Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-834/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏDV daxil olmaqla 112842,34 manat məbləğində borc, borcun ödənilmədiyi bütün müddət üçün hesablanmış 16775,40 manat məbləğində faiz, 400 manat məbləğində mediasiya xərci və 176 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 fevral 2021-ci il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə №-25-99-05-21 № li müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “Azərbaycan respublikası Müdafiə Nazirliyi 112 saylı Hərbi Hissə”-nin avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh 2020-cı ildə göstərdikləri bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda göstərilən texniki və təmir xidmətlərinə görə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 268 241,61 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra iddiaçı 13.11.2021-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Salamov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi O.İbrahimzadə iddia tələbini qismən, əsas borc hissəsində qəbul etdiklərini, həmin borcun əksər hissəsinin artıq ödənildiyini, borcun hazırda 7456,28 manat olduğunu, həmin borcun da yaxında ödəniləcəyini bildirdi. Əlavə olaraq göstərdi ki, iddia tələbini digər, faiz borcu hissəsində qəbul etmir, borcun obyektiv səbəblərdən (Qarabağ müharibəsi səbəbindən) vaxtında ödənilmədiyinin nəzərə alınmasını xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə arasında bağlanmış 24.02.2021-ci il tarixli 25/99/5/2021 saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən icraçı sifarişçinin bir il ərzində minik və digər xüsusi təyinatlı avtomobillərə (o cümlədən, bütün növ markalı avtomobillərə) texniki xidmət göstərilməsi və onların təmir edilməsi üzrə təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında avtomobil texnikasının texniki xidmət və təmirini başa çatdıraraq (qısa vaxt ərzində) məxsus olduğu hərbi hissəsə təhvil verir və görülən texniki xidmət və təmir işlərinə 2 il zəmanət verir. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında təmir edilmiş avtomobil texnikalarının icraçıdan qəbul etməyi öz öhdəsinə götürür. İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə arasında tərtib olunmuş 14 iyun 2021-ci il tarixli üzləşmə aktına əsasən tərəflər 28 fevral 2020-ci il tarixli 25/98/9/2020 saylı müqavilə üzrə görülmüş işlərə əsasən 31 dekabr 2020-ci il tarixinə 206603,75 manat, 24 fevral 2021-ci il tarixli 25/99/5/2021 saylı müqavilə üzrə görülmüş işlərə əsasən 14 iyun 2021-ci il tarixinə 119187,55 manat olmaqla sifarişçinin icraçıya təqdim olunmuş invoyslar və elektron qaimələr üzrə toplam 325791,3 manat məbləğində borcu olduğunu təsdiq edirlər. İddiaçı tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 22 fevral 2022-ci il tarixinə cavabdehin iddiaçıya olan borcu 199760,97 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş 06 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 06.05.2022-ci il tarixinə cavabdehin iddiaçıya olan borcu 112842,34 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 28.02.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış 325791,3 manat borcun 15 oktyabr 2021-ci il tarixədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 19.05.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 89310,44 manat, 19.05.2022-ci il tarixli ödəniş tapşırığı ilə 16075,62 manat, 29.03.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 73660,31 manat, 29.03.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 13258,32 manat, 30.12.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 41364,61 manat, 30.12.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 7445,46 manat, 08.12.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 17767,14 manat, 08.12.2021-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 3197,97 manat pul ödənilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 dekabr 2021-ci il tarixli MŞİH-002482 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24.02.2021-ci il tarixli 25/99/5/2021 saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi ödənilmiş 112842,34 manat məbləğində pulun geri qaytarılması hissəsində əsaslıdır. Bununla yanaşı, cavabdehin nümayəndəsi O.İbrahimzadə izahatında borcun bir qisminin (105386,06 manat) 19.05.2022-ci il tarixdə artıq ödənildiyini, ödənilməmiş əsas borcun 7456,28 manat qaldığını bildirmişdir. Materiallarda olan 19.05.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən 89310,44 manat, 19.05.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 16075,62 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borcun bir qismi artıq ödənildiyindən cavabdeh tərəfindən tutulmalı olan əsas borcun məbləği 7456,28 manat müəyyən edilməlidir. Bundan əlavə, iddiaçı cavabdehdən vəsaitin qanunsuz saxlamaqla faydalanmağa görə 16775,40 manat faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 16775,40 manat məbləğində pulun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 16775,40 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7456,28 manat ƏDV daxil olmaqla pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat mediasiya xərci və əlavə olaraq 176 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci olan 400 manat cavabdehə, ödənilmiş 176 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 7456,28 (yeddi min dörd yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat (ƏDV daxil) məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-834/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-834/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver