Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-838/2025 10.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqvilə üzrə öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 3200 (üç min iki yüz) ABŞ dolları məbləğin məhkəmə qətnaməsi tam icra olunduğu tarixə manatın dollara nisbətdə manat ekvalenti ilə pul, iddianın qaldırılması üçün ödənilmiş 78,35 manat (yetmiş səkkiz manat otuz beş qəpik) məbləğində dövlət rüsumu və xx.xx.2023-cü il tarixdən ödənilməmiş 3,200 (üç min iki yüz) ABŞ dolları pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.25 % olmasını əsas götürməklə, icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq, yəni 232 ABŞ dolları pul məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “Sifarişçi” adlanacaq) və İddiaçı MMC (bundan sonra “Daşıyıcı”) arasında xx.xx.2023-cü il tarixli, 49/2023 saylı X1 (bundan sonra “Müqavilə”) bağlanmışdır (müqavilə qoşma olaraq əlavə edilir). Həmin müqavilənin 1.1-ci bəndinə əsasən daşıyıcı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi isə daşıyıcı ya yükləmədən sonra əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən daşıyıcının sifarişçidən daşıma haqqını tələb etmək, eləcə də daşıma haqqını vaxtında ala bilmədikdə itirdiyi və çəkdiyi xərcləri tələb edib almaq hüququ vardır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçinin yükün daşınmasına görə daşıyıcıya bu müqavilə ilə müəyyən edilmiş daşınma haqqını vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən sifarişçi yükün daşınmasına görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən ödənişin icra edilməsi öncədən avans olaraq razılaşdırıldığı halda daşıyıcı tərəfindən hesab-faktura təqdim olunduqdan sonra yükün nəqliyyat vasitəsinə yüklənməsi tarixinə kimi sifarişçi tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən ödənişin icra edilməsi iş və xidmətlərin təhvil verilməsindən sonra (yükün təyinat məntəqəsinə çatdırılması tarixi) razılaşdırıldığı halda ödəniş daşıyıcı tərəfindən elektron qaimə təqdim olunduqdan sonrakı 30 (otuz) iş günü ərzində sifarişçi tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan xidmət haqqının və ya cərimələrin tam həyata keçirilməsinədək olan dövr ərzində xidmət haqqının ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları, Avro və s) görə olan rəsmi valyuta məzənnələrinə əsasən hesab fakturanı və ya elektron qaiməfakturanı Sifarişçiyə təqdim edir və Sifarişçi həmin qaimə-faktura üzrə xidmət haqqını daşıyıcıya ödəyir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə baş verə biləcək hər hansı mübahisənin tərəflər məhkəmədən kənar qaydada həllinə çalışacaqlar. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmazsa, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məhkəmə qaydasında həll ediləcəkdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 00417/2023 saylı “Xidmətin göstərilməsinə dair” təhvil-təslim aktına əsasən göstərilən xidmətlərin dəyəri 3200 USD (üç min iki yüz ABŞ dolları) məbləğində müəyyən edilmişdir (təhvil-təslim aktı qoşma olaraq əlavə edilir). xx.xx.2023-cü il tarixli, ********** saylı hesab fakturaya əsasən sifarişçi tərəfindən daşıyıcıya göstərilən xidmətə görə 3,200 dollar ödənilməlidir (hesab faktura qoşma olaraq əlavə edilir). İddiaçı MMC alıcı Cavabdeh MMC-yə malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi göndərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli, 875213 saylı elektron qaiməyə əsasən yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 5440 manat təşkil etmişdir (elektron qaimə qoşma olaraq əlavə edilir). Qeyd edilənlərlə bağlı malların sertifikat və şəhadətnaməsi, malların siyahısı, hesab fakturası, gömrük bəyannamələri məhkəməyə təqdim edilir. Belə ki, Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumi borc məbləği 3200 (üç min iki yüz) dollar – 5440 (beş min dörd yüz qırx) manat təşkil etmişdir. Daşıyıcı tərəfindən müqavilələrdən yaranan bütün öhdəliklər tam şəkildə, vaxtı-vaxtında icra edilmiş və göstərilən xidmətlərin dəyəri 3200 dollar (5440 manat) təşkil etmişdir. Sifarişçi tərəfindən isə müvafiq ödənişlər yerinə yetirilməmiş, daşıma haqqının ödənilməsi gecikdirilmiş və daşıyıcıya ödənilməmişdir. xx.xx.2023-cü il tarixli, 49/2023 saylı X2 əsasən cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənməli olan borc 3200 (üç min iki yüz) dollar (5440 manat), əlavə olaraq dövlət rüsumuna görə 78,35 (yetmiş səkkiz manat otuz beş qəpik) manat təşkil edir. Beləliklə, cavabdehdən ödənilməmiş 3200 ABŞ dolları məbləğində pul, iddianın qaldırılması üçün ödənilmiş 78,35 manat (yetmiş səkkiz manat otuz beş qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlarla və borcun ödənilməsi ilə bağlı sifarişçiyə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziyalar ilə müraciət edilməsinə baxmayaraq, yuxarıda qeyd olunan məbləğ hələ də ödənilməmişdir. xx.xx.2024-cü il tarixli pretenziya xx.xx.2024cü il tarixdə qəbul edilmişdir, xx.xx.2024-cü il tarixli pretenziya isə elektron qaydada qəbul olunmuşdur, lakin pretenziyalarda qeyd edilən müddət ərzində cavabdeh tərəfindən pretenziyaya heç bir münasibət bildirilməmişdir. Bununla da məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 385.1, 425.1, 442, 443, 445, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, daşıyıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 2023 nömrəli “Nəqliyyat ekspedisiyası ” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən müvafiq əlavəyə əsasən daşıyıcı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən digər şəhərə daşımağı, sifarişçi isə daşıyıcıya yükləmədən sonra əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən daşıyıcı yükü təhvil aldıqdan, əsasən, Avropa ölkələrindən-tam yüklər üzrə 12-15, yarımçıq yüklər üzrə 21-25, Asiya ölkələrindən 35-45, Türkiyədən 5-10, Rusiya və Gürcüstandan Azərbaycan Respublikasına 4-8 gün müddətinə malı qaimədə göstərilən təyinat yerinə çatdırmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən sifarişçi tərəfindən yük daşıyıcıya qaimədə və əlavədə göstərilən şəhərdə yükləmək üçün təhvil veriləcəkdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə yük daşıyıcıya təhvil verildiyi andan etibarən yükün qəsdən və ehtiyatsızlıqdan məhv olması və ya xarab olmasına görə daşıyıcı məsuliyyət daşıyır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən daşıyıcının sifarişçidən daşıma haqqını tələb etmək, eləcə də daşıma haqqını vaxtında ala bilmədikdə itirdiyi və çəkdiyi xərcləri tələb edib almaq hüququ vardır. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən sifarişçinin daşıyıcıdan təyinat yerinə çardırılmış yükü təhvil almaq hüququ, yükün daşınmasına görə daşıyıcıya müqavilə ilə müəyyən edilmiş daşınma haqqını vaxtında ödəmək, gecikmələr olduqda itirilmiş və çəkilmiş xərcləri ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 10.1-ci maddəsinə əsasən sifarişçi yükün daşınmasına görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən ödənişin icra edilməsi öncədən avans olaraq razılaşdırıldığı halda daşıyıcı tərəfindən hesab-faktura təqdim olunduqdan sonra yükün nəqliyyat vasitəsinə yüklənməsi tarixinə kimi sifarişçi tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.3-cü maddəsinə əsasən ödənişin icra edilməsi iş xidmətlərin təhvil verilməsindən sonra razılaşdırıldığı halda ödəniş daşıyıcı tərəfindən elektron qaimə təqdim olunduqdan sonrakı 30 iş günü ərzində sifarişçi tərəfindən icra edilməlidir. Həmin müqavilənin 10.4-cü maddəsinə əsasən müqaviləyə əlavədə ödənişlərlə bağlı müqavilədə göstəriləndən fərqli şərtlər razılaşdırıldığı halda müqavilə əlavəsində olan şərtlər əsas götürüləcək. Həmin müqavilənin 10.5-ci maddəsinə əsasən yüklənmə və boşaltma əlavədə göstərilən müddətdən artıq həyata keçirilərsə, hər gün üçün əlavədə göstərilən məbləğdə sifarişçi daşıyıcıya haqq ödəyir. Həmin müqavilənin 11.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 11.4-cü maddəsinə əsasən xidmət haqqının tam dəyəri əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə sifarişçi tərəfindən ödənilmədiyi təqdirdə və nəticədə yükün çatdırılmasını həyata keçirən avtonəqliyyat və ya nəqliyyat vasitəsi gömrük sərhədində boş dayanmaya məruz qalsa, daşıyıcı sifarişçidən boş dayanmanın hər günü üçün əlavə razılaşma ilə müəyyən edilmiş həcmdə cərimə ödənilməsini tələb edə bilər.
8. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 3200 ABŞ dolları olan daşıma xidməti göstərilmişdir. Daşıma xidmətləri **-VG-*** və **-ZH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə aparılmışdır.
9. xx.xx.2023-cü il tarixli, 00417/2023 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 3200 ABŞ dolları olan **-VG-*** və **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə İzmir-Bakı arasında beynəlxalq yükdaşıma xidməti həmin tarixdə təmin edilmişdir. Aktda qeyd olunur ki, həmin məbləğ Cavabdeh MMC tərəfindən ödəniləcək. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 875213 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5440 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 49 nömrəli müqavilə qeyd edilmişdir.
11. “Yaşar Dış Ticaret” A.Ş. tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qablaşdırma siyahısından görünür ki, şirkət tərəfindən ümumi çəkisi 24284,2 kq olan mal qablaşdırılmışdır. Qablaşdırma siyahısında Cavabdeh MMC-nin adı qeyd edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, 2023 nömrəli “Nəqliyyat ekspedisiyası ” müqaviləsinə əlavə edilmiş 20230114 nömrəli siyahıdan görünür ki, İddiaçı MMC tərəfindən ümumi çəkisi (44 paletdən ibarət tara ilə birlikdə) 24284,2 kq yük daşınmışdır.
13. “Yaşar Dış Ticaret” A.Ş. tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qablaşdırma siyahısından görünür ki, şirkət tərəfindən ümumi çəkisi 496,02 kq olan mal qablaşdırılmışdır. Qablaşdırma siyahısında Cavabdeh MMC-nin adı qeyd edilmişdir.
14. xx.xx.2023-cü il tarixli, 2023 nömrəli “Nəqliyyat ekspedisiyası ” müqaviləyə əlavə edilmiş B23-012 nömrəli siyahıdan görünür ki, İddiaçı MMC tərəfindən ümumi çəkisi (44 paletdən ibarət tara ilə birlikdə) 496,02 kq yük daşınmışdır.
15. İddiaçı “Yaşar Dış Ticaret” A.Ş. tərəfindən tərtib edilmiş e-fatura adlı sənədlər və digər sənədlər iş materiallarına əlavə etmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 3200 ABŞ borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd edilmişdir ki, borcun ödənilməməsi halında ödənilməmiş 3200 ABŞ dolları məbləğində borcla yanaşı, öhdəliyin icra edilməməsi ilə vurulan zərərə görə pul, eyni zamanda gecikdirilmiş məbləğə görə illik beş faizin ödənilməsini, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş ödənişi və məhkəməyə ödənilmiş dövlət rüsumunun da əvəzini ödəməli olacaqlar. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 2023 nömrəli müqavilə üzrə 3200 ABŞ dolları məbləğində qalıq borcun tutulması təşkil edir.
20. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023cü il tarixli, 2023 nömrəli “Nəqliyyat ekspedisiyası” müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, yükdaşıma xidmətinin göstərilməsi təmin edilmiş, yük daşınmış, lakin cavabdeh daşınma haqqını ödəməyi öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmiş, müqavilə üzrə 3200 ABŞ dolları məbləğində daşıma haqqı ödənilməmiş qalmışdır. Həmin hal iş materialları ilə öz təsdiqini tapır.
21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin tərflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMCdən 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
22. İddia tələbinin digər hissəsini Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.25 % olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq, yəni 232 ABŞ dolları pul məbləğinin tutulması təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında həmin məbləğin MM-nin 449.1-ci maddəsinə əsasən tutulmasını tələb etdiklərini bildirmişdir.
23. Həmin maddəyə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyu qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Lakin iddiaçı məhkəməyə cavabdehin həmin pul vəsaitini özündə saxlamaqla, ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin edilməməlidir.
24. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 78,35 manat dövlət rüsumunun cavabdehdən tutulması xahiş edilmişdir.
25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 73,05 manat (yetmiş üç manat beş qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,05 manat (yetmiş üç manat beş qəpik) İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova