Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-835/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, faiz borcu, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 42/20 saylı Müqavilə üzrə 2390 manat məbləğində əsas borcun, 478 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 966,9 manat pulun və 69 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC SifarişçiCavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli Müqavilə üzrə 2390 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş Elektron-qaimə ilə təsdiq edilir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 2390 borc məbləğini tələb etməyi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixli 42/20 saylı Müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 70584 manat cərimə məbləği təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin 20%-i həcmində, yəni cəmi 478 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 966,9 manat pul hesablanmışdır. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu (İddia ərizəsi üzrə ödənilməli olan rüsum məbləği 59 AZN + müvəqqəti təminat tədbiri barədə ərizə üzrə ödənilməli olan rüsum məbləği 10 AZN = 69 AZN dövlət rüsumu) 69 manat təşkiledir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında”haqqında müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.Müqavilənin müddətinin bitməsinə ən azı 15 (on beş)gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda,müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı bu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin - Sığorta hadisələri üzrə mütəxəssisin) yazılı və ya şifahi Sifarişi əsasmda həyata keçirir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən İcraçı daşıdığı avtomobili Sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqmda akt (Əlavə № 1) tərtib olunur, Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasmda hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur.
12. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçı Sifarişi qəbul etdikdən sonra daşıma obyekti Bakı və Sumqayıt şəhərləri ərazisində olduqda 6 saat, digər bölgələrdə olduqda ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir.2.5. Sifarişçi sifariş olunmuş avtomobilləri, yükləmə və boşaltma yerində (adi evakuator 30dəq, ağır tonaj 1 saat, dayman 1 saat) artıq gözlətdiyi təqdirdə aşağıdakı qaydada ödəniş etməyə borcludur: a) Adi Evakuator 1 (bir) saat üçün 10 (on) AZN b) Ağır tonaj 1 (bir) saat üçün 20 (iyirmi) AZN c) Dayman 1 (bir) saat üçün 50 (əlli) AZN
13. Müqavilənin 3.1.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsini və təhvil verilməsini aktla rəsmiləşdirir.
14. Müqavilənin 3.1.5-ci bəndinə əsasən icraçı Şərtləşdirilmiş keyfiyyətdə və vaxtında icra edilmiş işə görə razılaşdırılmış xidmət haqqınm ödənüməsini Sifarişçidən tələb etmək hüququ vardır.
15. Müqavilənin 3.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşımanm dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 2) ilə müəyyən edilir.
17. Müqavilənin 4.2-ci bəndinə əsasən daşıma zamanı xidmət haqqı nəğd şəkildə yerində və ya depozit qoymaqla köçürmə yolu ilə ödənilir.
18. Müqavilənin 4.3-cü bəndinə əsasən müqaviləyə icranın nəticələri təhvil verilənədək xitam verildikdə, hesablaşmalar xitam vermənin əsaslarından asılı olaraq, bu müqavilənin 6-cı bəndində göstərilən qaydada aparılır.
19. Müqavilənin 7.2-ci bədinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1% əlavə hesablanacaq.
20. xx.xx.2022-ci il tarixli, EBCK332926 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 10200 manat dəyərində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir (qeyd edilən qaimə üzrə ödənilməmiş qalıq məbləğ 2390 manat).
21. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-yə 71315 manat dəyərində xidmət göstərildiyi, bu müddət ərzində 68925 manat ödəniş edildiyi, xx.xx.2024-cü il tarixə müqavilə üzrə əsas borc 2390 manat, cərimə borcu 70584 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 966,9 manat müəyyən edilmişdir.
22. Məhkəmə iddiaçı tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
27. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
28. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
29. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
30. İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi” haqqında müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
31. Həmin müqavilə əsasında cavabdehə göstərilmiş xidmətlərin dəyəri tam ödənilməmiş və hazırda 2390 manat xidmət haqqı məbləğin ödənilməsi tələb olunur.
32. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
34. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
35. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
36. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
37. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
38. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
39. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
41. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr, təyinatı məhz elektron qaimə göstərilməklə qismən ödənişlər və tərəflər arasında formalaşmış işgüzar adətlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2390 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
42. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 42/20 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” haqqında müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış 478 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
45. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 120 manat məbləğində müəyyən edilməlidir.
47. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 966,9 manat məbləğində borc hesablanmışdır.
48. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
49. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
51. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, iddiaçı bir qaimə (xx.xx.2022-ci il tarixli EBCK332926 saylı) üzrə illik 5% hesablamaqla 966,9 manat məbləğində faiz borcunun ödənilməsini tələb edir. Lakin, məhkəmə tələbi qismən əsaslı hesab edir. Belə ki, iddiaçı əsassız olaraq həmin qaimə üzrə 8000 manata yaxın ödənişin edilməsini və cəmi 2390 manat borcun qalmasını nəzərə almadan, qaimə üzrə tam 10200 manat məbləğinə faiz borcunu hesablamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək xx.xx.2022-ci il tarixindən qətnamə çıxan tarixə kimi hesablanmaqla 260 manat məbləğində faiz borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
52. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2390 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2390 manat əsas bоrc, 120 manat dəbbə pulu, illik 5% olmaqla 260 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
53. Məhkəmə xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iş üzrə ödənilmiş 48 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli 42/20 saylı müqavilə üzrə 2390 manat əsas borc, 120 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 260 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 48 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova