Məhkəmə qərarları › İş №e-2-2(113)-8377/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8377/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8377/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi,Vəkil iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 08 avqust 2023-cü il tarixli UNİT 58/2023 nömrəli alqısatqı müqaviləsi üzrə yaranmış 11960,60 manat məbləğində ƏDV daxil borcun, eyni zamanda borc öhdəliyinin gecikdirilməsi nəticəsində hesablanmış 5000 manat cərimənin, illik 5% hesablanmış 1196 manat faiz borcunun, hüquqi xidmətə görə ödənilmiş 600 manat xidmət haqqının və 149 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə hüquqi şəxs kimi fəaliyyət göstərən cavabdeh "xxxx" MMC arasında 08 dekabr 2023-cü il tarixli UNİT 58/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, tərəflər razılaşırlar ki, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcını “mal” adlandıralacaq ehtiyyat hissələri ilə təchiz etməsini öz öhdəsinə götürür. İddiaçı MMC ilə hüquqi şəxs kimi fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli UNİT 09/2023 nömrəli alqı-satqı müqaviləsi əsasında satılmış malın ödənilməmiş qalıq dəyəri 11960,50 manat ƏDV ilə birlikdə olmuşdur. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMC tərəfindən hüquqi şəxs kimi fəaliyyət göstərən "xxxx" MMC-yə satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir, təhvil-təslim aktı ilə mallar cavabdehə təhvil verilmişdir. Lakin xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixə qədər alıcı tərəfindən 11960,50 manat ƏDV daxil vəsait "xxxx" MMC-yə ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət olunsa da hələ bugünkü günə qədər heç bir ödəniş olunmamışdır. Uni -Trade” MMC ilə hüquqi şəxs kimi fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli UNİT 58/2023 saylı müqavilənin 2.7 bəndinə əsasən Alıcı aldığı malın dəyərini Malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Əks halda eyni bu müqavilənin 6.1.4-bəndinə əsasən Alıcı ödənişi bu müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmədiyi təqdirdə hər gün üçün ödənilməyən borcdan 0.5% qədər cəriməni və bundan yaranan administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdehə 17.09.205-ci il tarixədək 29.387,71 manat cərimə hesablanmışdır. Həmin cərimə məbləğinin 5000 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir. AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illlik 5% yəni cəmisi 1196 manat (11.960x5%x2il=598mx2=1.196) hesablanmış faiz pulunun cavabdehdən tutulmasını xahiş edir. Bundan əlavə hazırkı mübahisənin həll edilməsi və borcunun alınması üçün "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlər görülməsi barədə müqaviləyə əsasən ödənilmiş 600 manat hüquqi xidmət haqqıda cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 464.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sədrlik edənin sualına cavab olaraq hüquqi yardımın göstərilməsi ilə bağlı göstərilmiş xidmətlərə iddia ərizəsinin yazılması, pretenziyanın çatdırılması, iddia ərizəsi və sübutların e-sistemə əlavə edilməsi kimi xidmətlərin daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, müqavilə üzrə 11962 manat ƏDV daxil əsas borcu və ödənilmiş dövlət rüsumu olaraq 149 manat məbləği qəbul edir. İddia tələbinin digər hissəsi, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclər əsassızdır və öz təsdiqini tapmır. Belə ki, şirkətin əsas iş yeri üzrə nümayəndəsi hüquqşünas olaraq məhkəmə iclasında özü şəxsən iştirak edir. Tərəflər arasında olan mübahisə, tərtib edilən iddia ərizəsi xüsusi qəliz bir məsələ deyildir. Hesab edir ki, bunun üçün əlavə xidmətlərin göstərilməsi və buna əlavə ödəniş edilməsi zərurət yoxdur. Cərimə, illik 5% məbləği və hüquqi yardımın göstərilməsi üçün qeyd edilən məbləği qəbul etmir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 08 dekabr 2023-cü il tarixli UNİT 58/2023 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı, hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə "Mal" adlandırılacaq ehtiyyat hissələrini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. 2.4-cü bəndinə əsasən ödəniş, Alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada Satıcının Bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. 2.6cı bəndinə əsasən Bu Müqavilənin 2.4-cü maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini Malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 4.1-ci bəndinə əsasən malın adı,çeşidi,kəmiyyəti, qlyməti hər sifarişdə satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-faktura əsasında müəyyən olunur. 6.1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Malı vaxtı-vaxtında qəbul etmək və onun dəyərini ödəmək; 6.1.4-cü bəndinə əsasən ödəniş bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən gecikdirildiyi hər gün üçün ödənilməyən borcdan 0.5% qədər cərimə və bundan yaranan administrativ xərcləri ödəmək alıcının öhdəlikləridir. 10.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2023-ci il tarixində qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında yazılı xəbərdarlıq göndərmədiyi təqdirdə, müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 08 Dekabr 2023-ci il tarixli UNİT 58/2023 saylı müqaviləyə əsasən dəyəri 11960.50 manat (Ədv daxil) ehtiyyat hisəsi və ləvazimatlar almışdır. Aldığı mala görə xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixi də daxil olmaqla olan müddət ərzində İddiaçı MMC-yə ödəniş etməmişdir. Müştərinin İddiaçı MMC-yə cəmi faizsiz borcu 11960.50 manat Ədv daxildir. Bu borcun əsas məbləği 10135.83 AZN, Ədv məbləği isə 1824.67 manat təşkil edir. Belə ki, əlavə olaraq müqavilənin 6.14-cü bəndinə əsasən 29387.71 faiz borcu olmaqla, cəmi 41348.21 manat borcu mövcuddur. Hər iki tərəfin imzaları təsdiq olunmuş 2023-cü ilin dekabr ayı üzrə olan təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 3631,80 manat, 2024-cü ilin yanvar ayı üzrə olan təhvil-təslim aktına əsasən 3143,50 manat, 2024-cü ilin fevral ayına olan akta əsasən 2664,80 manat dəyərində mallar təhvil verilmişdir. Təhvil verilmiş mallar üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə EBDX seriyalı, 994408 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 249,50 manat, EBDY seriyalı, 418663 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 939,80 manat, EEDW seriyalı, 060351 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 94 manat, EBDY seriyalı, 515602 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 109 manat, EBDY seriyalı, 920999 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 493,50 manat, EBDY seriyalı, 158056 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 266,90 manat, EBDY seriyalı, 768212 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1707,40 manat, MT2403 seriyalı, 00161534 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 150.00 manat, EBDX seriyalı, 366942 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 124 manat, EBDX seriyalı, 990217 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 13 manat, MT2403 seriyalı, 00569280 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 48 manat, EBEA seriyalı, 032341 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 350 manat, MT2403 seriyalı, 00254842 nömrəli, xx.xx.2024cü il tarixli, dəyəri 635.00 manat, EBDZ seriyalı, 163175 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 274 manat, MT2401 seriyalı, 00173228 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 84.99 manat, EBEA seriyalı, 216759 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 218,50 manat, EBDZ seriyalı, 695760 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 132 manat, EBDX seriyalı, 266265 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1221,80 manat, EBDX seriyalı, 755087 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 627,70 manat, EBDW seriyalı, 398818 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 39 manat, MT2403 seriyalı, 00274939 nömrəli, xx.xx.2024cü il tarixli, dəyəri 59.99 manat, EBDW seriyalı, 657277 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 822,50 manat, MT2403 seriyalı, 00498001 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 755.90 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən xidmət haqqının məbləği tərəflərin razılığına əsasən Bakı Kommersiya Məhkəməsi üçün 600 manat, Bakı Apellyasiya Məhkəməsi üçün 500 manat, Azərbaycan Respublikası Ali Məhkəməsi üçün 300 manat, İcra Şöbəsi üçün 300 manat müəyyən olunur. ******* nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 600 manat pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, “iddiaçı tərəfindən 149 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi üç hissədən ibarətdir: 1) 08 avqust 2023-cü il tarixli UNİT 58/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 11960,60 manat məbləğində ƏDV daxil borcun; 2) əsas borca illik 5% ilə hesablanmış 1196 manat vəsaitin; 3) borc öhdəliyinin gecikdirilməsi nəticəsində hesablanmış 5000 manat cərimənin cavabdehdən tutulması. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə mal göndərmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq razılaşdırılmış həcmdə malları (ehtiyyat hissələrini) təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi də malların təhvil verildiyini və iddianı əsas borc hissəsində qəbul etdiyini bildirmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, cavabdehin əsas borcu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, ƏDV daxil 11960,60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1196 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 2 il gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır, buna görə də iddia həmin hissədə təmin olunmalı, 1196 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Hətta işin faktiki hallarından bəzi elektron qaimələrin verildiyi və ödənişin edilməli olduğu tarixdən ödənişin 2 ildən artıq gecikdiyi, iddiaçı tərəfindən gecikmənin iddia ərizəsi verildiyi xx.xx.2025-ci il tarixə kimi hesablandığı, işə məhkəmədə baxıldığı vaxtı ödənişin icra olunmadığı, həmin müddət üçün isə illik 5%-in daha artıq etdiyi müəyyən olunmuş, lakin məhkəmə verilən tələb üzrə qətnamə çıxarmalı olduğundan iddia tələbindən kənara çıxmamışdır. İddia tələbinin üçüncü hissəsi – 5000 manat cərimə məbləğinin tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli UNİT 58/2023 nömrəli müqavilədə (6.1.4-cü bənd) ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və işin faktiki hallarından cavabdehin öhdəliyin icrasını gecikdirdiyi müəyyən olunmuşdur. Buna görə də iddiaçı cavabdehdən dəbbə pulu ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq alqı-satqı müqaviləsi üzrə 598 manat müəyyən olunmalıdır. Məhkəmə hüquqi xidmətə görə ödənilmiş 600 manat xidmət haqqının tələb edilməsi ilə bağlı qeyd edir ki, hüquqi yardım xərclərinin məbləği işin mürəkkəbliyi, görülmüş işlərin həcmi nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırda iddiaçının nümayəndəsinin qeyd etdiyi iddia ərizəsinin yazılması, pretenziyanın çatdırılması, iddia ərizəsi və sübutların esistemə əlavə edilməsi kimi işlərin həcmi və xarakteri, məhkəmə iclaslarında vəkilin iştirak etməməsi nəzərə alındıqda hüquqi yardım xərcinin əvəzi olaraq 600 manat məbləğ ağlabatan və mütənasib hesab edilə bilməz. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də, hüquqi yadım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 149 manat dövlət rüsumunun 131,26 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh "xxxx" MMC-dən əsas borc üzrə 11960 (on bir min doqquz yüz altmış) manat 60 (altmış) qəpik, əsas borca illik 5% ilə hesablanmış 1196 (bir min bir yüz doxsan altı) manat vəsait, cərimə borcu üzrə 598 (beş yüz doxsan səkkiz) manat olmaqla, cəmi 13754 (on üç min yeddi yüz əlli dörd) manat 60 (altmış) qəpik borc, hüquqi xidmətlərə görə 300 (üç yüz) manat, ödənilmiş 131 (bir yüz otuz bir) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar