Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-833/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (X1 “xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018/01.140 saylı, xx.xx.2018-ci il tarixli satınalma müqaviləsinə əsasən ümumilikdə 48702,09 manat (qırx səkkiz min yeddi yüz iki manat doqquz qəpik) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıyqa ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə satınalma müqaviləsi baglanmışdır. Həmin müqaviləyə əsasən "Satıcı" (“xxxx” MMC), malı hazırkı müqavilənin bir hissəsi olan əlavələr və qaimə fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə "Alıcı” (X1 “xxxx” ASC) tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq “Alıcı'ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış satınalma müqaviləsi üzrə "Alıcı”ya təhvil aldığı obyektlərə görə göndərilmiş sonuncu aylıq hesabfaktura bu günə qədər "Alıcı” tərəfindən tam ödənilməmişdir. Belə ki, pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, xx.xx.2019-cu il tarixli e-qaimə "Alıcı”yə göndərilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış satınalma müqaviləsinə əsasən cavabdehin iddiaçıya 57231,31 (əlli yeddi min iki yüz otuz bir manat otuz bir qəpik) AZN əsas məbləğ və 10301,63 (on min üç yüz bir manat altmış üç qəpik) AZN ƏDV məbləğində borcu mövcud olmuşdur. Hal-hazırda alıcının satıcıya e-qaimələr üzrə 39307,58 (otuz doqquz min üç yüz yeddi manat əlli səkkiz qəpik) AZN əsas məbləğ və 7075,36 (yeddi min yetmiş beş manat otuz altı qəpik) AZN ƏDV məbləği borcu mövcuddur. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli satınalma müqaviləsinə əsasən 46382,94 manat əsas borc və bundan əlavə müqaviləyə əsasən gecikdirilmiş günlər üçün 2319,15 manat cərimə məbləği olmaqla, ümumilikdə 46382,94+2319,15=48702,09 manat (qırx səkkiz min yeddi yüz iki manat doqquz qəpik) məbləğində pul cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan etiraz ərizəsində deyilir ki, iş üzrə iddiaçı xx xxxxxx 2018-ci il tarixli müqavilənin tələblərini pozmuşdur. Belə ki, müqavilənin 11-ci – “Mübahisələrin həll edilməsi” adlı bölməsində qeyd edilir: 11.1 tərəflər arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları qüvvədə olan qanunvericilik əsasında danışıqlar yolu ilə həll edilir, həmin bölmənin 11.2-ci bəndinə əsasən isə mübahisəli məsələləri danışıqlar prosesində tənzimləmək mümkün olmadıqda, mübahisələr qanunvericiliklə müəyyən edilmiş formada müvafiq məhkəmə tərəfindən həll edilir. İddiaçı tərəf sadəcə pretenziya göndərmiş, bununla müqavilə üzrə öhdəliyi yerinıə yetirdiyini düzgün hesab edərək danışıqların aparılması ilə bağlı müqavilə öhdəlikləri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, hər hansı danışıqların aparılmasının nəticəsinə dair protokolu iddia ərizəsinə əlavə etməməklə, məhkəmədən kənar həlli qaydasına riayət etməmişdir. İddianı qəbul etmirlər. AR MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəmənin ərizəni baxılmamış saxlaması barədə qərardad qəbul etməsini istəyirlər. Hazırda tərəflə danışıqların aparılması, görüşün keçirilməsi ilə bağlı üzərimizə düşən müqavilə öhdəliklərini yerinə yetirməyə hazırıq. xx xxxx 2021-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyik, o səbəbdən bizim iştirakımız olmadan işə baxmağınızı və iddia ərizəsinin baxılmamış saxlamağınıza dair qərardad qəbul etməyinizi xahiş edirəm. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində “xxxx” MMC ilə alıcı qismində X1 “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı malı hazırkı müqavilənin bir hissəsi olan Əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müqafiq şərtlərlə “Alıcı” tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq, “Alıcı”ya təhvil verməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən “Alıcı” malı Əlavələrdə razılaşdırılmış və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müqafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür. - iddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 2018/01.140 saylı müqavilə əsasında təqdim edilmiş mallar üzrə eqaimələr üzrə 39307,58 manat əsas məbləğ, 7075,36 manat ƏDV məbləği borcu vardır. -İddiaçı tərəfindən ƏDV daxil 8939,89 manat dəyərində malların təqdim edilməsinə dair EAAT seriyalı, 169602 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir. -İddiaçı tərəfindən ƏDV daxil 37682,95 manat dəyərində malların təqdim edilməsinə dair EBAM seriyalı, 531114 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir. - “xxxx” MMC tərəfindən cavabdeh X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, 46382,94 manat məbləğində borcun 14 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1300/20 saylı pretenziyaya cavab məktubunda qeyd olunur ki, şirkətə rəsmi qaydada xx.xx.2020-ci ildə daxil olmuş pretenziya məktubuna cavab olaraq bildirik ki, 2018/01.140 saylı, xx.xx.2018ci il tarixli müqavilə əsasında X1 “xxxx” ASC alıcı tərəf qismində çıxış etmiş və satıcıya müqavilə ilə və onun əsasında tərtib olunmuş qaimə-fakturaya uyğun olaraq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Lakin şirkətin maliyyə çətinliyi olduğundan, habelə bank hesabı üzərinə dəfələrlə inkasso sərəncamı qoyulduğundan bu ödənişi qarşı tərəfin bank hesabına köçürmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, bildirirk ki, qeyd olunan ödəniş qısa müddət ərzində cari hesabınıza ödəniləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh X1 “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfdən mübahisənin məhkəməyə qədər nizama salınması üçün müqavilədən irəli gələn öhdəliklərin icrası barədə cavabdehə pretenziya məktubu göndərilmiş, 46382,94 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Pretenziyaya cavab məktubunda qeyd olunan məbləğin qısa müddət ərzində cari hesaba ödəniləcəyi bildirilmişir. Ödənişlərin edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair AR MPM-in tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc kimi 46382,94 manat məbləğində manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də 2319,15 manat cərimə məbləğinin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini vaxtında icra etməməsi, icranın gecikdirildiyi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumunun 29 manat hissəsi cavabdehə, 1 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 46382,94 manat (qırx altı min üç yüz səksən iki manat doxsan dörd qəpik) məbləğində borc, 300 (üç yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 46711,94 manat (qırx altı min yeddi yüz on bir manat doxsan dörd qəpik) məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-833/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-833/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver