Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-839/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023 tarixli, F0xx-xx-2023 saylı daxili alqısatqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə iddia verilən tarixə ödənişlər üzrə 14512,23 (on dörd min beş yüz on iki manat iyirmi üç qəpik) manat məbləğində borcun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, "xxxx" QSC tərəfindən ödənilmiş cəmi 133,54 (bir yüz otuz üç manat əlli dörd qəpik) dövlət rüsumunun Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, 1 ədəd CAT 426 F2 frontal birçalovlu yükləyici və 1 ədəd CAT 232 D3 birçalovlu yükləyicinin Cavabdeh1 MMC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) və Cavabdeh1 (alıcı) arasında xx.xx.2023-cü il tarixli F0xx-xx-2023 sayı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən aşağıda qeyd olunan əmlaklar qeyd edilən müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh1nə satılmışdır: 1 ədəd CAT 426 F2 frontal birçalovlu yükləyici və 1 ədəd CAT 232 D3 birçalovlu yükləyici. Satıcı qeyd edilən müqavilə üzrə bütün hüquqlarını "xxxx" QSC-yə TG 003-2023, xx.xx.2023-cü il tarixli tələblərin və hüquqların güzəşti barədə müqaviləyə əsasən vermişdir və bu barədə alıcı məlumatlandırılmışdır. Beləliklə, nəticədə alıcı müqavilə üzrə öhdəlikləri üzrə "xxxx" QSC qarşısında məsuliyyət daşımışdır. Eyni zamanda alıcının öhdəlikləri üzrə Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli ZM№0xx-xx-2023 saylı, zaminlik müqaviləsi imzalanmışdır. Zamin Cavabdeh2 alıcının öhdəliklərinin tam icrasına görə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə "xxxx" QSC qarşısında məsuliyyət daşıyır. Bildirilir ki, alıcı ödənişlərini vaxtında və tam həcmdə həyata keçirmir və yaranmış hal müqavilənin 4.1.1-ci bəndinə əsasən "xxxx" QSC-yə müqaviləni birtərəfli qaydada ləğv edərək əmlakları və əmlaklar qayıdan günə qədər icra olunmamış öhdəlik məbləğini alıcıdan geri almaq hüququ verir. Müqavilə üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən alıcı və zaminə yazılı pretenziya məktubu göndərilməklə onlara müqavilənin 4.1.1-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada "xxxx" QSC tərəfindən ləğv edildiyi bildirilmiş və mövcud borcun xx.xx.2024 tarixə qədər ödənilməsi və əmlakın qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş və bununla da nə əmlakı qaytarmış, nə də ödənişlərini ödəməkdə davam etmişlər.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023 tarixli, F0xx-xx-2023 saylı daxili alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə iddia verilən tarixə ödənişlər üzrə 15599,40 (on beş min beş yüz doxsan doqquz manat qırx qəpik) manat məbləğində borcun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, "xxxx" QSC tərəfindən ödənilmiş cəmi 136,80 (bir yüz otuz altı manat səksən qəpik) dövlət rüsumunun Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, 1 ədəd CAT 426 F2 frontal birçalovlu yükləyici və 1 ədəd CAT 232 D3 birçalovlu yükləyicinin Cavabdeh1 MMC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən qalıq borc hələ də ödənilməmiş, bu səbəbdən iddiaçı müqavilənin ləğv edilməsini və texnikaların geri qaytarılmasını istəyir. Cavabdeh ödəmələrdə dəfələrlə yubatmalar etdiyi üçün mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.
5. Əvvəlki məhkəmə iclasında cavabdeh, eləcə də digər cavabdehin qanuni təmsilçisi Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçıya olan gecikdirilmiş borcunu qəbul edir və yaxında ödəyəcəkdir, bu səbəbdən müqavilənin ləğv edilməsini və texnikaların geri qaytarılmasını istəmir.
6. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir.
7. Sonuncu məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) və Cavabdeh1 (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə A”da göstərilmiş miqdarda, keyifyyətdə və komplektdə əmlakı alıcıya satılmasını, alıcı bu müqavilə müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öhdələrinə götürürlər.
10. Müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə üzrə satılan əmlaka mülkiyyət hüququ əmlakın dəyəri tam ödənilənədək satıcıda saxlanılır, həmin əmlakın dəyəri bu müqaviləyə uyğun olaraq tam ödənildiyi zaman alıcıya keçir.
11. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin ümumi məbləği ƏDV daxil 250000 (iki yüz əlli min) manat təşkil edir və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə A”da göstərilir.
12. Müqavilənin 3.1-ci bəndinə görə əmlak bu müqavilə imzalandıqdan sonra və alıcı tərəfindən bu müqavilənin “Əlavə B”-də göstərilən birinci ödəniş edildikdən sonra 05 (beş) təqvim günü ərzində alıcıya təhvil verilir.
13. Müqavilənin 4.1-ci bəndinə görə alıcı müqavilə üzrə borcunu vaxtında ödəmədikdə və ya tam ödəmədikdə satıcı əmlakın dəyərinin vaxtından əvvəl ödənilməsini və / və ya əmlakın qaytarılmasını tələb etmək və / və ya əmlaka tutma yönəltmək hüququna malikdir.
14. Müqavilənin 4.2-ci bəndinə görə bu müqavilə 4.1.1-ci bəndinə əsasən ləğv edildikdə alıcı tərəfindən ödənilmiş pul vəsaiti geri qaytarılmır.
15. xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsinə “Əlavə A”-da müqavilə üzrə təhvil veriləcək mallar, sayı və qiyməti göstərilmişdir.
16. xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsinə “Əlavə B”-də müqavilə ediləcək ödənişlərin tarixi, əsas, faiz və qalıq məbləğləri öz əksini tapmışdır.
17. xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsinə “Əlavə C”-yə (təhvil-təslim aktı) görə cəmi 250000 manat məbləğində mal təhvil verilmişdir.
18. “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) və Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0xx-xx-2023 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə bağlı alıcı ilə birlikdə və eyni həcmdə məsuliyyət götürmüşdür.
19. “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) və "xxxx" MMC (BOKT) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TG003-2023 saylı tələblərin və hüquqların güzəşti barədə müqaviləyə əsasən satıcı xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, 0xx-xx-2023 saylı zaminlik müqaviləsi üzrə bütün tələblərini və hüquqlarını (zəmanət, texniki servis öhdəlikləri istisna olmaqla), o cümlədən lakin bununla məhdudlaşmayaraq əmlakın dəyərini almaq (tələb etmək) hüquqlarını, gecikdirilmiş borca görə əlavə pul vəsaitini, cəriməni almaq (tələb etmək) hüquqlarını, əmlaka mülkiyyət hüquqlarını BOKT-a güzəşt edir.
20. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Belə ki, hazırkı iddia ərizəsi bir neçə hissədən ibarətdir: 1. müqavilə üzrə borcun tutulması; 2. əmlakın geri qaytarılması; 3. tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı müqavilənin ləğv edilməsi.
22. Məhkəmə iddia tələbini ilk hissədə əsaslı hesab edir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
32. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsi, “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 0xx-xx-2023 saylı zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TG003-2023 saylı tələblərin və hüquqların güzəşti barədə müqavilə ilə “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsi, eləcə də xx.xx.2023-cü il tarixli, 0xx-xx-2023 saylı zaminlik müqaviləsi üzrə malik olduğu bütün tələblər və hüquqlar (zəmanət, texniki servis öhdəlikləri istisna olmaqla) "xxxx" MMC-yə ötürülmüşdür.
38. İddiaçı xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinə lazımi qaydada icra etsə də, cavabdehlər öhdəliklərini tam şəkildə icra etməmişdir. Buna görə də iddiaçı cavabdehlərdən ödənilməyən qalıq borc məbləğini tələb etməkdə haqlıdır.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia birinci hissədə əsaslı olduğundan təmin edilməli, 15599,40 manat əsas borc cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
40. Məhkəmə hesab edir ki, iddia ikinci hissədə də əsaslıdır.
41. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
42. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca icra etmədiyi üçün alıcı ondan əşyaların (yükləyicilərin) geri qaytarılmasını tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir.
43. Belə ki, xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə görə alıcı müqavilə üzrə borcunu vaxtında ödəmədikdə və ya tam ödəmədikdə satıcı əmlakın dəyərinin vaxtından əvvəl ödənilməsini və / və ya əmlakın qaytarılmasını tələb etmək və / və ya əmlaka tutma yönəltmək hüququna malikdir.
44. Məhkəmə hesab edir ki, iddia sonuncu hissədə də əsaslıdır.
45. İddiaçı məhkəmədən cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir.
46. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən göstərilən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı və cavabdehlər tərəfindən də təkzib edilmədiyi üçün iddiaçı hazırda həmin müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
47. Məhkəmə iclaslarındakı izahatlarında cavabdehlər müqavilə üzrə ödənişlərin gecikdirildiyini təsdiq edərək ödənişlərin yerinə yetiriləcəyini bildirmiş, bunun üçün möhlət istəmiş və müqavilənin ləğv edilməməsini xahiş etsələr də, məhkəməyə borcun ödənilməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
49. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
50. Materiallardan müəyyən olunur ki, iddiaçı cavabdehlərə ünvanladığı pretenziyada müqavilənin ləğvi ilə bağlı niyyətini ifadə etmişdir.
51. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F0xx-xx-2023 saylı müqavilə ləğv edilməlidir.
52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023cü il tarixli, F0xx-xx-2023 saylı müqavilə ləğv edilməli, iddiaçı "xxxx" MMC-yə məxsus 01 ədəd CAT 426 F2 frontal birçalovlu yükləyici və 01 ədəd CAT 232 D3 birçalovlu yükləyici cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya qaytarılmalı və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada 15599,40 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 136,80 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Borusan Makina ve Güc Sistemləri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023 tarixli, F0xxxx-2023 saylı daxili alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada 15599,40 manat əsas borc, 136,80 manat dövlət rüsumu, ümumilikdə 15736,20 (on beş min yeddi yüz otuz altı manat iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Cavabdeh1 MMC-dən 01 ədəd CAT 426 F2 frontal birçalovlu yükləyici (şassi, mühərrik və qeydiyyat nömrəsi: CAT0426FLEJ405487, CC205732, 110FB610) və 01 ədəd CAT 232 D3 birçalovlu yükləyici (şassi, mühərrik və qeydiyyat nömrəsi: CAT232D3EPWN00550, CZ208729, 110FB611) işlək vəziyyətdə geri alınaraq iddiaçı "xxxx" QSC-yə qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova