Məhkəmə qərarları › İş №e-2-2(113)-837/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-837/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-837/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daxili maliyyə lizinq müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 9867,99 manat zərər və ödənilən 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmıış xx.xx.2022-ci il tarixli, İF/05982 saylı saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyekti BMW 530 minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 36 ay müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Həmin avtomobillə yol-nəqliyat hadisəsi törədilmiş, nəticədə təşkilata maddi ziyan dəymişdir. Lizinq obyekti iddiaçı tərəfindən müstəqil ekspertin iştirakı ilə qəzaya uğramış avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 7000 (yeddi min) manat dəyərində qiymətləndirildi. Cavabdehin xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borcu 13282,95 manat, faiz borcu 3404,04 manat, cərimə borcu 110 manat olmaqla, cəmi 16867,99 manat təşkil edir. Cavabdehin hal-hazırda təşkilata (16867,99-7000) 9867,99 manat borcu vardır. Qanunvericiliyin tələbinə görə mübahisənin mediasiya qaydasında həlli mümkün olmadığından, İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olundu.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 12544,20 manat borcun və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən 50 manat olmaqla, cəmi 12594,20 manat və mediasiya xidmət haqqı kimi ödənilən 100 manat məbləğində pulun iddiaçı "xxxx" MMCnin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, yeni tələb lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də göründüyü kimi, cavabdeh 07 oktyabr 2022-ci il tarixindən başlayaraq 27 iyul 2023-cü il tarixinə qədər hər ay 617,56 manat olmaqla, 6175,60 manat ödəniş etməli olduğu halda, cəmi 2520 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 3655,6 manatdır (6175,60 manat – 2520 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 8477 manat, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən məbləğ 50 manat xidmət haqqı təşkil edir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 748-7-ci maddələrinə istinad olunmuşdur.

7. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəfdən maşın ustaya verilib, Onlar iyul ayında maşını ustadan götürmüşlər. Maşın faktiki olaraq cavabdeh tərəfdə olubdur. Qəzadan sonra qarşı tərəf maşını təmir üçün ustaya verib. Maşın bir müddət ustada qalıb, həmin müddət ərzində maşın nə təmir olunub, nə də ödənişlər olunub. Dəfələrlə ödəniş olunmasının bildirilməsinə baxmayaraq, ödəniş olunmayıb. Maşın ustada olanda, ödənişi istəyəndə onlara bildirilib ki, maşın ustadadır və oradan götürüləcək. İşçilər maşını ustadan təhvil götürmüşdür. Ödəniş cədvəlinə əsasən iyul qədər 6175 manat ödəniş olunmalı idi. İddiaçı tərəf maşını iyul ayının 15-də götürmüşdür. Maşını götürən kimi həmin dəqiqə qiymətləndirildi ki, sonradan problem olmasın.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh verdiyi izahatında bildirdi ki, iddia tələbinə etiraz edir, iddianı qəbul etmir. Lizinq predmeti hazırda iddiaçı təşkilatdadır. Onun heç bir məsələdən xəbəri yoxdur. Lizinq predmeti onun razılığı ilə başqa şəxsə verilibdir. Ona görə də ona münasibətdə iddianın rədd olunmasını xahiş edir.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X2 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1ci bəndinə (müqavilənin predmeti) əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri: marka, model: BMW 530 minik, tip: sedan, mühərrik: N-Z SİL, ban: WBANA73544B807325, buraxılış ili: 2004, mühərrikin həcmi: 3000 sm3, rəngi: qırımızı parıltısız qara. Həmin müqavilənin 1.1-ci bəndinə (lizinq müddəti) əsasən lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, lizinq obyektinin təhvil-təslim aktı lizinq verən və lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır. Lizinq müddəti 36 (otuz altı) ay təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə (lizinq obyektinin əldə edilməsi) əsasən lizinq obyekti alqı-satqı müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektinin satıcısından alınır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq obyektinin qiyməti: 18000 (on səkkiz min), Həmin müqavilənin 4.3-cü bəndinə əsasən avans məbləğ: 4000 (dörd min) manat, Həmin müqavilənin 4.4-cü bəndinə əsasən liziiq müqaviləsinin qiyməti: 14000 (on dörd min) manat, Həmin müqavilənin 4.5-ci bəndinə əsasən alqı-satqı müqaviləsi bu müqavilənin 10.1.1-ci maddəsində göstərilmiş təminat lizinq alan tərəfindən tam həcmdə təqdim edildikdən sonra bağlanır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən lizinq alan alqı-satqı müqaviləsinin şərtlərinin satıcı tərəfindən lazımi qaydada icra edilməməsi barədə lizinq verənə dərhal məlumat verməlidir. Lizinq verən aşağıdakı hallarda lizinq əmlakına görə məsuliyyət daşımır. Həmin müqavilənin 5.1-ci bəndinə (lizinq obyektinin təhvil-təslimi) əsasən hazırkı müqavilənin 2.1-ci maddəsində göstərilmiş lizinq obyekti - “BOKT İDK" MMC-nin qarşısında lizinq alana təhvil verilməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı (Əlavə № 2) ilə rəsmiləşdirilir. Təhvil-təslim zamanı lizinq alan lizinq obyektinin təhvilindən imtina edərsə, lizinq alan tərəfindən lizinq verənin hesabına faktiki ödənilmiş avans, lizinq ödənişləri və (və ya) digər pul öhdəlikləri ilə bağlı ödənişlər geri qaytarılmır. Həmin müqavilənin 6.2-ci bəndinə (lizinq obyektinin sığortalanması) əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalanan kimi sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlərini lizinq verənin hesabına ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi, təbii fəlakətlər, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, soyğunçuluq, yanğın, partlayış, ildırım vurması risklərindən lizinq müddəti ərzində sığortalanmalıdır. Lizinq obyektinin sığorta təminatı lizinq müddəti ərzində sığortalanmalıdır.

10. Satıcı qismində X1, lizinq verən qismində "xxxx" ASC və lizinq alan qimsində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İF/05982 saylı lizinq obyektinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə (müqavilənin predmeti) əsasən satıcı, lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Nəqliyyat vasitəsinin təsviri: marka, model: BMW 530 minik, tip: sedan, mühərrik: N-Z SİL, ban: WBANA73544B807325, buraxılış ili: 2004, mühərrikin həcmi: 3000 sm3, rəngi: qırımızı parıltısız qara. Lizinq alan bu müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan bu müqavilədən irəli gələn alıcı hüququna malikdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər nəqliyyat vasitəsinin qiymətini 18000 (on səkkiz min) manat məbləğində müəyyən edirlər. Həmin müqavilənin 2.1-ci bəndinə (əmlkaın təhvil verilməsi qaydası) əsasən satıcı bu müqaviləni imzaladığı gündən 3 gün ərzində əmlakı müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə alıcı-lizinq verənin xeyrinə rəsmləşdirməli və nəqliyyat vasitəsini yeni qeydiyyat şəhadətnaməsi və digər ləvazimatı ilə birlikdə qiymətləndirmə keçirilən zaman qüsursuz vəziyyətdə alıcı-lizinq verənin hüquqi ünvanı üzrə alıcı-lizinq verənin mütləq iştirakı ilə lizinq alana təhvil verilməlidir. Bu hərəkət təhvil-təslim aktı əsasında həyata keçirilir. Alıcı-lizinq verənin iştirakı olmadan keçirilən təhvil-təslimin hüquqi qüvvəsi yoxdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən əmlakın təhvil-təslim verilməsi anına qədər onun oğurlanması, itirilməsi, məhv olunması və zədələnməsi riskini satıcı, təhvil verəndən sonra isə lizinq alan məsuliyyət daşıyır. Lizinq verən heç bir halda əmlakın keyfiyyətinə, onda yarana biləcək çatışmazlıq və əmlakla bağlı risklərə məsuliyyət daşımır.

11. xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X2 müqaviləsinə edilən 1 nömrəli Əlavə ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2022-xx.xx.2025-ci il tarixlərdə hər ay 617,56 manat məbləğində ödənişlər etməliydi. Qeyd edilən əlavə hər iki tərəfin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli X2 müqaviləsinə əsasən 13252,95 manat əsas, 3404,04 manat faiz borcu, 110 manat cərimə borcu olmaqla, cəmi 16796,99 manat məbləğində borcu vardır.

13. "xxxx" MMC-nin xx.xx.2022-xx.xx.2024 tarix aralığında hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X2 müqaviləsinə əsasən ümumilikdə 2520 manat məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, AKT-071/23 nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus BMW 530 minik markalı, **- AC-*** dövlət nömrə nişanlı, ban 6TlBK40K39X916963, 2008-ci il buraxılışdan, qırmızı parıltısız qara rəngdə dövlət qeydiyyat nişanlı avtomobilə lizinq təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə göstərilən avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümümi məbləği 9047 (doqquz min qırx yeddi) manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 16000 (on altı min) manat məbləğində təşkil etmişdir. Avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 7000 (yeddi min) manat məbləğində müəyyən olunmuşdur.

15. xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyndə qeyd edilmişdir ki, BMW 530 minik markalı, **-AC-*** dövlət nömrə nişanlı, ban 6T1BK40K39X916963, 2008-ci il buraxılışdan, qırmızı parıltısız qara rəngdə, "xxxx" MMC-nin mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla) ümumilikdə 9047 manat təşkil edir

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2146 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumalara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı, BMW 530 minik markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8477 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 6257 manat, təmir-bərpa işlərinin qimyəti 2220 manat.

17. "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 07/31 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-ci maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.3-cü maddəsinə əsasənllizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

21. İddia tələbinin bir hissəsini xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq ödənişlərinin qalıq məbləği olan 3655,60 manat borcun cavabdehdən tutulması təşkil edir.

22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, müəyyən olunmuşdur ki, xx.xx.2022ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alan Cavabdeh sözügedən müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdən 07 sentyabr 2025-ci il tarixədək hər ay 617,56 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Avtomobil 2023-cü il iyul ayının sonlarından iddiaçı tərəfindən təmir üçün verilmiş ustadan götürülmüş və həmin vaxtdan iddiaçıda olmuşdur. 1 saylı əlavəyə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək (iddiaçı ödənişin həmin vaxtadək hesablanmasına etiraz etməmişdir) ödənilməli olan lizinq ödənişlərinin məbləği 5866,82 manat təşkil etmiş, yəni cavabdehin iddiaçıya 9 ay və ½ ay üzrə ödəməli olduğu məbləğ – 5866,82 manat ((617,56 x 9ay=5558,04) + (617,56 x ½ ay=308,78) = 5866,82 manat) olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da müəyyən edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2520 manat ödəniş edilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 3346,82 manat (ümumi ödənilməli olan məbləğ: 5866,82 manat – 2520 manat ödənilmiş məbləğ= 3346,82 manat) təşkil edir.

23. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 3346,82 manat (üç min üç yüz qırx altı manat səksən iki qəpik) məbləğində borc iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

24. İddia tələbinin ikinici hissəsi – cavabdehdən avtomobilə dəymiş zərər olaraq 8477 manat məbləğin tutulmasına münasibətdə ilk növbədə qeyd edilir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, avtomobil lizinq alanda olduğu müddətdə avtomobilə zərər dəymişdir. Həmin hal iş materiallarında olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.

25. Avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/2146 nömrəli ekspert rəyi verilmişdir. Rəylə avtomobilin təmir-bərpa xərclərinin təxminən 8477 manat təşkil etdiyi müəyyən edilmişdir.

26. MM-nin 748-7.1-ci maddəsinin tələblərinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X2 müqaviləsinin 6.2-ci bəndinə (lizinq obyektinin sığortalanması) əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır.

27. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, lizinq obyekti olan hazırkı əmlakın zərərin bütün növlərindən, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyektinin faktiki qəbulu anından lizinq alanın daşıdığını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2146 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi ikinci hissədə təmin edilməli, əmlaka dəymiş zərərə görə Cavabdeh 8477 (səkkiz min dörd yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

28. Cavabdehin heç bir məsələdən xəbərinin olmaması, lizinq predmetinin onun razılığı ilə başqa şəxsə verilməsi, ona görə də ona münasibətdə iddianın rədd edilməli olmasına münasibətdə qeyd olunmalıdır ki, lizinq münasibətləri hazırkı tərəflər - iddiaçı ilə cavabdeh arasında yaranmış, hazırkı tərəflər müqavilə üzrə üzərlərinə öhdəliklər götürmüşlər. Ona görə də iddiaçı tələbi cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur.

29. İddiaçı cavabdehdən müstəqil ekspertə ödənilən 50 manat pulun tutulmasını xahiş etmiş, lakin bununla bağlı sübut (ödəniş tapşırığı, qəbz və s.) təqdim etməmişdir, ona görə də tələb həmin hissədə təmin edilməməlidir.

30. Eləcə də, iddiaçı 100 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

31. Məhkəmə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 93,88 manat (doxsan üç manat səksən səkkiz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıdan 27,78 manat (iyirmi yeddi manat yetmiş səkkiz qəpik) məbləğində ödənilməli olan, lakin ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, hazırkı iddia ilə iddiaçı məhkəmə müraciət edən zamanı ödənilməli olan dövlət rüsumunun məbləği 127,78 manat təşkil etmişdir. Lakin iddiaçı tərəfindən yalnız 100 manat məbləğində mediasiya xərci ödənilmişdir.

33. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 46,94 manat hissəsi Cavabdeh, 3,06 manat hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 3346,82 manat (üç min üç yüz qırx altı manat səksən iki qəpik) borc, 8477 (səkkiz min dörd yüz yetmiş yeddi) manat dəymiş zərər, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 93,88 manat (doxsan üç manat səksən səkkiz qəpik) olmaqla, 11917,70 manat (on bir min doqquz yüz on yeddi manat yetmiş qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27,78 manat (iyirmi yeddi manat yetmiş səkkiz qəpik) məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 46,94 manat hissəsi Cavabdeh, 3,06 manat hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar