Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-840/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli malların alqı-satqısı haqqında müqavilə üzrə 15601,62 manat əsas borcun, 2608,4 manat dəbbə pulunun və ödənilmiş 144,63 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında K2023- 0132 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə iddiaçıya 15601,62 manat əsas borc, 2608,4 manat dəbbə pulu olmaqla cəmi 18210,02 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən ödəniş edilməmişdir. Əlavə olaraq, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri davam etmişdir. K2023-0132 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 5.4-cü bəndinə görə: “razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir”.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.2, 598, 739-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, alqı-satqı müqaviləsi üzrə malların verilməsi elektron qaimələr və təhvil-təslim aktları əsasında həyata keçirilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, 31 dekabr 2023-cü il tarixə olan borc üzləşmə aktında da göstərildiyi kimi, 2510,61 manat təşkil edir. Lakin 2024-cü ildə də cavabdehə mallar satılmışdır.
7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkməyə ərizə ünvanlayaraq məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, qanuni təmsilçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, qanuni təmsilçinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında 31 may 2023-cü il tarixli K2023-0132 nömrəli malların alqı-satqısı haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin əlavələrində göstərilən materialları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin malların verilməsi və qəbul edilməsi, qiymət və hesablaşma qaydası ilə bağlı şərtlərinə əsasən iddiaçı malları təhvil-təslim aktı əsasında cavabdehə təhvil verməli, təhvil-təslim icra olunduqdan sonra iddiaçı cavabdehə elektron qaimə-faktura göndərməli, cavabdeh qəbul etdiyi malların dəyərini 30 gün ərzində köçürmə yolu ilə ödəməlidir; – iddiaçı tərəfindən 2023-cü ildə cavabdehə müxtəlif tarixlərdə elektron qaimələr göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdeh 2023-cü ilin sentyabr-dekabr aylarında elektron qaimələrə istinad etməklə ödənişlər etmiş, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli borcların qarşılıqlı üzləşdirilməsi haqqında akta əsasən cavabdehin həmin tarixə iddiaçıya olan borcu 2510,61 manat olaraq təsdiq edilmişdir; – iddiaçı tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında cavabdehə təhvil-təslim aktları əsasında mallar təhvil verilmiş, malların alqı-satqısının rəsmiləşdirilməsi və malların verildiyinin təsdiq edilməsi üçün xx.xx.2024-cü il tarixli MT2401 00042236 seriya və nömrəli elektron qaimə 787,61 manat, xx.xx.2024-cü il tarixli MT2401 00042234 seriya və nömrəli elektron qaimə 137,88 manat, xx.xx.2024-cü il tarixli MT2401 00047179 seriya və nömrəli elektron qaimə 174,88 manat, xx.xx.2024-cü il tarixli MT2401 00080604 seriya və nömrəli elektron qaimə 87,44 manat, xx.xx.2024-cü il tarixli EBDX 423569 seriya və nömrəli elektron qaimə 551,53 manat, xx.xx.2024-cü il tarixli EBDX 423549 seriya və nömrəli elektron qaimə 795,91 manat, xx.xx.2024-cü il tarixli EBDX 423568 seriya və nömrəli elektron qaimə 477,55 manat, xx.xx.2024-cü il tarixli EBDX 479545 seriya və nömrəli elektron qaimə 338,26 manat, xx.xx.2024-cü il tarixli EBDX 537811 seriya və nömrəli elektron qaimə 134,52 manat, xx.xx.2024-cü il tarixli EBDX 537741 seriya və nömrəli elektron qaimə 1202,83 manat, xx.xx.2024-cü il tarixli EBDX 604472 seriya və nömrəli elektron qaimə 269,04 manat, xx.xx.2024-cü il tarixli EBDX 708222 seriya və nömrəli elektron qaimə 645,7 manat, xx.xx.2024-cü il tarixli EBDX 708221 seriya və nömrəli elektron qaimə 168,15 manat, xx.xx.2024-cü il tarixli EBDX 839773 seriya və nömrəli elektron qaimə 119,77 manat, xx.xx.2024-cü il tarixli EBDX 839748 seriya və nömrəli elektron qaimə 405,91 manat, xx.xx.2024-cü il tarixli EBDX 871357 seriya və nömrəli elektron qaimə 58,29 manat, xx.xx.2024-cü il tarixli EBDX 930107 seriya və nömrəli elektron qaimə 188,33 manat, xx.xx.2024-cü il tarixli EBDX 930103 seriya və nömrəli elektron qaimə 1428,49 manat, xx.xx.2024-cü il tarixli EBDX 930099 seriya və nömrəli elektron qaimə 318,36 manat, xx.xx.2024-cü il tarixli EBDX 930101 seriya və nömrəli elektron qaimə 676,52 manat, xx.xx.2024-cü il tarixli EBDY 063953 seriya və nömrəli elektron qaimə 720,13 manat, xx.xx.2024-cü il tarixli EBDY 156748 seriya və nömrəli elektron qaimə 459,61 manat, xx.xx.2024-cü il tarixli EBDY 156751 seriya və nömrəli elektron qaimə 477,55 manat, xx.xx.2024-cü il tarixli EBDY 997162 seriya və nömrəli elektron qaimə 87,44 manat, xx.xx.2024-cü il tarixli EBDY 997159 seriya və nömrəli elektron qaimə 278,01 manat, xx.xx.2024-cü il tarixli EBDY 997161 seriya və nömrəli elektron qaimə 406,36 manat, xx.xx.2024-cü il tarixli EBDY 999298 seriya və nömrəli elektron qaimə 1229,74 manat, xx.xx.2024-cü il tarixli EBDZ 138436 seriya və nömrəli elektron qaimə 465,22 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 13091,03 manat dəyərində elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
13. İddiaçı 31 may 2023-cü il tarixli K2023-0132 nömrəli malların alqı-satqısı haqqında müqavilə üzrə 15601,62 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
14. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
15. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
18. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
19. Məhkəmə, əvvəla, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
25. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
27. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini tam ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 31 may 2023-cü il tarixli K2023-0132 nömrəli malların alqısatqısı haqqında müqavilə üzrə ƏDV daxil olmaqla 15601,62 (üzləşmə aktında göstərilən məbləğ: 2510,61 manat + 2024-cü ildə verilən malların ümumi dəyəri: 13091,03 manat) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı həmçinin 2608,4 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
35. 31 may 2023-cü il tarixli K2023-0132 nömrəli malların alqı-satqısı haqqında müqavilənin 5.4-cü bəndinə əsasən, razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
39. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən sonuncu ödənişin edildiyi xx.xx.2023-cü tarixdən sonra uzun müddət hər hansı ödənişin edilməməsinə baxmayaraq, iddiaçı da xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
40. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 780 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
41. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 780 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
42. İddiaçı eyni zamanda ödənilmiş 144,63 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 144,63 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2023-cü il tarixli malların alqısatqısı haqqında müqavilə üzrə 15601,62 manat əsas borc, 780 manat cərimə olmaqla ümumilikdə 16381,62 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova