Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8417/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, S192/23 saylı Alqı-Satqı Müqaviləsi əsasında 3043.98 manat əsas, 304.4 manat dəbbə pulu və 53.50 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 3401.88 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S192/23 saylı“Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 3043.98 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Qurbanzadə iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etdi. Daha sonra çıxışında bildirdi ki, cavabdehin onların satış təmsilçiləri olmuş Quliyev Samirə ödədiyi 3017,40 manat vəsaiti sonuncu kassaya mədaxil etməmiş, mənmisəmişdir, bu səbəbdən cavabdehin həmin ödənişlərini nəzərə alaraq qalıq əsas borcun tutulmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya hazırda 26 manat əsas borcu qaldığını göstərib iddianın qalan hissədə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəfindən iddiaçının satış təmsilçisi olmuş S.Quliyevə xx.xx.2023-cü ildə 1517,40 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat vəsait nağd qaydada ödənilmiş, S.Quliyev öz imzaları ilə pulu aldığını təsdiq etmişdir. Həmin ödənişlərin nəzərə alınmasını xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (təchizatçı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-ci il tarixli, S192/23 saylı təchizat müqaviləsinə görə təchizatçı malları alıcıya satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir.
7. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur.
8. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, təchizatçı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə gösərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, təchizatçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBCN 964029 nömrəli 2254,08 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 144239 nömrəli 428,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 383164 nömrəli 168 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 630497 nömrəli 740,88 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDB 049227 nömrəli 389,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDB 262779 nömrəli 236,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDB 487297 nömrəli 120,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDB 575535 nömrəli 330,96 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDB 778267 nömrəli 662,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDC 296044 nömrəli 350,37 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDC 529579 nömrəli 445,35 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDE 152010 nömrəli 688,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDF 306614 nömrəli 202,56 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDG 781577 nömrəli 294,96 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDH 828802 nömrəli 407,28 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 113,02 manat ədv, xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 101,07 manat ədv, xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 129,75 manat ədv, xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 105,02 manat ədv, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 152,54 manat ədv cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
11. İş materiallarında olan xx.xx.2023-cü tarixli ödəniş tapşırığına əsasən 720,86 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 583,47 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 627,87 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 847,46 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 561,51 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 142/25 nömrəli maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçıya qaytarılan malların ümumi dəyəri 733,17 manat təşkil edir.
13. X2 əmək müqaviləsi barədə bildirişə əsasən o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər iddiaçı MMC-də işləmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü ildən 2023-cü ilin dekabr ayına qədər iddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Cavabdehdən sifarişləri qəbul etmiş, ona çatdırılacaq malları qeyd etmiş, sürücülər malları cavabdehə aparıb təhvil vermişlər. Cavabdeh əvvəlcə ödənişləri nağdsız qaydada etmişdir. 2023-cü ilin oktyabr ayında rəhbərlik ona bildirmişdir ki, cavabdehdən ya borcu nağd qaydada alsın, yaxud malları geri götürsün. O da cavabdehdən xx.xx.2023-cü ildə 1517,40 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat vəsaiti nağd qaydada götürmüşdür. Cavabdehin qeyd kitabında bununla bağlı aparılmış qeydləri təsdiq edir, vəsaiti almaqla bağlı etdiyi imzalar ona məxsusdur, cavabdehin iddiaçıya ödənilməli borcu qalmamışdır. Sonra şirkətə gələrək pulu mühasibatlığa təhvil vermişdir. Şahid qeyd etmişdir ki, mühasib ona kassa mədaxil orderi verməli idi. Lakin müxtəlif bəhanələrlə həmin sənədlər ona təqdim edilməmişdir. O, həmin vəsaitləri iddiaçının mühasibinə vermişdir.
15. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
16. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, S192/23 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7719,72 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya 733,17 manat dəyərində olan mallar hər iki tərəfin razılığı ilə geri qaytarılmış, müqavilə üzrə cavabdeh ümumilikdə 3942,57 manat vəsait ödəmişdir.
17. İddiaçı iddia ərizəsində hazırda cavabdehin ona ödənilməli olan əsas borcunun məbləğinin 3043,98 olduğunu bildirir.
18. Cavabdeh isə iddiaya etirazında göstərmişdir ki, iddiaçıya əlavə olaraq 3017,40 manat vəsaiti nağd qaydada ödəmişdir.
19. Cavabdeh məhkəməyə sübut qismində qeyd kitabçasını, habelə şahid ifadəsini təqdim etmişdir.
20. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid S.Quliyev ifadəsində cavabdehdən xx.xx.2023-cü ildə 1517,40 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat vəsaiti nağd qaydada aldığını, bununla bağlı cavabdehin təqdim etdiyi kitabçada edilmiş qeydləri və etdiyi imzaları təsdiq etmişdir.
21. İddiaçının nümayəndəsi S.Qurbanzadə məhkəmə iclasında izahatında satış təmsilçilərinin ödənişləri almağa səlahiyyətli olduqlarını, cavabdeh tərəfindən edilmiş həmin ödənişlərin satış təmsilçisi tərəfindən mənimsənildiyini, iddiaçının kassasına mədaxil edilmədiyini, belə halın ilk olmadığını, göstərilən şahidə qarşı onların çoxsaylı iddialarının olduğunu, hətta bir iddia üzrə işin yekunlaşdığını, həmin şahidin mənimsədiyi 3000 manat vəsaitin onların xeyrinə ödəməli olması ilə bağlı qətnamə də qəbul edildiyini bildirdi.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
28. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
29. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehin nağd qaydada etdiyi ümumilikdə 3017,40 manat ödənişlər əsas borcdan çıxılmalı, cavabdehdən qalıq 26,58 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 304.4 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 30 manat müəyyən edilməlidir.
34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26,58 manat əsas borc və 30 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 23,50 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 26,58 manat əsas borc, 30 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 86,58 (səksən altı manat əlli səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 23,50 (iyirmi üç manat əlli qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova