Məhkəmə qərarları › İş №e-2-2(113)-835/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-835/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-835/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Məmmədov llham Salam oğlunun iştirakı ilə, iddiaçı “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 12.600 avro məbləğində əsas borc və əldən çıxmış faydaya görə 2017-ci il tarixinə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 15% həcmində, 1.890 avro, ümumilikdə 14.490 avro borc məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli xidməti müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən icraçı “xxxx” Şirkəti sifarişçi Cavabdeh MMC-nin sifarişinə əsasən 23-xx xxxxxx 2017-ci il tarixdə Bakıda keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak etmək üçün boş sahə (X42 kv) verilməsi, ümumi təmizlik və təhlükəsizlik xidmətləri göstərməyi, sifarişçi isə öz növbəsində 12.600 avro ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMCnin “xxxx” Şirkətinə 12.600 avro borcu yaranmışdır. Bağlanmış müqavilənin ödəmə şərtlərinə əsasən müqavilə məbləğinin ödəmələrin 30%-i müqavilə imzalandığı anda, 35%-i 25 sentyabrda, geri qalan 35%-i isə 25 oktyabrda ödəniləcək. Onlar cavabdehə xx.xx.2020-ci il tarixində yazılı xəbərdarlıq göndərərək borcu ödəmələrini xahiş etmişlər. Lakin cavabdeh borcu hələ də ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin iddiaçı “xxxx” Şirkətinə olan əsas borcu 12.600 avro və əldən çıxmış mənfəətə görə 2017-ci il tarixinə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 15% həcmində - 1890 avro, ümumilikdə, 14.490 avro məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılanadək Cavabdeh MMC-yə məxsus bank hesablarının müəyyən edilməsi və bank hesablarının üzərinə iddia tələbi həcmində həbs (ümumilikdə 14.490 avro məbləğində) qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin ( vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həcmində, yəni 14.490 avro həcmində həbs qoyulmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ödəmənin 30% müqavilə imzalanan vaxt, yəni xx.xx.2017-ci ildə, 35% həmin ilin 25 sentyabr tarixində, qalan 35% 25 oktyabr tarixində ödənilməsi nəzərdə tutulmuş, lakin iddiaçı öhdəliklərin icrasının son müddəti başa çatdıqdan sonra xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yekunda iddia tələbi üzrə iddia müdətinin keçməsini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” Şirkəti (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxx 2017-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” Şirkəti Sifarişçi Cavabdeh MMC-nin sifarişinə əsasən 23-xx xxxxxx 2017-ci il tarixdə Bakıda keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində iştirak etmək üçün boş sahə (X42 kv) verilməsi ümumi təmizlik və təhlükəsizlik xidmətləri göstərməyi, Sifarişçi isə öz növbəsində 12.600 avro ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən “xxxx” Şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02/05- 193 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin “xxxx” Şirkətinə olan 12.600 avro borcun 8.000 avro hissəsini şirkətinin maliyyə vəziyyətinin yaxşı olmaması səbəbinə görə 3 ay ərzində ödəniləcək. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” Şirkəti ilə Cavabdeh MMC arasında xx xxxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh MMC həmin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri olan 12.600 manat məbləğində pul vəsaitini cavabdehə ödəməmiş, bununla da müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.2ci, 377.2-ci, 380.1 və 380.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırkı işin materiallarından isə görünür ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC tərəfindən sonuncu ödənişin icra edilməli olduğu tarix kimi xx xxxxxxx 2017-ci il tarixi göstərildiyindən və həmin müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən MM-in 377.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı məhz həmin tarixdən başlanmışdır. xx.xx.2020-ci il tarixdə - yəni qanunda müqavilə tələbləri üçün nəzərdə tutulmuş üç illik iddia müddəti ərzində cavabdeh iddiaçıya ünvanlanmış məktubda borcun bir hissəsini (8.000 Avro) 3 ay ərzində ödəməyi vəd etmiş, bununla da borcu etiraf edən və iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkət etmişdir. Beləliklə, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə kəsildikdən sonra yenidən başlamışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddiaçı “xxxx” Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən qanunda nəzərdə tutulmuş iddia müddəti buraxılmamışdır. Belə olan halda məhkəmə Cavabdeh MMC tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü göstərilmiş xidmətə görə haqqı ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə iddiaçı “xxxx” Şirkətinə 12.600 avro məbləğində borcunun yarandığını, iddiaçı “xxxx” Şirkətinin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 12.600 avro məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. X1 uçot dərəcəsinə uyğun olaraq ümumi məbləğin 15% -1.890 avro məbləğində faizlərinin tutulması tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12.600 (on iki min altı yüz) avro məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar