Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-841/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “xxxxx” İctimai Birliyinin cavabdеhlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əqli Mülkiyyət Agentliyi) retranslyasiyanın qadağan edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qonorarın alınması, retranslyasiyanın həyata keçirilməsinin qadağan edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxxx” İctimai Birliyinin cavabdеhlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əqli Mülkiyyət Agentliyi) retranslyasiyanın qadağan edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “xxxxx” İctimai Birliyi cavabdеhlər Cavabdeh1nə, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorar alınaraq xxxxxnın xeyrinə ödənilməsi, iddiaçı “xxxxx” İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “xxxxx” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxx əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılıb və fəaliyyət göstərir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Azərbaycan Professional Kinorejissorlar X15 xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qanunun 41.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Azərbaycan Proffessional Kinorejissorlar Gildiyası” İctimai Birliyi qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir. Gildiyanın hüquq və vəzifələri sözügedən Qanunun 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; lisenziya üzrə və lisenziya vermədən nəzərdə tutulmuş qonorarı yığır; yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin, o, yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin rəsmi saytlarındakı məlumatlardan görünür ki, onlar əlaqəli şəkildə birgə fəaliyyət göstərirlər. Cavabdeh1 MMC və Cavabdeh2 MMC universal paltforma operatoru kimi Audiovizual Şuradan lisenziya almışdırlar. “Media haqqında” AR qanununun 1.1.21-ci maddəsinə əsasən platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Həmçinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin öz saytlarındakı və sosial şəbəkələrindəki rəsmi səhifələrində olan məlumatlardan da görünür ki, onlar telekanalların, bununla da audiovizual əsərlərin retranslyasiyasını həyata keçirir. Onun heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasını həyata keçirməsi müəlliflərin hüquqlarını kobudcasına pozur. Kinоrejissоrlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baхmayaraq, cavabdehlər audiovizual filmlərin istifadəsinin hüquqi əsaslarını yaratmadan - yəni kollektiv təşkilat olan Azərbaycan Prоfessiоnal Kinоrejissоrlar Gildiyası ilə müqavilə bağlamadan və müəllif qоnоrarı ödəmədən, hüquqlarının qorumasını kоllektiv idarəçilik təşkilatı olan Kinоrejissоrlar Gildiyasına vermiş müəlliflərin rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmlərin retranslyasiyasını qanuna zidd olaraq həyata keçirir. Həmçinin xx.xx.2023-cü il tarixində cavabdehlərə göndərilmiş pretenziya məktublarına da cavab verilməmişdir. 11 dekabr 2023-cü il tarixində keçirilmiş mediasiya iclasında da cavabdehlər iştirak etməmişdir. Cavabdehlər yuxarıda qeyd olunan hərəkətləri ilə “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanununun 12, 15 və 42-ci maddələrinin tələblərini pоzaraq müəlliflərə maddi zərər vurur və bununla da həmin qanunun 47-ci maddəsinə uyğun оlaraq məsuliyyətə cəlb edilməlidir. Gildiya audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi iddiaçı AR Mülki Məcəlləsini, AR “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununu, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli, 466 saylı Qərarını əsas götürərək, Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin 2021-ci ilin iyun ayından 2023-cü ilin dekabr ayınadək (son 2 il 6 ay ərzində) müəlliflərə qonorar ödəmədən audiovizual əsərlərin retranslyasiyasını qanunazidd həyata keçirdiyinə görə aylıq 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğin cavabdehden alınaraq ona ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, müəlliflərin qonorar almaq hüququnun əsası kimi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 112.1, 149.2.3 və 222.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməlidir. Bu o deməkdir ki, iddianın qiyməti faiz dərəcəsi ilə deyil, dəqiq və konkret müəyyənləşdirilməlidir. Gildiyanın digər operatorlarla bağladığı analoji müqavilələrdə nəzərdə tutulan məbləğlərin orta qiymətini nəzərə alaraq analoji iş üzrə xx.xx.2023-cü il tarixində qəbul edilmiş 2-2(102)-70/2023 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında Gildiyaya ödənilməli olan aylıq orta məbləğ 1500 (min beş yüz) manat olaraq müəyən edilmişdir. Bunu nəzərə alaraq Gildiya cavabdeh tərəfindən aylıq 1500 (min beş yüz) manat olmaqla, son 2 il 6 ay müddəti üçün ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorar ödənilməsinə dair iddia tələbini irəli sürmüşdür. İddia tələbinin ikinci hissəsi isə Gildiya ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “xxxxx” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsidir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla, efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ) və s. Göründüyü kimi, müəlliflərin müstəsna hüququ kimi, müəllifin öz əsərlərinin retranslyasiyasını qadağan etmək hüququ Qanundan irəli gəlir. Belə ki, cavabdeh audiovizual əsərlərin retranslyasiyasiyanı həyata keçirmək üçün Gildiya ilə müqavilə bağlamalı və ona ədalətli haqq-qonorar ödəməlidir. Hansı ki, yuxarıda qeyd edildiyi kimi, ödənməli olunan qonorarın minimum miqdarı Nazirlər Kabinetinin Qərarı ilə 0,5% dərəcəsində müəyyənləşdirilmişdir. Müqavilə bağlamadan və qonorar ödəmədən retranslyasiyanı həyata keçirmək müəlliflərin hüquqlarını birbaşa pozur. Bu səbəblə Gildiya ona üzv olmuş müəlliflərin hüquqlarını müdafiə etmək və onları həyata keçirmək məqsədilə cavabdehin Gildiya ilə müqavilə bağlamadığı təqdirdə Gildiyaya üzv müəlliflərin audiovizual əsərlərinin retranslyasiyasının qadağan edilməsi üçün məhkəməyə müraciət etmişdir. Audiovizual əsər yaradıcılarının müəllif hüquqlarının müdafiəsi ilə məşğul olan və onların əmlak hüquqlarını kollektiv şəkildə idarə edən təşkilat kimi “xxxxx” İB-nin audiovizual əsər müəlliflərinin mənafelərini qorumaq məqsədilə qaldırdığı iddia xaraktercə müəllif hüquq münasibətləridir. Buna görə də, müəllif hüquqları sahəsində müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi MPM-in 57-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12, 15, 41, 42, 43, 45-ci maddələri, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.21-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017- ci il tarixli 466 saylı Qərarının “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” ilə bağlı V-ci bölməsinə istinad olunmuşdur.
4. Cavabdeh2 MMC tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh1 MMC tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxx” İctimai Birliyi Cavabdeh1 MMC-yə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorarın alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddiaçı ilə müqavilə bağlananadək cavabdehlər tərəfindən “xxxxx” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbinə dair dair iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Aşağıdakılara görə hesab edilir ki, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. İddia ərizəsində iddiaçının və cavabdehin qanunvericiliklə malik olduqları səlahiyyət və lisenziyalarda bəhs edildikdən sonra cavabdehin heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasının həyata keçirməsinin müəlliflərin hüquqlarını kobudcasına pozduğu qeyd edilmişdir. İddiaçı tərəfindən elektron məhkəmə portalına təqribən 16-17 fiziki şəxslə müəllif hüququ və əlaqəli hüquqların kollektiv idarəçiliyə verilməsi haqqında bağlanmış müqavilələrin surətləri, cavabdehin internet səhifəsindən Azərbaycan kinofilmlərinin fotoşəkilləri olan çıxarış, bir neçə televiziya kanalı ilə bağlanmış müqavilələrin surətləri, təsis sənədləri, Ali Məhkəmənin qərarı və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi əlavə edilmişdir. İddiaçı tərəfindən iddianı sübut edən aşağıdakı sənədlərin heç biri nə elektron məhkəmə portalına əlavə edilməmiş, nə də məhkəmədə təqdim edilməmişdir: - Cavabdeh tərəfindən iddiaçının hüquqlarını təmsil etdiyi müəlliflərin əsərlərinin yayımlanmasına dair sübutlar (konkret əsərin adı, yayımlandığı tarix(lər) göstərilməklə). Cavabdehin internet səhifəsindən sadəcə kinofilmlərin səhnələrindən ibarət şəkillər bu əsərlərin yayımlandığını sübut etmir. - 1-ci bəndə riayət edilməklə cavabdeh tərəfindən yayımlanmış audiovizuaıl əsərin müəllifinin məhz iddiaçı ilə müqaviləsi olan şəxsin olmasını təsdiq edən sənəd. İkincisi, iddia ərizəsində qeyd edilir ki, iddiaçı tərəfindən Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 466 nömrəli Qərarına istinad edilməklə cavabdehdən audiovizual əsər müəlliflərinin əsərlərinin retranslyasiyasını qanunazidd həyata keçirdiyinə görə 2021-ci ilin iyun ayından 2023-cü ilin dekabr ayınadək aylıq 1500 manat olmaqla, ümumilikdə 45000 manat qonorar ödənilməsi tələb edilir. Halbuki, şərti olaraq iddiaçının sübutlarının olması nəzərə alınsa belə, Nazirlər Kabinetinin istinad edilən qərarının heç bir bəndində qonorarın aylıq ödənilməsi qeyd edilməmişdir. Belə ki, istinad edilən qərarın 38-ci bəndinə görə audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödənilir. İddiaçı tərəfindən iddia məbləğinin müəyyən edilməsi üçün Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarına istinad etməklə əlaqədar isə qeyd edilir ki, istinad edilən qərardakı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının heç biri hazırkı iş üzrə tərəflər arasında keçirilmiş məhkəmə icraatı nəticəsində qəbul edilməmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərə bağlıdır. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv komponentlərinin müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv komponenti əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv komponentini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir (Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-23/2024 nömrəli Qərarı). Əlavə olaraq, “Media haqqında” Qanunun 32.5-ci maddəsinə görə platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz. Başqa sözlə cavabdeh ölkədə yayımlanan milli kanalları retranslyasiya etməyə məcburidir və buna görə heç bir ödəniş almır. Başqa sözlə cavabdehin bu kanalları yayımlamaqda kommersiya marağı yoxdur. Bu səbəbdən bu kanalların retranslyasiyasını həyata keçirdiyinə görə hər hansı vəsaitin ödənilməsi də qanunauyğun hesab edilə bilməz.
6. Cavabdeh1 MMC tərəfindən iddiaya təqdim edilmiş yazılı etiraza iddiaçı tərəfindən izahat xarakterli yazılı ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk olaraq, xxxxx audiovizual əsər müəlliflərinin hüquqlarının kolektiv idarəçiliyini həyata keçirir və təşkilata 200-ə qədər audiovizual əsər müəllifi üzvdür. Bu müəlliflərin siyahısı məhkəməyə təqdim edilmişdir. Cavabdehin etirazında bildirdiyi formada bütün bu müəlliflərin müqavilələrinin və onlann şəxsiyyətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi absurddur. Təşkilat bütün bu sənədləri əhatə edən hesabatları müntəzəm olaraq “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qaydarının” təsdiq edilməsi haqqında 22 sentyabr 2011-ci il tarixli, 149 nömrəli NK qərarına əsasən müəllif hüquqları sahəsində səlahiyyətli dövlət orqanı olan Əqli Mülkiyyət Agentliyinə təqdim edir. Məhz bu hesabatların əsasında da təşkilat akkreditasiyadan keçirilir və təşkilata şəhadətnamə təqdim olunur. Həmçinin bununla yanaşı, qeyd edilir ki, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR qanununun 43.2-ci maddəsinə əsasən təşkilata üzv olmayan müəlliflərin də onlann əsərlərindən istifadəyə görə qonorarı kollektiv idarəetmə təşkilatından tələb etmək hüquqlan vardır. Yəni iddiaçı bütün audiovizual əsər müəllifləri üçün qonorar toplamağa borcludur. Bu həm qanunun tələbidir, həm də təşkilatın nizamnaməsində və şəhadətnaməsində bu öhdəlik öz əksini tapmışdır. Cavabdeh öz etirazında konkret hansı audiovizual əsərlərin yayımlanmasının müəyyən olunmadığına istinad edir. Qeyd edilir ki, cavabdehin öz etirazında da təsdiq etdiyi kimi Cavabdeh1 MMC Azərbaycanın yerli kanallarının retranslyasiyasını həyata keçirir. Həmin yerli kanallarda isə iddiaçının təmsil etdiyi audiovizual əsər müəlliflərinin audiovizual əsərlərinin yayımlanması sübuta ehtiyacı olmayan və bütün cəmiyyətə məlum olan faktdır. Bununla belə, iddiaçı tərəfindən həmin kanallarla iddiaçı təşkilat arasında olan müqavilələr məhkəməyə təqdim olunmuşdur. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında AR qanununun 15.4cü maddəsinə əsasən audiovizual əsər müəlliflərinin öz əsərlərindən bütün növ istifadəsinə görə qonorar almaq hüququ vardır. Həmçinin AR NK-in 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli qərarında göstərilmişdir ki, həm efir yayımını, həm də retranslyasiyanı həyata keçirən bütün təşkilatlar audiovizual əsər müəlliflərinə hər ay qonorar ödəməlidir. Bu hüquqi əsaslardan da görünür ki, həm televiziya kanalları, həm də retranslyasiyanı həyata keçirən şəxslər qonorarın ödəliməsini həyata keçirməlidirlər. Cavabdeh bildirir ki, bu kanalların yayımında onun heç bir kommersiya marağı yoxdur. Lakin bu fikir tamamilə əsassızdır. Belə ki, cavabdeh universal platforma operatoru olaraq, tv kanalların yayımlanması ilə abunəçilərdən aylıq ödəniş əldə edir. Məhz buna görə də öz rəsmi saytlarında və sosial şəbəkələrində məhkəməyə də təqdim edilən sübutlardakı kimi, tv kanalların onlar tərəfindən təqdim edilməsi ilə bağlı tez-tez reklam xarakterli məlumatları paylaşır və bununla da abunəçi cəlb etmək istəyirlər. Cavabdehin öz rəsmi saytlarında və sosial şəbəkələrindəki paylaşımlannda məhz İP TV xidmətinin göstərilməsinə görə abunəçilərdən tələb olunan abunə haqqı da öz əksini tapmışdır. Bu da onların kanalların retranslyasiyasını həyata keçirməklə gəlir əldə etdiyini və bu cür fəaliyyətdə kommersiya marağının olduğunu aydın göstərir. Etirazın əsaslandığı digər məsələyə münasibətdə bildirilir ki, NK-in 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli qərarı ilə retranslyasiya fəaliyyətini həyata keçirən bütün şəxslərin onlann hər hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən 0.5 faiz miqadnnda audiovizual əsər müəlliflərinə qonorar ödəməli olduqları müəyyənləşibdir. Cavabdeh etirazında aylıq 1500 manat tələb edilməsini düzgün hesab etməmişdir, lakin NK qərarının həyata keçirilməsi və aylıq məbləğin hesablanması üçün cavabdeh öz aylıq büdcəsini təqdim etmədiyindən, konkret məbləğin hesablanması üçün ödənilməli olan aylıq məbləğ analoji müqavilələrə və analoji işə dair məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 2-2(102)-70/2023 saylı Ali Məhkəmə qərarı ilə müəyyənləşdirilmiş 1500 manat olaraq tələb edilmişdir. Baxmayaraq ki, onlann nüfuzundan və faktiki məlumatlardan məlumdur ki, cavabdehin aylıq gəliri iddiaçının məhkəmədə tələb etdiyi məbləğdən daha çoxdur.
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi məhkəməyə yazılı izahat təqdim etmişdir. İzahat onunla əsaslandırılmışdır ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 1-ci hissəsinə əsasən “müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir’’. “xxxxx” ictimai Birliyi Qanunun 41-ci maddəsinin müddəalarına uyğun olaraq yaradılmış və 1999cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Gildiya müvafiq qaydada təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, “yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları-professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır”, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirir və audiovizual əsərlərdən istifadəyə görə qonorarı yığır və hüquq sahiblərinə çatdırır. Qanunun 41-ci maddəsinin 3cü hissəsinə əsasən “dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Gildiya Qanunun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na uyğun olaraq, Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçmişdir. Gildiyanın fəaliyyət növü: “audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi”; təşkilatda təmsil olunan hüquq sahiblərinin kateqoriyası: “audiovizual əsər istehsalçıları və müəllifləri (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator, filmin bəstəkarı); hüquqların verildiyi ərazi “Azərbaycan Respublikası və müqavilələr üzrə verilmiş hüquqlar əsasında Azərbaycan Respublikasının hüdudlarından kənar” və fəaliyyət dairəsi “efir, kabel və retranslyasiya yolu yayım, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ilə birgə şəxsi məqsədlər üçün audiovizual əsərin gəlir götürmədən surətinin çıxarılmasına görə audiovizual əsər müəlliflərinin, ifaçılarının və istehsalçılarının qonorar almaq hüququnun həyata keçirilməsi” müəyyən edilmişdir. Gildiya, həmçinin Beynəlxalq Müəllif və Bəstəkar Cəmiyyətləri Konfederasiyasının (CİSAC) üzvüdür və həmin təşkilatda üzvlükdən irəli gələn öhdəliklərinə uyğun olaraq, həm də xarici müəlliflərin audiovizual əsərlərindən ölkəmizin ərazisində istifadəyə, o cümlədən retranslyasiyaya görə müəllif qonorarını yığır və hüquq sahiblərinə çatdırır. Hazırda CİSAC-da 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyəti birləşib. Bu cəmiyyətlər musiqi, ədəbi, audiovizual, qrafik və tətbiqi incəsənət əsərləri yaradan 2,5 milyon nəfərdən çox müəllifin maraqlarını təmsil edirlər. Gildiya özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini, eləcə də CİSAC-a üzv olan 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyətinin üzvləri olan xarici ölkə müəlliflərini təmsil edə və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilər. Qanunun 6cı maddəsinə əsasən “audiovizual əsərlər (kino-, telə- və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər)” müəlliflik hüququnun obyektidir. Qanunun 12-ci maddəsinə əsasən audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ, eləcə də həmin maddənin 4-cü hissəsinə əsasən əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Qanunun 12-ci maddəsinin 4-cü hissəsinin normasına görə “audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir". Müqavilədə əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar), hüquqların verildiyi müddət və ərazi, qonorarın məbləğlərinin və ya əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları, ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər öz əksini tapmalıdır (Qanunun 31-ci maddəsi). Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtlən razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Qanunun 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, “əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır”. Qanunun 43-cü maddəsinin 2-ci hissəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Qanunun göstərilən normasına əsasən Gildiya qonorarı yığmaq səlahiyyəti verməmiş audiovizual əsər müəlliflərinin də qonorarını yığıb onlara çatdırılması ilə məşğul olmalıdır. Qanunun 45-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri hüquqları pozulduğu halda öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə və hüquq pozuntusuna yol verən şəxsdən zərərin ödənilməsi, yaxud gəlirin tutulması əvəzinə 110 manatdan 55000 manatadək məbləğdə kompensasiya tələb edə bilərlər. Qeyd edilən maddənin 4-cü bəndinə əsasən məhkəmə hüquq pozuntusu faktı sübut edildikdə vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin hüquq pozuntusuna yol vermiş şəxs tərəfindən pozuntulara görə müəllifə (digər hüquq sahibinə) kompensasiya ödənilməsinə dair qərar çıxara bilər. Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997ci il 2 may tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 nömrəli Əlavəsinin 38ci hissəsinə əsasən “audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə” minimum məbləğ kimi “0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla)" müəyyən edilmişdir. Həmin Əlavənin "Vİ. Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi"nin Qeydlərinə uyğun olaraq: “1. Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. 2. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. 3. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. 4. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir”. Göründüyü kimi, Qanunda audiovizual əsər müəlliflərinin müəllif qonorarı alması, həmin qonorarın çatdırlması imperativ olaraq xüsusi norma kimi müəyyən edilmiş və Qərarda minimum kimi müəyyən edilmiş məbləğin göstərilməsi isə həmin normanın hüquqi baxımdan tamamlanması, o cümlədən həmin münasibətlərin müfəssəl şəkildə tam tənzimlənməsinin əyani sübutudur. Bildirilir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun olaraq, müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat olan Gildiya ilə istifadəçi arasında “audiovizual əsərlərin istifadəsi (retranslyasiya üsulu ilə yayımlanmasına görə)" müqavilə bağlanılmalı və Əlavədə göstərilən minimum məbləğdən az olmayaraq qonorar ödənilmədir. Müəllif qonorarının ödənilməsindən boyun qaçırılması qanunvericiliyin tələblərinin pozulması deməkdir və buna görə də müvafiq olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun 2-ci maddəsinə əsasən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.” Azərbaycan Respublikasının tərəfdaş çıxdığı “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 2-ci maddəsinin 1-ci hissəsinə əsasən “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər, onlara bərabər tutulun əsərləri... əhatə edir. Həmin Konvensiyanın 11 bis maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə görə ədəbi və bədii əsərlərin müəllifləri istər naqillə, istərsə də naqilsiz rabitə vasitəsi ilə təkrar efirə verilən əsərin istənilən kütləvi bildirişinə, əgər belə bildiriş ilkin yox, başqa təşkilat vasitəsi ilə həyata keçirilirsə, icazə vermək müstəsna hüququndan istifadə edirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə ilə də, ilkin olmayan başqa təşkilat tərəfindən istər naqillə, istərsə də naqilsiz rabitə vasitəsi ilə təkrar efirə verilən əsərin istənilən kütləvi bildirişinə müəllif tərəfindən icazə verilməsi barədə müstəsna hüquq öz təsbitini tapmışdır. Gildiya kollektiv idarəetmə təşkilatı kimi fəaliyyət seqmentinə uyğun olan müəlliflərin əsərlərindən müəllif qonorarı ödənilmədən qanunsuz istifadənin qarşısını almaq hüququna malikdir və məhkəmədə qaldırdıqları iddia tələbi tam qanuni və əsaslıdır. Digər tərəfdən, “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən ‘‘Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir.” Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.” Konstitusiyanın 147-ci maddəsinin 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.” Eyni zamanda Konstitusiyanın 149-cu maddəsinin 3-cü hissəsinə əsasən “Qanunlar Konstitusiyaya zidd olmamalıdır.” Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının əsas insan hüquq və azadlıqlarının öz əksini tapdığı bölmədə müəyyən olunmuş əqli mülkiyyət hüquqlarının hər hansı bir qanun və ya normativ hüquqi aktla məhdudlaşdırılması mümkün deyildir. Audiovizual əsərlərdən istifadəyə görə istifadəçilər tərəfindən qonorar ödənilməməsi müəlliflər, o cümlədən xarici müəlliflər arasında ciddi narazılıq yaradır və bu məsələ artıq beynəlxalq tədbirlərdə müzakirə predmetinə çıxarılır. Bu da Azərbaycanın dünyada artan imicinə xələl gətirə bilər.
8. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. İddiaçının nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
10. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
11. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edən zaman etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Kinorejissorlar Gildiyasının xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsinə (3-cü redaksiya) əsasən İctimai Birlik intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə, müəllif hüquqlarına malik olan Azərbaycan Respublikası vətəndaşları – professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmış, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin edir.
13. xx.xx.1999-cu il tarixində dövlət qeydiyyatından keçmiş Azərbaycan Kinorejissorlar Gildiyası audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi məqsədi ilə (təşkilatın fəaliyyət dairəsi efir, kabel və retranslyasiya yolu ilə yayım təsbit olunmaqla) xx.xx.2018-ci il tarixdə Əqli Mülkiyyət Agentliyində 5 il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçərək ona “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı haqqında” 1/2018 saylı şəhadətnamə verilmiş, Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Kinorejissorlar Gildiyasının yenidən qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qərara alınaraq bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq əmr verilmişdir.
14. İddiaçı (Gildiya) ilə quruluşçu rejissor X17 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, kinorejissor X12 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, quruluşçu rejissor X1 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, ssenarist X8 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, kinooperator X6 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, yazıçı, ssenarist X13 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, yazıçı, ssenarist Orxan Fikrətoğlu (Sadıqov) arasında bağlanmış xx.xx.2002-ci il tarixli, yazıçı, ssenarist, rejissor X29 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, kinorejissor Rasim Ocaqovun hüquq varisi X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, bəstəkar Qara Qarayevin hüquq varisi X22 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, rejissor, quruluşçu rəssam (cizgi filmləri) X23 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, rejissor və ssenarist X3 hüquq varisləri Məryəm Seyidbəyli və Ziya Seyidbəyli arasında bağlanmış xx.xx.2015-ci il tarixli, bəstəkar Tofiq Quliyevin hüquq varisi Lalə Quliyeva arasında bağlanmış xx.xx.2007-ci il tarixli, bəstəkar X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, kinorejissor X10 hüquq varisləri X18 və X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, quruluşçu rəssam X19 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, quruluşçu rəssam X20 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən müəllif müqavilənin əlavəsində göstərilən audiovizual əsərlər üzrə ona məxsus olan müəllif və əlaqəli hüquqları/bütün hüquqları Gildiyanın kollektiv idarəçiliyinə verir, əsərlərin efir və kabel televiziyasında nümayişi, müxtəlif daşıyıcılarda tirajlanması və yayımı, o cümlədən kütləvi nümayişi zamanı həmin əsərdən istifadəyə görə müəllif qonorarı almaq hüququ əldə edir. Gildiya kollektiv idarəçiliyinə verilmiş hüquqlardan istifadə etmək, idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün digər istifadəçilərə lisenziya vermək, müəllif hüququ və əlaqəli hüququ pozulmuş üzv-müəllifin adından məhkəmədə iddia qaldırmaq hüququ əldə edir.
15. İddiaçı (müəllif) ilə müvafiq olaraq "xxxx" Müstəqil Tele-Radio Kompaniyası, İctimai Televiziya və Radio yayımları Şirkəti, "xxxx" MMC-ARB Günəş, "xxxx" MMC, "xxxx" Müstəqil Teleradio Şirkəti, "xxxx" QSC (AzTV, Mədəniyyət, İdman TV), "xxxx" MMC (Xəzər və Dalğa), "xxxx" MMC (istifadəçi) arasında lisenziya müqavilələri bağlanaraq müəllif studiyalar tərəfindən istehsal olunmuş və hüquqları ona məxsus olan Azərbaycan filmlərini istifadəçiyə öz televiziya efirində nümayiş etdirmək yolu ilə istifadə üçün qeyri-müstəsna hüququ verir, istifadəçi isə həmin hüquqları alır və bədii filmlərə görə hər saata görə, cizgi, sənədli filmlər və “Mozalan” kinojurnala görə müvafiq dəqiqəyə görə razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürür.
16. İddiaçı tərəfindən iş materiallarına iddiaçı ilə digər hüquqi şəxslər arasında audiovizual əsərlərin retranslyasiya üsulu ilə kütləvi yayımına görə qonorarın ödənilməsi ilə bağlı müqavilələr təqdim edilmişdir.
17. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-ci il tarixli, 00/63-1 nömrəli pretenziya məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tanxİi 466 saylı qərarına əsasən “xxxxx” İctimai Birliyi ilə müqavilə bağlanması istiqamətində praktiki addımların atılması təklif edilərək, təklifə 7 (yeddi) gün müddətində cavab verilməsi xahiş edilmiş, əks təqdirdə “xxxxx” İctimai Birliyi tərəfindən müəlliflik hüquqlannın bərpası məqsədi ilə AR Nazirlər Kabinetinin 466 saylı qərarına uyğun olaraq son 2 il 6 ayda (18 ayda) müəlliflərə ödənilməli olan təqribən 45000 (qırx beş min) manat məbləğində qonorarın tələb edilməsi və tərəfinizdən audiovizual əsərlərin retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbləri ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
19. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun: 6-cı maddəsinə əsasən audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir. 12-ci və 15-ci maddələrinin tələblərinə əsasən audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ, eləcə də əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır. 12-ci maddəsinin 2-ci hissəsinə əsasən audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır. 12-ci maddəsinin 4-cü hissəsinə əsasən audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. 41-ci maddəsinə əsasən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərd və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. 42-ci maddəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. 43-cü maddəsinin 2-ci hissəsinə görə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. 45.1 və 45.2-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: - Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; - Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; - Hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması(istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə edilməsi; - Pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.
20. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin tamaşaçılar üçün ödənişli giriş olan yerlərdə nümayiş etdirilməsi, efir və kabel televiziyası ilə yayımlanması (ötürülməsi)” adlanan V bölməsinin tələbinə əsasən audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faiz (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən, reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) audiovizual əsər müəlliflərinə qonorar ödənilməsi nəzərdə tutulmuşdur.
Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fəaliyyət göstərən platforma operatorları olmaqla yerüstü ümumölkə yayımçısı olan AzTV, Mədəniyyət TV, İTV, Xəzər, ATV, Space, ARB, ARB 24, ARB Günəş, MUZ TV-nin proqramlarını öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirirlər. İddiaçının qonorar ödənilməsini tələb etdiyi xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərdə də adları qeyd olunan yerüstü ümumölkə yayımçılarının proqramlarını cavabdeh öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirmişdir.
22. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorar alınaraq xxxxxnın xeyrinə ödənilməsi, iddiaçı “xxxxx” İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “xxxxx” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi qadağan edilməsini tələb edir
23. İddiaçının “xxxxx” İctimai Birliyi ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən “xxxxx” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, 1999-cu ildə dövlət qeydiyyatından keçmiş iddiaçı nizamnaməsinə əsasən intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır və audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir.
24. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması həm qanunun tələbindən irəli gəlir, həm də iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması onun yuxarıda qeyd olunan nizamnamə üzrə fəaliyyət istiqamətlərinə uyğundur.
25. Məhkəmə yuxarıda qeyd olunan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun müvafiq maddələrinin tələblərini, o cümlədən iddiaçının nizamnaməsində təsbit olunan müddəalarını nəzərə alaraq qeyd edir ki, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüququna malikdirlər. Bundan başqa, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum hazırkı iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Kinorejissorlar Gildiyasdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Azərbaycan Respublikasında audiovizual əsərlərə münasibətdə qeydiyyatdan keçmiş yeganə kollektiv müəlliflik hüququ sahibinin Azərbaycan Kinorejissorlar Gildiyası olmasını təsdiq etmişdir. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti əsər istehsalçılarının audivizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək isə Azərbaycan Kinorejissorlar Gildiyasının əsas fəaliyyət istiqamətidir. İddiaçı fəaliyyət istiqaməti və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində müəlliflərin və əlaqəli hüquq subyektləri barədə məlumatları, müəllif və əlaqəli hüquqların kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilələri, müəllif və əlaqəli hüquqların siyahısını, növlərini məhkəməyə təqdim etmişdir.
26. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçı ilə müvafiq müqavilə bağlamadan iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən iddia həmin hissədə təmin olunmalı, iddiaçı ilə müqavilə bağlananadək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir.
27. İddia tələbinin digər hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarına əsasən cavabdehlərdən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü ilədək olan dövr (son 2 il 6 ay) ərzində, audiovizual əsərlərin müəllif qonorarı ödəmədən, qanunazidd olaraq retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 45000 (qırx beş min) manat məbləğində qonorarın alınaraq xxxxxnın xeyrinə ödənilməsi təşkil edir.
28. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun yuxarıda qeyd edilən müvafiq maddələrindən (45.1 və 45.2-ci), eləcə də “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin tələblərindən göründüyü kimi, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara müəllif qonorarının yığılması səlahiyyətini ”Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12, 41-43-cü maddələri verməklə yanaşı, həmin qonorarın məbləğinin müəyyən edilməsi və yığılması qaydasını “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı müəyyən edir.
29. Məhkəmə iddia tələbinin göstərilən hissəinə münasibətdə ilk olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. Həmin müqavilələrdən görünür ki, hesabat dövrü (hər təqvim ayı) üzrə müəllif qonorarın həcmi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 1000 manat, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2000 manat, "xxxx" MMC ilə bağlanmış 01 aprel 2022ci il tarixli müqavilə üzrə 1500 manat, "xxxx" MMC (“Ailə TV”) arasında bağlanmış xx.xx.2023-cü tarixli müqavilə üzrə 1500 manat müəyyən olunmuşdur.
30. Belə olan halda məhkəmə hesab edir ki, müəlliflərə ödənilməli olan qonorar analoji fəaliyyətlə məşğul olan hüquqi şəxslərin, yəni platforma operatorlarının iddiaçı ilə bağladığı müqavilələrdəki qiymətlər əsas götürülməklə hesablanmalıdır.
31. İddiaçı tərəfindən təqdim edilmiş analoji müqavilələr üzrə orta qiymətin 1500 manat ((1000+2000+1500+1500)/4) təşkil etdiyini, həmçinin son dövrlərdə bağlanmış müqavilələrdə ("xxxx" MMC (“Ailə TV”) arasında bağlanmış xx.xx.2023-cü tarixli, "xxxx" MMC ilə bağlanmış 01 aprel 2022-ci il tarixli) minimum məbləğin 1500 manat təsbit olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixədək olan dövr üçün tutulmalı olan müəllif qonorarının həcmi müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmalı və 2 il 6 ay üçün 45000 manat (30 ay x 1500 manat) məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 45000 (qırx beş min) manat məbləğində pul vəsaiti xxxxxnın xeyrinə tutulsun. İddiaçı “xxxxx” İctimai Birliyi ilə müqavilə bağlananadək “xxxxx” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə TV kanalların retranslyasiyasının həyata keçirilməsi Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova