Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8424/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə S151/23 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Təchizatçı (iddiaçı) Alıcıya (cavabdehə) mal satmağı, Alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürür. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Müqavilənin: 1.1. 1.2-ci bəndinə görə malların miqdarı, çeşidi, qiyməti və dəyəri ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə əks olunur; 1.2. 2.1-ci bəndinə əsasən malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan Spefikasiyalar əsasında ayrı-ayrı partiyalarla hissə-hissə həyata keçirilir; 1.3. 2.2-ci bəndinə görə malların təchizatı Təchizatçının yazılı şəkildə razılaşdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir; 1.4. 2.3-cü bəndinə əsasən Alıcı malların qəbulunu təmin etməyə, ona baxış keçirməyə, keyfiyyətini, çeşidini və kəmiyyətini (o cümlədən əlavələrin tamlığını) yoxlamağa borcludur. Bu “Müqavilə”yə əsasən tədarük olunan mallar lazımi keyfiyyətə malik olmalıdır. 1.5. 2.4-cü bəndinə əsasən mallar Təchizatçı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən Alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə Alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların Alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski Alıcının üzərinə düşür; 1.6. 4.1.-ci bəndinə görə bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların Təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində Təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, Alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. 1.7. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında, cəmi 3748,36 manat məbləğində mallar cavabdehə təhvil verilməsi əks olunmuş, akt cavabdehin özü tərəfindən imzalanmışdır.
2. İş materiallarına əlavə edilmiş “Müştəri sifarişi” adlı sənədlərdə iddiaçı tərəfindən, ümumilikdə 3798,36 manat (ƏDV daxil) məbləğində (xx.xx.2023-cü il tarixdə 1588,14 manat, xx.xx.2023-cü il tarixdə 543 manat, xx.xx.2023-cü il tarixdə 1552,5 manat, xx.xx.2023-cü il tarixdə 114,72 manat) spirtli içki məhsullarının cavabdehə təhvil verilməsi qeyd edilmiş, həmin sənədlər cavabdeh (onun nümayəndələri) tərəfindən imzalarıməşdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3798,36 manat məbləğində elektron qaimələr göndərilmişdir.
3. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən cəmi 150 manat ödəniş həyata keçirilmişdir.
4. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması haqqında akt tərtib edilmiş, lakin akt yalnız cavabdeh tərəfindən imza ilə təsdiq edilmişdir.
5. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin həmin tarixə iddiaçıya olan borcu 3598,36 manat təşkil etmiş, akt hər iki tərəfdən imza və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı xx.xx.2023-cü il tarixli, S151/23 saylı Alqı-Satqı Müqaviləsi əsasında 3598.36 manat əsas, 359,84 manat dəbbə pulu və 62 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 4020.20 manat pulun cavabdehdən tutulması barədə sonradan dəqiqləşdirməklə (xx.xx.2025) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında S151/23 saylı “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 3798.36 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında 1570 manat məbləğində malları geri qaytardığını, qalan ödənişləri iddiaçının işçisi olan Vəliyəddin adlı şəxsə ödədiyini, hazırda cəmi 740 manat borcu qəbul etdiyini bildirmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
18. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. Tərəflər arasında mübahisə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır.
25. MM-nin 386.1-ci maddəsindən də, göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
26. Mülki Məcəllənin 567-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
27. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə S151/23 nömrəli təchizat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə mal satmağı, cavabdeh isə malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, cəmi 3748,36 manat məbləğində mallar cavabdehə təhvil verilmiş, akt cavabdehin özü tərəfindən imza ilə təsdiq edilmişdir. Həmçinin İş materiallarına əlavə edilmiş “Müştəri sifarişi” adlı sənədlərdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3798,36 manat (ƏDV daxil) məbləğində (xx.xx.2023-cü il tarixdə 1588,14 manat, xx.xx.2023-cü il tarixdə 543 manat, xx.xx.2023-cü il tarixdə 1552,5 manat, xx.xx.2023-cü il tarixdə 114,72 manat) spirtli içki məhsulları cavabdehə təhvil verilmiş, qeyd edilən sənədlər cavabdeh (onun nümayəndələri) tərəfindən imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3798,36 manat məbləğində elektron qaimələr göndərilmişdir.
29. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə olan borcu 3598,36 manat əsas, 359,84 manat dəbbə pulu olmaqla ümumilikdə 3958,2 manat təşkil edir.
30. Beləliklə iddiaçı razılaşdırılmış növdə, miqdarda və məbləğdə spirtli içki məhsullarını cavabdehə təhvil verməklə müqavilə üzrə götürdüyü öhdəliyini icra etmişdir. Cavabdeh isə müqaviləyə əsasən malları təhvil almağa dair hüququndan istifadə etmiş, lakin müqavilənin 4.1-ci bəndinə əsasən, malalrın satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində, lakin ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamaqla onun dəyərini ödəməklə bağlı öhdəliyini lazımınca yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən cəmi 150 manat ödəniş həyata keçirilmişdir.
31. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin həmin tarixə iddiaçıya olan borcu 3598,36 manat təşkil etmiş, akt hər iki tərəfdən imza və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
32. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz izahatında 1570 manat məbləğində malları geri qaytardığını, qalan ödənişləri iddiaçının işçisi olan Vəliyəddin adlı şəxsə ödədiyini və hazırda cəmi 740 manat borcu qəbul etdiyini və buna dair akt tərtib olunduğunu bildirsə də, qeyd edilən halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. O cümlədən, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması haqqında akt tərtib edilmiş, lakin akt yalnız cavabdeh tərəfindən imza ilə təsdiq edilmişdir. Odur ki, iddiaçı 3598,36 manat məbləğində əsas borcun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.
33. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
35. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 50 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
36. Məhkəmə hesab edir ki, ödənilmiş 62 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, S151/23 saylı Alqı-Satqı Müqaviləsi əsasında 3598,36 manat əsas, 50 manat dəbbə pulu və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, cəmi 3710,36 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı