** YC *** dövlət qeydiyyat nişanlı yük maşınları ilə gətirilmiş mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.

14. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq yükdaşıma xidmətləri həyata keçirilmiş və dəyəri 2.850 ABŞ dolları təşkil etmişdir.

15. Cavabdeh tərəf isə, Məhkəmə iclaslarına gəlməmiş və qeyd edilmiş borcun ödənilməsinə dair hər hansı bir sənədi işə əlavə etməmişdir.

16. Ona görə də, Məhkəmə hesab edir ki, 2.850 (iki min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

17. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 207 ABŞ dollarının tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

18. İş materiallarından görünür ki, yükdaşıma xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəyəri 4.845 (2.850 ABŞ dolları x1,7) manat olan elektron qaimə xx.xx.2023-cü il tarixdə, iddia ərizəsi isə Məhkəməyə xx.xx.2024-cü il (təxmini 14 ay sonra) tarixdə müraciət etmişdir.

19. Ona görə də, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 166,25 ABŞ dolları (2.850x5/100=142,5 (12 ay üçün), 142,5/12=11,875(1 ay üçün), 11,875x14=166,25 (14 ay üçün)) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Həmçinin məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 (yetmiş bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2.850 (iki min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 166 (bir yüz altmış altı) ABŞ dolları, 25 (iyirmi beş) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 71 (yetmiş bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar