Məhkəmə qərarları › İş №e-2-2(113)-834/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-834/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-834/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “borc məbləğinin tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, mediasiya xərci, vəkil xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 768- GL/19 nömrəli müqavilə üzrə yaranmış 9690 manat gecikdirilmiş borcu və hesablanmış 5143,56 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 15533,56 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 768-GL/19 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli 768-GL/19 nömrəli müqavilə üzrə yaranmış 9690 manat gecikdirilmiş borcu və hesablanmış 5143,56 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT-023/2023-02756 saylı, xx.xx.2023-cü il tarixli arayışı təqdim edilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 müqavilə bağlanan zaman onlara işlənmiş texnikanın verildiyini və hazırda həmin texnikanın işlək vəziyyətdə olmadığını, əsas borcdan 9390 manatını qəbul etdiklərini, 5143,56 manat cərimə borcu məbləğinin həddindən artıq şişirdilmiş məbləğ olduğuna görə ümumiyyətlə qəbul etmədiyini bildirdi. Yaranmış əsas borc məbləğini hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 98/ü saylı əmrinə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 aprel 2018-ci il tarixli 522-L/18 nömrəli Lizinq müqaviləsinə əsasən kombayn taxılyığan Niva Effekt SK-5ME-1 lizinqə verilməsi əmr edilmişdir.

7. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 768- GL/19 nömrəli lizinq müqaviləsinə əsasən:

8. 1.1. Lizinq verən ümumi məbləği 17800 manat olan və spesifikasiyada qeyd olunan kənd təsərrüfatı texnikalarını (Əlavə № 1) dəyərini ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənəldəşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;

9. 1.2. Lizinq alan texnikaların texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafq ödəməyi öhdəsinə götürür.

10. 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;

11. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

12. Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədi ilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2019-cu il tarixli prokolu;

13. Lizinq ödəniş qrafiki (Əlavə № 1);

14. 2.2 Lizin alan:

15. 2.2.1. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 1) vaxtında və tam həcmdə ödəyir;

16. 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir.

17. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

18. xx.xx.2020-ci il tarixli 768-GL/19 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 17800 manat təşkil etmişdir.

19. 23 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən X3 gecikdirilmiş borc – 9690 manat, hesablanmış cərimə - 5143,56 manat, ümumilikdə 14833,56 manat borcun olması qeyd olunmuşdur.

20. 27 dekabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Xırdalan şəhəri Vəkil Bürosunun hesabına 500 manat ödəniş edilmişdir.

21. 27.02.2024-cü il tarixli hesabdan çıxarışa əsasən X5 tərəfindən 522-1/18 saylı müqavilə üzrə 8900 manat, 768-GL-19 saylı müqavilə üzrə isə cəmi 4000 manat ödəniş edilmişdir.

22. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən lizinqə götürülmüş texnikalara görə xx.xx.2018-ci il tarixində 522-L/18 saylı müqavilə üzrə 1300 manat, xx.xx.2020-ci il tarixli qəbzə əsasən – 1000 manat, xx.xx.2021ci il tarixli qəbzə əsasən – 1000 manat, xx.xx.2022-ci il tarixli 30008 saylı qəbzə əsasən – 1000 manat, xx.xx.2022-ci il tarixli 4803 saylı qəbzə əsasən – 1000 manat ödəniş edilmişdir.

23. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Aqrolizinq” ASC ilə X5 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, 768-GL/19 nömrəli lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh X5 lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə X5 lizinq müqaviləsi üzrə cəmi 9690 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

26. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

28. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X3 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 9690 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

30. Məhkəmə cavabdehin təqdim etdiyi qəbzləri araşdıraraq müəyyən etdi ki, bir qəbzə əsasən 1300 manat ödəniş hazırda borc tələb olunan 28 yanvar 2020-ci il tarixli, 768-GL/19 nömrəli müqavilə üzrə deyil, tərəflər arasında əvvəllər bağlanmışı (hazırda mübahisə predmeti olmayan) 522-L/18 saylı müqavilə üzrə edilmişdir. Beləliklə də, cavabdeh tərəfindən aparılmış bütün ödənişlər iddiaçı tərəfindən nəzərə alınmaqla 9690 manat məbləğində borc müəyyən edilmişdir.

31. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 5143,56 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 28 yanvar 2020-ci il tarixli, 768-GL/19 nömrəli müqavilə üzrə 485 manat məbləğində müəyyən edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2 lizinq müqaviləsi üzrə cəmi 9690 manat məbləğində əsas borc və 28 yanvar 2020-ci il tarixli, 768-GL/19 nömrəli müqavilə üzrə 485 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və 500 manat məbləğində vəkil xərci ödənilmişdir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 768-GL/19 nömrəli müqavilə üzrə 9690 (doqquz min altı yüz doxsan) manat məbləğində gecikdirilmiş əsas borc, 485 (dörd yüz səksən beş) manat məbləğində cərimə borcu, hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 500 (beş yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar