Məhkəmə qərarları › İş №e-2-2(113)-8412/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8412/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8412/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, əldən çıxmış fayda, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 113 327,47 manat cərimə, 100 000 manat əldən çıxmış faydanının və ödənilmiş 704,18 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşma protokollarında, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə qüvvədə olduğu müddətdə iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında və layiqincə yerinə yetirərək, alıcıya müqavilə üzrə malları təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək tam şəkildə ödəməmişdir. Cavabdeh tərəfindən öhdəliklərinə tam əməl olunmur, alqı-satqı müqaviləsi üzrə alınmış malların dəyərini ödəməkdən yayınılır. Cavabdehlə uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. Bu isə cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu faktiki 200852,73 manat təşkil edir. Bundan başqa müqavilənin ayrılmaz tərkib hissəsi olan 11 oktyabr 2024-cü il tarixli “qiymət razılaşma protokol”unun 1.5-ci bəndinə əsasən, alıcı hazırkı X2 ilə razılaşdırılan qiymət əsasında tərtib olunan elektron qaimə sənədlərində əks olunan aldığı malın cəmi dəyərini göstərilən qaydada ve müddətdə ödəmədikdə, satıcıya ödəmənin gecikdirilən hər 1 günü üçün 0,1 % məbləğində cərimə ödəyəcək. İddia ərizəsinə əlavə edilmiş hesablama cədvəlindən görünür ki, gecikdirmə nəticəsin hesablanan cərimə məbləği 113 327,47 manat təşkil edir. Eyni zamanda Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-də kredit xətti açılmışdır. Cavabdehin qanunsuz olaraq müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi əsas təyinatı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olan iddiaçının zərərə məruz qalmasına səbəb olmuşdur. Hazırda da aktiv şəkildə fəaliyyət göstərən cavabdeh iddiaçıdan mal alıb, həmin maldan qazanc əldə edib və faydalanmışdır. Nəticədə iddiaçı 100 000 manat pul vəsaitindən faydalana bilməmişdir. İddia ərizəsi məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən əsas borc ödənilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 389.1, 425-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək iddianın məzmununa uyğun izah verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X4 məhkəmənin baxış iclasında iştirak edərək maliyyə çətinlikləri ilə bağlı cavabdehin borc məbləğini vaxtında ödəyə bilmədiyini, lakin məhkəmə icraatının gedişində əsas borcun ödənildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin sonuncu baxış iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əldən çıxmış fayda və dəbbə pulunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli AN-75/23-S nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə onun sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X2nda adları və hər 1 (bir) tonuna uyğun qiymətləri (məbləğləri) göstərilmiş, heyvandarlıq və quşçuluqda istifadə olunan yem və yem əlavələrini satmağı, cavabdeh isə həmin malı müqavilə, eləcə də X2 ilə razılaşdırılmış qaydada və ünvanda təhvil alaraq qəbul etməyi və razılaşdırılmış qiymət və şərtlər əsasında, tərtib olunan elektron qaimə sənədində əks olunan malın cəmi dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli X2na əsasən malların dəyərinin elektron qaimələrin təqdim olunduğu tarixdən ən geci 10 təqvim günü ərzində köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 34420 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDW 339097 seriya və nömrəli, 93194,2 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023cü il tarixli EBDW 338181 seriya və nömrəli, ƏDV daxil olmaqla 97731,7 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 00092083 seriya və nömrəli, ƏDV daxil olmaqla 59303,9994 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 00197178 seriya və nömrəli, 158688 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 00273598 seriya və nömrəli, 105960 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 00296750 seriya və nömrəli, ƏDV daxil olmaqla 150011,9994 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2402 00051669 seriya və nömrəli, 4740 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2403 00052213 seriya və nömrəli, 128 332,5 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2405 11069990 seriya və nömrəli, 52260 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2410 10746666 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmiş, cavabdeh tərəfindən ayrı-ayrı elektron qaimələrə istinad edilməklə 683 789,67 manat ödəniş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatında olarkən əsas borc məbləğini təşkil edən 200852,73 manat xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqları əsasında tam ödənilmişdir.

12. İddiaçı 113 327,47 manat cərimə, 100 000 manat əldən çıxmış faydanının tutulmasını tələb edir.

13. Cavabdeh əsas borc məbləğinin ödənildiyini, qalan tələblərin rədd edilməsini xahiş edir.

14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.

15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

17. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

19. Lakin zərərin formasından asılı olaraq ayrı-ayrı əlavə meyarların da nəzərə alınması zəruridir.

20. Belə ki, əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Lakin hazırkı iş üzrə qeyd olunan hallar sübutlarla təsdiqlənmir.

21. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 113 327,47 manat əldən çıxmış faydanın tutulması hissəsində rədd edilməlidir.

22. Dəbbə pulu ilə bağlı tələbə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

23. xx.xx.2023-cü il tarixli AN-75/23-S nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli 03 saylı əlavənin 1.5-ci bəndinə əsasən, alıcı hazırkı X2 ilə razılaşdırılmış qiymət əsasında tərtib olunan elektron qaimə sənədlərində əks olunan aldığı “Mal”ın cəmi dəyərini satıcıya bu X1 1.3-cü bəndində göstərilən qaydada və müddətdə ödəmədikdə, “Satıcı”ya ödəmənin gecikdirilən hər 1 (bir) günü üçün 0,1 % məbləğində cərimə ödəyəcək.

24. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

26. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də sonuncu dəfə mal xx.xx.2024-cü il tarixdə verilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

27. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 10000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 10000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı

29. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 705 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

33. İş materialları ilə müəyyən olunur ki, malların dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonradan (məhkəmə icraatının gedişində) iddia tələbini təşkil edən əsas borc məbləğini ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

34. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 10000 manat cərimə məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar