Məhkəmə qərarları › İş №e-2-2(113)-8323/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8323/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8323/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2023-cü il tarixli 20**-AZ-*** nömrəli alqı-satqı müqaviləsi əsasında yaramış 7917,47 (yeddi min doqquz yüz on yeddi manat qırx yeddi qəpik) manat borc, iddia ərizəsinin göndərilməsi üçün 100 (yüz) manat dövlət rüsumunun, ümumilikdə 8017,47 manat məbləğin cavabdehdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh QSC (bundan sonra cavabdeh) arasında 17 yanvar 2023- cü il tarixli 20**-AZ- *** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin məzmununu iddiaçı tərəfindən razılaşma protokollarında/alış sifarişlərində göstərilən elektrik və istilik malları, avadanlıqlarının satılması, cavabdeh tərəfindən isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləğin iddiaçıya ödənilməsi təşkil edir. 20 iyun 2023-cü il tarixli qiymət razılaşma protokolu olan 4 nömrəli əlavə və 24 iyun 2023-cü il tarixli qiymət razılaşma protokolu olan 5 nömrəli əlavəyə əsasən iddiaçı həmin razılaşdırmada göstərilən elektrik və istilik məhsulları, avadanlıqları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin elektrik və istilik malları, avandlıqlarına görə ümumilikdə ƏDV də daxil olmaqla, 7917,47 manat (yeddi min doqquz yüz on yeddi manat, qırx yeddi qəpik) məbləği iddiaçıya ödəməyi öhdəsinə götürüb. Lakin iddiaçı tərəfindən müqavilənin məzmununu təşkil edən elektrik və istilik malları, avadanlıqları cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən razılaşdırılmış məbləğ bugünədək iddiaçıya ödənilməmişdir. 01 aprel 2024-cü il tarixli, 02/04-24 nömrəli qarşılıqlı üzləşmə aktı ilə hər iki tərəf ümumi borcun ƏDV daxil olmaqla, 7917,47 manat (yeddi min doqquz yüz on yeddi manat qırx yeddi qəpik) olduğunu bəyan etmişlər. Həmin üzləşmə aktının cavabdeh tərəfindən imzalanması müqavilənin məzmununu təşkil edən elektrik və istilik mallarının, avadanlıqlarının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini dolayı yolla sübut edir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci maddəsinə əsasən cavabdeh borcunu iddiaçının bank hesabına köçürməli idi. Lakin cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirməkdən bugünə kimi boyun qaçırmaqdadır. İddiaçı tərəfindən cavabdehə mövcud borcun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehdən xəbərdarlıq məktubuna cavab gəlməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 567, 600.1-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, alıcı qismində Cavabdeh QSC ilə satıcı qismində İddiaçı MMC arasında 17 yanvar 2023-cü il tarixli, 20**-AZ-*** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcının istifadəsi üçün nəzərdə tutulan, müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşdırma protokollarında/alış sifarişlərində göstərilən elektrik və istilik malları, avadanlıqları satır, alıcı isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən mallar alıcı tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ 100% tam şəkildə satıcının müqavilədə göstərilən hesabına ödənildikdən sonra satıcı tərəfindən təmin olunur. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə tərəflərin hər biri müqavilə şərtlərinin pozulması səbəbindən digər tərəfə dəymiş ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə əsasən hüquqi və maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbnaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.

6. xx.xx.2023-cü il tarixli 20**-AZ-*** saylı alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 20 iyun 2023-cü il 4 nömrəli əlavəyə əsasən ümumi dəyəri 1546,04 manat olan mal/malların Cavabdeh QSC-yə verilməsi və həmin malların dəyərinin Cavabdeh QSC tərəfindən ödənilməsi barədə öhdəliklər tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

7. xx.xx.2023-cü il tarixli 20**-AZ-*** saylı alqı-satqı müqaviləsinə 24 iyun 2023-cü il 5 nömrəli əlavəyə əsasən ümumi dəyəri 6371,43 manat olan mal/malların Cavabdeh QSCyə verilməsi və həmin malların dəyərinin Cavabdeh QSC tərəfindən ödənilməsi barədə öhdəliklər tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. 01 aprel 2024-cü il tarixli 02/04-24 nömrəli qarşılıqlı üzləşmə aktından məlum olur ki, Cavabdeh QSC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə ƏDV daxil 7917,47 manat borcu vardır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, cavabdeh tərəfindən ödənilməli olan məbləğin heç bir hissəsi ödənilməmiş və iddiaçıya 7917,47 manat borcu yaranmışdır.

13. İddia tələbi cavabdehdən əsas borca görə 7917,47 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 7917,47 manat (yeddi min doqquz yüz on yeddi manat qırx yeddi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin borcun mövcudluğu üzləşmə aktı və digər sübutlarla öz təsdiqini tapır.

15. Eləcə də, iddiaçı ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

16. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,18 manat (doxsan doqquz manat on səkkiz qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 7917,47 manat (yeddi min doqquz yüz on yeddi manat qırx yeddi qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,18 manat (doxsan doqquz manat on səkkiz qəpik) olmaqla, cəmi 8016,65 manat (səkkiz min on altı manat altmış beş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar