Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-835/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMM) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya 7400 manat əsas borc və müqavilənin 3.3-cü maddəsinə əsasən 5683,20 manat cərimə olmaqla, cəmi 13083,20 manat borcun və 200 manat mediasiyaya ödənilən rüsumun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 3000 manat pulun alınaraq İddiaçı MMM-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”X3 Və Ticarət LTD” MMM və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, RB/RG090821 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. İddiaçı hər zaman müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtlı-vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən şərtlərlə polipropilen kisəni alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, çeşidi, forması, qiyməti, ödəmə tarixi və şərtləri müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda, hesab fakturada öz əksini tapır. Müqavilənın 3.3-cü maddəsinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın razılaşdırılmış dəyərini vaxtında ödəməzsə, gecikdirdiyi hər bir gün üçün həmin malın dəyərinin 0.1%-i məbləğində cərimə ödəyəcəkdir. Bugünkü günədək cavabdehin iddiaçıya 7400 manat əsas və müqavilənin 3.3-cü maddəsinə əsasən 5683,2 manat cərimə olmaqla, cəmi 13083,2 manat borcu yaranmışdır. Bununla da iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Cavabdehə dəfələrlə şifahi müraciət edilsə də, ilkin mediasiyada 1 dəfə iştirak etsə də, görüşlər təşkil edilsə də, borcu ödəməmişdir. xx.xx.2023-ci il tarixli pretenziya məktubu cavabdehə göndərilmişdir. Bundan əlavə, xx.xx.2023-ci il tarixdə ilkin mediasiya sesiyası keçirilmiş və cavabdeh borcu etiraf etmişdir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış xx.xx.2023-ci il tarixli pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehdən tələb edilmiş, lakin bugünkü günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə üzləşmə aktını imzalamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425.1, 442, 445, 462.1, 465.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək, əsas borc məbləğini qəbul edir. Vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edildiklərindən borc məbləğini ödəyə bilməmişlər. 200 manat mediasiya xərcini də qəbul edir. Həmin məbləğləri 5-6 ay müddətinə ödəyəcəkdir. Lakin cərimə məbləği və hüquqi xidmət xərcini qəbul etmir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMM ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli RB/RG-090821 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə polipropilen kisəni alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən malın adı, qiyməti, çeşidi, forması, ödəniş forması, təhvil verilmə vaxtı müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda, hesab fakturada öz əksini tapır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın razılaşdırılmış dəyərini vaxtında ödəməzsə, gecikdirdiyi hər bir gün üçün həmin malın dəyərinin 0.1%-i məbləğində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşma protokolunda müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş əsasən tərəflər razılığa gəlir ki, bazarda malın qiymətində dəyişiklik olarsa, qiymətlər malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi vaxtı bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşma protokoluna əsasən müəyyən edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə hesablaşma nağd və ya köçürmə yolu ilə aparılır. Həmin müqavilənin 4.4-cü bəndinə bazarda malın qiymətində dəyişiklik olarsa, qiymətlər ona uyğun dəyişir.
8. xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu adlı sənəddən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli RB/RG-090821 nömrəli alqı-satqı müqaviləsi üzrə tərəflər polipropilen kisə 52x96 adlı malın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli, 594/2021 nömrəli hesab-fakturadan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli RB/RG-090821 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 21712 manat (18400 manat + 3312 manat 18% ƏDV) təşkil edir.
10. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 683471 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 21712 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMM-ə xx.xx.2023-cü il tarixinə 7400 manat əsas borc və müqavilənin 3.3-cü maddəsinə əsasən 5683,20 manat cərimə olmaqla, cəmi 13083,20 manat məbləğində borcu vardır.
12. İddiaçı MMM və Cavabdeh MMC arasında tətib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMM-ə 7400 (yeddi min dörd yüz) manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığndan müəyyən edilir ki, İddiaçı MMM tərəfindən Bakı 16 saylı Mediasiya Təşkilatının A271A118400600D**********L04 nömrəli hesabına 200 manat məbləğində ödəniş edilmişdir.
14. İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 66/23 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini cavabdehdən 7400 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 7400 (yeddi min dörd yüz) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
21. İddia tələbinin digər hissəsini cavabdehdən 5683,20 manat cərimə borcunun tutulması təşkil edir.
22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
23. Eləcə də, iddiaçı 3000 (üç min) manat hüquqi yardım xərci və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
24. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən 3000 (üç min) manat hüquqi yardım xərcinin tutulmasına münasibətdə isə məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsini, hüquqi yardımla bağlı 3000 manat məbləğin ödənilməsini təsdiq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, sözügedən məbləğ cavabdehdən tutula bilməz.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7400 (yeddi min dörd yüz) manat əsas borc, 400 (dörd yüz) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 8000 (səkkiz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova